إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

“Küfr edən imana gəlməz...”

Bu həftə baş verən qalmaqallı bir qətl hadisəsi yəqin ki, uzun zaman Azərbaycan gündəmindən çıxmayacaq. Üç gün əvvəl yazıçı Rafiq Tağı naməlum şəxslər tərəfindən hücuma məruz qaldı və sonra müəmmalı şəkildə xəstəxanada vəfat etdi. Bu hadisənin baş vermə ardıcıllığıdır. İndi qalır məsələnin qətl üzərində dartışmalara səbəb olan versiyaları.

Əvvəlcə onu qeyd edək ki, heç bir ehtimal hər hansı faktın doğru olduğu qənaətinə gətirə bilməz. Bütün ehtimalların aradan qalxıb yerini fakta buraxması üçün dövlət bu qətli törədəni müəyyən edib cəzalandırmalı, qətlin arxasında duranları da ya zərərsizləşdirməli, ya da gücü yetmirsə, heç olmazsa cəmiyyətə elan etməlidir. Çünki öldürülən adam ictimaiyyətin tanıdığı, adı qalmaqallı hadisələrdə hallanan biridir. Deməli, hakimiyyətin bəzi təmsilçilərinin dediyi kimi, cinayət “qonşu davası zəminində” törədilməyib. İndi keçək başqa məsələyə. Dünən Rafiq Tağı tərəfdarları (yaradıcı mühitdə onunla dost olanlardan söhbət gedir) bir kampaniyaya başladılar. Dünyasını dəyişmiş bir insan haqqında onun unudulmaması, xatırlanması üçün səmimi şəkildə ortaya atılan bütün ideyalar dəstəklənməlidir.

Lakin Rafiq Tağının imzasını yaşatmaq iddiasında olub, onun adı ilə məqalələr yazan şəxslərin birincisi dərc etdirdiyi yazı ilə ilk növbədə dünyasını dəyişmiş insanın ruhu təhqir edildi. Yazının bütün mahiyyəti hadisənin dindarlar tərəfindən törədildiyi versiyasını mütləq həqiqətə çevirmək cəhdi altında isterik yanaşma idi. Mövqenin bu şəkildə təzahürü təkcə dindar təbəqənin tapındığı dəyərləri təhqir etmək cəhdi deyil, həm də baş verən hadisə ilə bağlı cəmiyyətdə ola biləcək qorxulu meylləri qızışdırmaq cəhdidir. Bu hadisədən sonra cəmiyyət bir qorxulu tendensiya ilə üz-üzədir. Məqsədli şəkildə bir qrup dindar kəsimə qarşı nifrət yaratmağı körükləyir. Lap tutaq ki, qətli törədən şəxs dindar biridir, bu cinayətin olması bütün dindarların üzərinə hücuma səbəb olmalıdır bəyəm? Dini inanca görə günah etmək və bunun cəzasını çəkmək fərdi xarakter daşıdığı kimi, cinayət etmək və onun da cəzasını çəkmək fərdi mahiyyət daşımalıdır. Altı bıçaq zərbəsi ilə xəstəxanaya yerləşdirilən Rafiq Tağıya burdakı münasibət də gərək diqqətdən kənarda qalmasın.

Ağır yaralı halda reanimasiyada saxlanılan adamın yanına hamının buraxılması, onu danışdırmaq cəhdi, çəkilişlər aparmaq kimi tibbi səhlənkarlığı qınayan münasibətlər də bildirildi. Vəziyyəti düzəlməyən xəstənin ümumi palataya köçürülməsi də qınandı. Bu məsələyə də xüsusi diqqət çəkmək lazımdır. Bütün hallarda ehtimalların hər biri ciddi şəkildə araşdırılmalıdır. Mənim münasibət bildirmək istədiyim məqam isə dindarları aşağılamağa yönəlmiş məqsədli qrup ədəbsizliyidir. Etiket qaydasını bir nəfər pozanda ondan üz çevirib getməklə də bəlkə ona etiraz etmək olar. Bəlkə də, bir dostumuzun “mən ölülər haqqında danışmıram” söylədiyi kimi, bu şəkildə həmin şəxsin ədəbsizliyinə göz yummaq mümkündür. Lakin bu vərdiş artıq bir qrupun ictimai və fərdi davranışlarında mənəvi keyfiyyətləri tapdaq altına salmaq kimi qorxulu halları meydana gətirirsə, artıq bu hal cəmiyyətin tərbiyəsində aşınmalara yol verəcək qədər təhlükəli meyl yaradır. Bütün ədəbsizliklərlə ədəbli şəkildə davranmaq olmur. Emosional hərəkətlərlə təhqirlərə məruz qalanın cavab vermək istəyi cəmiyyətin təzyiqinin yuxarı şkalaya doğru yönəlməsinə səbəb olur. Dindarlara qarşı ortaya atılan başqa bir çürük iddia daha var.

“Ölkədə məscidlər dağıdılır, dindarlar təqib olunur, amma bir dindar buna etiraz eləmir” məlumatsızlığı təkcə düşüncədən irəli gələn xəbərsizlik tendensiyası deyil. Bunu deyənlər ölkədə təkcə bu il ərzində ayrıca olaraq inanclı insanların vicdan azadlığı uğrunda etiraz aksiyalarını, bu aksiyalarda dindarların necə vəhşiliklə üzləşdiyini, al-qanlar içində kameralar tərəfindən görüntülənən anlarını da izləyiblər. Yəqin o adamlar bilmir ki, dindar təbəqə cəmiyyətdən təcrid olunmuş kəsim deyil. Cəmiyyət ölkədə baş verənlərə nə qədər adekvatdırsa, bu ölkənin dindarı da o qədər fəaldır. Bu yerdə dindarlara qarşı irəli sürülən ittihamlara qarşı bir-iki nümunə ilə də cavab vermək zorundayam. Hətta bu misalların o kəslərin davranışlarında müsbət dəyişikliyə səbəb olmayacağını bilsəm belə. Azərbaycanda siyasi azadlıqlar uğrunda mübarizəyə qalxıb, etiraz aksiyaları zamanı həbs olunan Məhəmməd Məcidli və Babək Həsənov da dindardır. Bu adamların təkcə məhkəmə zamanı nə qədər qətiyyətli olduğu hadisələrə diqqətlə yanaşan hər kəsin xatirindədir. Məsələni bir qədər də kəskin qoyub qeyd etmək istəyirəm ki, dindarlara qarşı duran bu qrup üzvlərinin bütünlükdə fəaliyyəti belə o iki şəxsin mübarizəsi ölçüsündə deyil. Kölgəsini qamçıladığı yazıçıların “bayrağı altına girmək”, acizənə şəkildə barışıq çağırışları bu tip insanların mahiyyətini üzə çıxaran amildir. Mübariz İbrahimov da inanclı, dindar insan idi. Ailəsinin də dini inancalara sahib olduğu, Allahın buyurduğu şəkildə yaşamağı həyat normasına çevirmiş şəkildə qəhrəmanlıq nümunəsi göstərən bir dindar...

“Vətəni sevmək imandandır” hikmətinə şəhadəti ilə tapınan, Azərbaycanın ən yeni tarixində hələ analogiyası ortaya çıxmayan şücaət göstərmiş bu insan cəmiyyətimizin, bundan əlavə də dindar kəsimin təmsilçisidir. İnanclı insanların bir çoxu imanın ağıldan əvvəl gəldiyinə inanır. İnanclılar dini həqiqətlərin anlaşılması, onları dərk etmək baxımından “anlamaq üçün inanıram” Klemens təfəkkürü mənimsəmiş mötədil düşüncə sahibləridir. Həyatını fiedizm (imançılıq) üzərində yaşayan insanlara qarşı etiketdən kənar savaş açmaq, neytral qalmış böyük çoxluğa yersiz nümunə göstərmək cəhdidir. Böyük amalları, mənəvi dəyərləri təhqir etmək üçün bu yol seçilibsə, çox uğursuz və yersiz inanclara söykənən davranış tərzidir. Ömrü qırx gün olan bu davranış tərzini sərgiləyənləri bir neçə ildən sonra kimsə xatırlamayacaq. Bu da mənim inamımdı. Azərbaycanın böyük mütəfəkkiri Şəmsəddin Təbrizi yazır: “Getdiyim hər yerdə istər müsəlman, xristian, yəhudi, istərsə də məcusi olsun, mütləq bir vəli vardır. Onlar dini və cismani fərqliliklərindən o tərəfə keçiblər. Vəli dediyin bütün bəşəriyyətin rəhbəridir”. Həqiqi mömin insana Yaradanın bir əsəri olaraq qiymət verir. Onun əsəbləri ilə nə qədər oynasalar belə, sahibinə görə sayğı göstərməyi el məsəlindən öyrənib, ona qarşı yersiz davranışlara səbr edər.

Rəsul Mirhəşimli/islam-azeri.az

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Noyabr, 2011  18:47 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!