إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

"Bu cinayəti törədənin dinlə heç bir əlaqəsi yoxdur"

“İndiyə qədər Azərbaycanda dini zəmində qətl olmamışdı. Çox təəssüf ki, belə bir halla rastlaşdıq”. Bu sözləri “Mənəvi Dünya” İctimai Birliyinin sədri, Bakının Məşhədi Dadaş məscidinin imam-camaatı Şahin Həsənov yazıçı Rafiq Tağının ölümündən danışarkən deyib.

Şahin Həsənov qətllə bağlı birmənalı fikir söyləməyə çətinlik çəkdiyini vurğulayıb: “Qətli kim törədib, onu sifariş edənlər kimlərdir, hadisənin arxasında kimlər dayanır... İlkin ehtimalım budur ki, bu işdə Azərbaycan cəmiyyətində iğtişaş yaratmaq istəyən kənar qüvvələrin - dindarlarla dövlət arasında münasibətlərin pozulmasını, ölkədə gərginlik yaranmasını istəyənlərin əli ola bilər.

Qeyd etmək istəyirəm ki, bu cinayəti törədənin dinlə heç bir əlaqəsi yoxdur. Bu addım eyni zamanda islamı ölkə vətəndaşlarının gözündən salmağa hesablanıb. Çünki bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da dinə maraq artır, insanlar dini dəyərlərə üz tuturlar. Sovet hakimiyyəti illərindən sonra Azərbaycan xalqı islamla tanışlıq mərhələsi yaşayır. Belə bir dövrdə dinimizi qaralamaq kimlərəsə sərf edir. Kimin törətməsindən asılı olmayaraq bu qətl təəssüf doğuran haldır.

Mən ümid edirəm ki, bu xoşagəlməz hadisədən hər kəs ibrət götürəcək. Eyni zamanda, dini məsələlərdə bir az həssas olmaq lazımdır. Bizim əsrlər boyu yaşatdığımız dəyərlərə həqarətlə yanaşmaq bəzən pis nəticələrə gətirib çıxarır.

Onu da yaddan çıxarmayaq ki, qadağaların artması əks tərəfin radikallaşmasına səbəb olur. Ona görə də azadlıqların tanındığı cəmiyyətlərdə belə hadisələr nadir halda baş verir, yaxud ümumiyyətlə baş vermir”.

Şahin Həsənovun fikrincə, bu hadisədən sonra təcili olaraq din və dövlət arasındakı münasibətlərin tənzimlənməsi üçün addımlar atılmalıdır: “İnanclı insanların radikal kütləyə çevrilməməsi üçün onların haqqı tanınmalıdır, onlar özlərini bu ölkənin tam hüquqlu vətəndaşları kimi hiss etməlidirlər. Belə mövzularda polemikaların keçirilməsinə, hər kəsin öz fikirlərini açıq şəkildə söyləməsinə, ortaq məxrəcə gəlməsinə ehtiyac var. Eyni zamanda islam dinini ayrı-ayrı şəxslərin inhisarından çıxarmaq lazımdır. Din bütün xalqa məxsusdur, ziyalılar, Azərbaycan cəmiyyəti ona sahib çıxmalıdır. Qütbləşmənin yaranmasına qətiyyən yol vermək olmaz. Çalışmaq lazımdır ki, xarici qüvvələr Azərbaycan xalqının öz milli-mənəvi dəyərlərinə qayıdışına müdaxilə edə bilməsin, xarici dövlətlər din adı ilə vətənimizdə öz maraqlarını təbliğ etməsin.

Azərbaycanda dini dəyərlərin təbliğinə şərait yaradılmaldır ki, kənardan kimsə mövcud boşluğu doldurmaq şansı qazanmasın. Bu, çox sadə məsələdir. Əgər boşluqlar, qadağalar varsa, insanlar xaricə üz tuturlar və bununla da ölkəyə din adı altında başqa ideologiyalar daxil olur. Sözsüz ki, bu, kənardan idarə olunan prosesdir”.

2011-ci il noyabrın 19-da naməlum şəxslər yazıçı Rafiq Tağını Bakıda bıçaqlayıb. Noyabrın 23-də yazıçı müalicə olunduğu 1 saylı xəstəxanada (Klinik Tibb Mərkəzi) vəfat edib. Son illər Rafiq Tağının yazılarındakı dini tənqidlər bir sıra mübahisələr doğurub. 2006-2007-ci illərdə belə yazılarından birinə görə o, həbsdə yatıb. Rafiq Tağının ölümünə səbəb olan bıçaqlanmanın da onun yazılarındakı dini motivlərlə bağlı olduğu güman edilir.

mediaforum.az

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Noyabr, 2011  21:58 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!