إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Binali Yıldırım: Azərbaycan torpaqlarının 20 faizini işğal edən Ermənistana “dur” deməyin vaxtı çatıb

Bu gün prezident İlham Əliyev və Azərbaycana rəsmi səfərə gələn Türkiyənin baş naziri Binəli Yıldırım arasında təkbətək görüş olub.

Ahlibeyt.az-ın məlumatına görə, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş keçirilib.

Prezident İlham Əliyev B. Yıldırımı yüksək vəzifəyə təyin olunması münasibətilə təbrik edib: “Çox şadam ki, ilk rəsmi səfərinizi məhz Azərbaycana edirsiniz. Bu, bir daha göstərir ki, iki ölkə arasında münasibətlər yüksək səviyyədədir. Bizim məqsədimiz Türkiyə-Azərbaycan birliyini daha da möhkəmləndirməkdir. İqtisadiyyat, nəqliyyat və digər sahələrdə uğurla əməkdaşlıq edirik. İki ölkənin münasibətləri bu gün yüksək səviyyədədir. Enerji və nəqliyyat layihələri uğurla icra edilir. İnanıram ki, yaxın vaxtlarda böyük əhəmiyyətə malik bu layihələrin açılışını edəcəyik. Türkiyə-Azərbaycan birliyi bölgədə sabitliyi möhkəmləndirir ”.

Görüş zamanı Türkiyənin yeni seçilmiş baş naziri Binali Yıldırım bildirib ki, “Azərbaycan və Türkiyə əlaqələri keçən 25 il ərzində irəliyə doğru bir çox sahədə böyük məsafə qət edib”.

Baş nazir Qarabağ probleminə də toxunub. B.Yıldırım deyib ki, Türkiyə bu işin ən yaxın izləyicisidir. "Hər dəqiqə toplanan qurumlar müzakirə mövzusu Azərbaycan və Türkiyə olduğu halda müzakirələrdən  yayınırlar. Azərbaycan torpaqlarının 20 faizini işğal edən Ermənistana “dur” deməyin vaxtı çatıb.

Baş nazir Almaniya parlamentini ötən gün qəbul etdiyi “soyqırım” qərarına da münasibət bildirərkən deyib ki, Bundestaq tarixi  bir yalana imza atıb. “Bu məsələni beynəlxalq aləm daha ciddi müzakirə etməlidir. Tarixi cəhətdən mübahisəli olan bu məsələdə Almaniya parlamentinin qərarı Ankara və Berlin münasibətlərinə zərər verəcək. Azərbaycana Almaniya parlamentinin qəbul etdiyi qərara ən yüksək səviyyədə münasibət bildirdiyi üçün təşəkkür edirəm. Azərbaycan torpaqlarındakı qətliamı görməmək ədalətsizlikdir. “Xocalı soyqırımını niyə gündəmə gətirmirlər?  Burada ikili standartlar olduğunu görürük.

Azərbaycanın dostu dostumuz, düşməni düşmənimizdir. Dağlıq Qarabağ məsələsində hər zaman Azərbaycanı dəstəkləyirik”.

Görüş daha sonra qapalı şəraitdə davam edib.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 İyun, 2016  17:43 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!