إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İslam Əməkdaşlıq Təşkilatının sessiyasında xərçənglə mübarizənin vacibliyindən danışılıb - Foto

Aprelin 14-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının XIII Sammiti çərçivəsində “Xərçəng xəstəliyi ilə mübarizədə birinci xanımların liderliyi” mövzusunda sessiya keçirilib.

Ahlibeyt.az-ın Azertac-a istinadən məlumatına görə, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva sessiyada iştirak edib.

Sessiya müqəddəs “Qurani-Kərim”dən ayənin oxunması ilə başlayıb.

Sessiyanı açan Türkiyənin birinci xanımı Əminə Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən XIII Sammitinin əhəmiyyətini vurğuladı və bu Zirvə görüşündə İslam ölkələrinin birinci xanımlarını görməkdən məmnun olduğunu dedi. Əminə Ərdoğan müsəlman cəmiyyətlərini maraqlandıran ortaq problemlərin mövcudluğunu bildirdi.

Ə.Ərdoğan İslamın terrorla eyniləşdirilməsindən təəssüfləndiyini bildirərək islamofobiyanın müsəlmanlara qarşı yönəlmiş təhlükəli addım olduğunu diqqətə çatdırmış və qeyd etmişdir ki,"İslam aləminin və insanlığın rifahı bizim səylərimizdən asılıdır.İslam dünyası malik olduğu potensialın fərqinə varmalı, müsəlmanlar öz dəyərlərini qorumaq üçün birləşməlidirlər".

Xərçəng xəstəliyi ilə mübarizə mövzusunda sessiyanın keçirilməsinin əhəmiyyətini qeyd edən xanım Ə.Ərdoğan bu xəstəliklə mübarizənin bütün dünya üçün önəmli məsələ olduğunu bildirərək xəstəliyinin qarşısının alınması,müalicəsinin mümkünlüyünü bildirərək və bu sahədə həyata keçiriləcək ilk tədbir kimi məlumat bankının yaradılması təşəbbüsünü irəli sürdü.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva sessiyada çıxış edərək ölkələr üçün önəmli mövzuya həsr olunmuş sessiyanın təşkilinə və bu tədbirdə iştirak üçün dəvətə görə xanım Ə.Ərdoğana təşəkkürünü bildirərək İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin xalqlarına dərin hörmətimi və ən xoş arzularını çatdırmışdır.

M.Əliyeva  çıxışı zamanı  bildirmişdir:

Respublikamızda onkoloqların nailiyyətləri böyükdür. Lakin onlar bütün dünyada olduğu kimi, bir çox hallarda bu xəstəlikdən əziyyət çəkən insanların əzabını bəzən ancaq yüngülləşdirə bilirlər. Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanın rəsmi statistikasına görə, ölkədə insan ölümünün əsas səbəbləri arasında ikinci yeri onkoloji xəstəliklər tutur.

Yer kürəsində hər il 500 min insan bu xəstəliklə üzləşir. Çox hallarda diaqnoz xəstəliyin yalnız son mərhələlərində qoyulur və insanların həyatını xilas etmək olmur. Dünya Səhiyyə Təşkilatının məlumatlarına görə, yaxın 20 ildə bu xəstəlikdən əziyyət çəkən insanların sayının 50 faizdən çox artacağı gözlənilir. Məhz buna görə onkoloji xəstəliklər bütün bəşəriyyət üçün ən aktual problemlərdən biri olaraq qalır.

Əminəm, hər birimiz inanmaq istərdik ki, XXI əsrdə elmin inkişafı sayəsində əldə ediləcək yeni imkanlar və texnologiyalar onkoloji xəstəliklərin müalicəsində dönüş yaradacaq və milyonlarla insanın ölümünə səbəb olan bu xəstəliyin müalicəsi üçün səmərəli vasitə tapılacaq.

Digər çıxış edənlər məsələ ilə bağlı dünya ictimaiyyətini səyləri birləşdirməyə çağırdılar və xərçəng xəstəlikləri ilə mübarizənin yalnız birlikdə aparıldıqda səmərəli olduğunu bir daha xatırlatdılar. Xəstəliklə mübarizədə diaqnostikanın rolu xüsusi vurğulandı. Xərçəng xəstəliyinin tədqiqi sahəsində mühüm irəliləyişin əldə edildiyini deyən natiqlər bu sahədə inkişafı sürətləndirməyin yollarını araşdırmağın vacibliyinə diqqət çəkdilər, alimlərin bir-biri ilə daha çox məlumat mübadiləsi aparmasının zəruri olduğunu bildirdilər.

Sessiyada İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının xanımlarının “Xərçəng xəstəliyi ilə mübarizədə birinci xanımların liderliyi” Bəyannaməsi imzalandı.

Sonda xatirə şəkli çəkdirildi.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Aprel, 2016  10:10 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!