إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Rafiq Tağının qətli kimə lazım idi?

“...Azadlıq və humanizm ideyaları, sən demə, Avropada yaranmış, yalnız burada işlək və realdır. Mənəvi postulatları bu ideyalarla üst-üstə düşdüyündəndi ki, xristianlıq Avropada oturuşmuş hala gəlib. Başqa heç bir din Avropada yeriməz, intişar tapa bilməz. Avropa başqa dinlərin, o cümlədən islamın yalançı humanist ideyalarını həmişə rədd edib və edir. İslamda əxlaq hoqqabazlıqdır; ondakı humanizm inandırıcı deyil. İslam humanizmi meyarları hətta əzbərlədiyimiz-öyrəşdiyimiz dialektik materialist tənqidlərə də tab gətirmir. İslam Şərq despotizmi tipindədir və yalnız despotizmin modifikasiyalarından biri sayıla bilər. İslam Avropada heç vaxt mənəvi imperativə çevrilməz; buna qadir deyil. Onu Ottoman imperatorluğunun çiyinlərində bütün Avropada tabut kimi gəzdirdilərsə də, qoymağa yer tapmadılar. Yenə gətirib Şərqdə – üzü qibləyə yerləşdirdilər. İsa Peyğəmbərə tapınan kəs heç vaxt Məhəmməd Peyğəmbərə burun silməz. İsa Peyğəmbərlə müqayisədə müharibə fətvalarının atası Məhəmməd Peyğəmbər, sadəcə, qorxunc bir məxluqdur. İslam Avropada olsa-olsa xırda demoqrafik addımlarla irəliləyər. Bəlkə elə də ölkə olar ki, orada islamı tək-tək fiziki şəxslər, ya inkoqnito yaşayan terroristlər təmsil edər…” (Rafiq Tağı. “Avropa və biz”, “Sənət” jurnalı, oktyabr 2006-cı il). 

 2006-cı ildə Avropada Həzrət Peyğəmbərə (s) edilən karikatura həqarətlərindən sonra “Sənət” jurnalında Rafiq Tağının imzası ilə dərc olunan bu məqalə Azərbaycanda böyük səs-sədaya səbəb oldu. Azadlığın və humanizmin yalnız xristian Avropasında işlək olduğunu düşünən bu yazar nə biləydi ki, karikatura olayları Qərb dünyasının dəyərlər sistemindəki transformasiyaların ilk təzahürüdür. Tolerantlıq dəyəri Avropanın boğazında ilişib qalıb, onu nə uda, nə də tüpürə bilir. Həm də Reformasiya dönəmindən sonra xristianlıq Avropada din və ya dünyagörüşü deyil, adət-ənənədir. Qərb xristian dininin deyil, materilist dünyagörüşünün daşıyıcısıdır. Əgər İslam Rafiq Tağının düşündüyü kimi tabuta qoyulubsa, onda proqressiv Qərb bu tabutun nəyindən qorxur? İslam düşünülən qədər aciz deyil. Hərçənd Rafiq Tağı həm yaşaması, həm ölməsi ilə bunun əksini sübut etməyə çalışdı. 

Avropalıların Peyğəmbərə (s) qarşı hörmətsizliyi anlaşılandır, çünki İslam Qərb mədəniyyəti müqabilində alternativ kimi çıxış edə biləcək yeganə məktəbdir. Əlbəttə, nə qədər ki, bu mədəniyyət beşiyindədir onu boğmaq lazımdır, əks təqdirdə Pax Americana öncəki “paks”lar kimi tarixə gömürüləcək. Bəs Azərbaycanda İslam əleyhinə yazı yazmağa nə lüzum var idi?  Müsəlman ölkəsi olan Azərbaycanda belə bir hərəkətin cəmiyyətdə şok effekti yaratması təbii idi. Hətta sovetlər dönəmində İslam əleyhinə təbliğatda bu cür kobud səhvlərə, heç bir elmi çərçivəyə sığmayan səthi tənqidlərə və təhqirlərə yol verilmirdi. Çünki, istənilən əqidəyə qarşı səslənilən tənqidi fikir əxlaqa və elmə əsaslanmalıdır. “Avropa və biz” yazısının müəllifi İslamı müharibə, cəhalət, vəhşilik və gerilik təlimi kimi təqdim edən nə ilk, nə də son insandır. Müsəlmanların etiqadına qarşı daha sərt və daha cəlbedici fikirlər səslənib və səslənir, Rafiq Tağının yazısı isə, tarix və fəlsəfədən bir qədər başı çıxan şəxs üçün fikir formalaşdıracaq qədər gücə malik deyildi. Böyük səs-sədaya səbəb də, onun Peyğəmbəri (s) tənqid etməsi deyil, təhqir etməsi idi. Həmin hadisələri yada salan mətbuatımız nədənsə yalnız dindar zümrənin etirazlarından, Nardarandakı təhdidlərdən danışır. Güya hamı bu yazıdan məmnun idi, nardaranlılardan və İran ayətullahlarından başqa. Elə o zamanda qeyd olunan yazıya etiraz edənlər ziyalılar oldu, çünki bu məmləkətin ziyalısı heç zaman dinə düşmən olmayıb, dinsiz olanı da, əxlaqsız olmayıb. Bu barədə bir qədər sonra. İndi isə baxaq hadisələrin gedişatına.

 

Məlum yazıdan sonra Rafiq Tağının ünvanına təhdidlər yağdırıldı. Yazıçı özü isə İslamı deyil, fanatizmi tənqid etdiyini, İslam dəyərlərinin ümumbəşəri olduğunu dilə gətirdi, hələ üzr də istədi. Amma, söz ağızdan çıxmışdı. Etirazlardan sonra Rafiq Tağı və yazının dərc olunduğu nəşrin baş redaktoru həbs edildilər (düzdü, bir ildən sonra hər ikisi əfv edilərək azadlığa buraxıldı). Əksər hallarda olduğu kimi, ölkədə bir hadisə baş verəndən sonra hay-küy qalxdı, sonra isə vəziyyət sakitləşdi, hər şey unuduldu. Nə Rafiq Tağı, nə də onun yazısı heç kəsin yadına düşmürdü. Həyat öz axarı ilə davam edirdi. Beş ildən sonra, 2011-ci il noyabrın 19-u yazıçının bıçaqlanması barədə xəbər yayıldı. Zərərçəkmişin ifadələrindən bəlli oldu ki, o işdən qayıdarkən naməlum şəxs tərəfindən yaxalanıb qarın və bel nahiyəsindən bıçaqla zərbə almışdı. Zərərçəkmişin bədənində yeddi bıçaq yarası aşkar edilmişdi. Hücum edən şəxs onunla nə bir kəlmə söz danışmış, nə ondan nəsə oğurlamışdı. Özünü evə çatdıran yazıçıya təcili tibbi yardım göstərilmişdi. Həkimlərin bildirdiyinə görə, Rafiq Tağının həyatına heç bir təhlükə yox idi, ona görə də onu reanimasiyadan çıxartdılar(!). Lakin bir neçə gün sonra, noyabrın 23-ü yazıçı öldü.

 Bu dəfə də ölkədə ajiotaj yarandı – yazıçını kim qətlə yetirdi? Nədənsə beş il öncəki hadisələr yada salındı və bütün şübhələr yönəldi islamçıların üzərinə. Rəsmi istintaq heç bir məlumat yaymasa da, bir sıra media nümayəndələri “islamçı faktorunu” qabartmağa çalışdılar. Hərçənd, Peyğəmbərin (s) təhqir olunmasına görə yazıçını öldürmək istəyən bu işi elə beş il əvvəl görə bilərdi. Həm də, qətldə “dini” faktorla yanaşı, “siyasi” faktor da rol oynaya bilərdi. Yazıçının hökumət əleyhinə səsləndirdiyi fikirlər heş kəsə sirr deyil (2004-cü ildə o, Yazıçılar Birliyindən xaric edilmişdi). Qətldə İranın da maraqlı olması barədə fikirlər səsləndirildi. Ələxüsus xəstəxanada ikən yazıçı bildirmişdi ki, ona qarşı hücumu İran əleyhinə yazdığı son məqaləsi ilə əlaqələndirir. Amma yenə də, Rafiq Tağı elə də ciddi rəqib deyil ki, onun fiziki məhvi ilə kimlərsə nələrsə udsun. Onun yazıları nə islamçının, nə yapçının, nə irançının, nə turançının belə bir addım atmasına səbəb ola bilməzdi. Ağıla gələn ilk cavab ya Rafiq Tağının ya da islamçıların qurbanlıq keçisi olmasıdır.

Son illərdə Məhərrəm ayı öncəsi ölkədə dindarların heysiyyatına toxunan hansısa addımın atılması adət halı alıb. Gah məscidin söküləcəyi, gah azan və mərsiyələrin səsgücləndirici vasitəsi ilə oxunmasının qadağası, gah hicablı qızların məktəblərə buraxılmaması və s. barədə xəbər yayılırdı. Daha sonra dindarlar etiraz edir, həbslər başlayır, mətbuatda dindarların Azərbaycanda az qala teokratiya qurmaq ərəfəsində olmaları barədə yazılar gedir. İctimai müzakirələr başlayır, ziyalılar iki hissəyə bölünür, bir dəstə dini dəyərləri müdafiə edir, bir dəstə tənqid. İnanclı vətəndaşların xarici ölkələrin əlində oyun-oyuncaq olduqları bildirilir. İndi isə hələ qatilin kimliyi məlum olmamışdan ölkə mətbuatı “islamçı izini” təbliğ etməkdədir, sanki ictimaiyyətin fikrini başqa istiqamətə yönəlməsinə qəsdən mane olur.  Digər yandan da, görkəmli alim Ziya Bünyadovun qətlindən sonrakı hadisələr göz önünə gəlir. Görünür bu dəfə də kimlərsə öz cinayətini dindarın üzərinə atmağa çalışır, yaxud da din sahəsində yeni siyasi oyunlar üçün zəminə yaradır. 

Samir Pənahov

salaminfo.az

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Noyabr, 2011  22:03 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!