إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Münafiq kimdir və onu necə tanımalı?..

Qurani-kərimdə insanların üç qismə - mömin, münafiq və kafir təbəqələrinə bölündüyünü bilirik. O da məlumdur ki, Allaha həqiqi iman gətirənlər mömin, Allahın varlığını inkar edənlər isə, kafir adlanır. Bəs münafiq kimdir? «Münafiq» sözü riyakar, ikiüzlü mənalarını verir. Quran ayələrində bu təbəqə haqqında belə buyurulur: «Allah münafiqlərin xalis yalançı olduqlarına şəhadət verir», «Onlar dildə iman gətirdilər, qəlblərində isə kafir oldular».

Bütün dövr və cəmiyyətlərdə münafiqlər olmuşdur. Onlar həmişə insanlar arasında nifaq salmış, öz gizli düşmənçilikləri ilə İslam dininə kafirlərin vura bilməyəcəkləri zərbələri vurmuşlar.

Münafiq Islam mənbələrində ən qorxulu və təhlükəli düşmən kimi təsvir edilir. Çünki kafiri sözündən və əməlindən tanımaq olur; buna görə də ondan qorunmaq asandır. Münafiq isə ciddi-cəhdlə pərdələndiyi üçün onu ifşa etmək, tanımaq və şərindən xilas olmaq çətindir. Münafiq öz fəaliyyətini gizli həyata keçirir, möminlərin zəif cəhətlərini öyrənir və həmin nöqtələrdən onlara zərbə vurur. Münafiq dildə iman etdiyini söyləyir. Imanını elan etmiş şəxs isə hüquqi cəhətdən müsəlman sayılır; buna görə onunla müsəlman kimi davranırlar. Amma münafiqin qiyamətdəki aqibəti özünü təqdim etdiyi təsvirə əsasən yox, əsl mahiyyətinə görə olacaq.

Bəs onları necə tanımalı? Ayə və hədislərə əsaslanaraq, münafiqlərə məxsus beş sifəti qeyd etmək olar:

1. Böyük iddialarda olar, çox danışıb, az əməl edərlər

2. Bir mühitə düşdükdə o mühitin rəngini alar, həmin cəmiyyətin xoşladığı sözləri danışar, möminlərə «biz iman gətirdik», müxaliflərə «biz sizinləyik» deyərlər

3. Özlərini xalqdan ayırar, gizli məclis və cəmiyyətlər təşkil edərlər

4. Hiyləgərlik edər, yalan danışar, xəyanət edərlər;

5. Özünü elmli, xalqı cahil, özünü ağıllı, xalqı isə, axmaq hesab edər.

Quranda münafiqlərin dəhşətli aqibəti də nəzərdən qaçırılmayıb: “Əlbəttə, münafiqlərin yeri cəhənnəmin ən aşağı təbəqəsindədir. Sən heç vaxt onlara yardım edən tapmazsan!” (Nisa, 145). “(Ya Peyğəmbər) Sən onların bağışlanmasını diləsən də, diləməsən də, onlar üçün fərqi yoxdur. Onsuz da Allah onları bağışlamayacaqdır. Şübhəsiz ki, Allah fasiq qövmü doğru yola yönəltməz!” (Müna¬fiqun, 6).

Imam Cəfər Sadiq (ə) Həzrət Mühəmməd Peyğəmbərdən(s)nəql olunan bir hədisə əsasən münafiqin xüsusiyyətlərini belə təsvir edir: “Hər kimdə bu üç xüsusiyyət varsa, – hətta namaz qılıb, oruc tutub, özünü müsəlman kimi göstərsə də – münafiqdir: Ona etibar etsən, xəyanət edər; hədis (rəvayət) danışsa, yalan söyləyər; vəd versə, vədinə xilaf çıxar”.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Aprel, 2016  14:04 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!