إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Adəm övladının rəğbət etdiyi şeylərin çoxu ehtiyacları olmayan şeylərdir

Mərhum din alimi və arif Ayətullah Mamaqani  oğluna ünvanladığı vəsiyyətnaməsində buyurur:

Ey oğul, heç vaxt dünya məhəbbətinə qəlbində yer verməyəsən. Çünki dünya məhəbbəti acı zəhər kimidir və dərmanı olmayan bir dərddir. Səni atəşə çəkər və Allahın lütfündən uzaq salar. Dünya məhəbbətini ürəkdən çıxarmaq üçün bu haqda düşünməlisən ki, əgər bu iş bəyənilsəydi onu hamıdan qabaq əql sahibləri (peyğəmbərlər) özləri üçün seçərdilər, insanın yırtıcıdan qorxub qaçdığı kimi ondan qaçmazdılar, və bu qədər bu barədə təkidlə vəsiyyətlər etməzdilər.

Mütəal Allah dünya məhəbbətini əksər ayələrdə məzəmmət etmişdir və bu ayələr hədislərdə açıqlanmış və təfsir edilmişdir. Allah kafirlərin barəsində buyurur:

Dünya həyatı kafirlərin gözündə zinətləndirilmişdir” yəni dünya onların gözünə gözəl görünər, onun məhəbbəti ürəklərində yer salar və özlərini dünyadan ötrü həlakətə salarlar. Möminlərin yoxsullarını, acizlərini məsxərə edib, gülərlər. Lakin möminlərin təqvaları qiyamətdə onlardan (kafirlərdən) yuxarı və yüksəkdədirlər (illiyyin təbəqəsindədirlər)

İmam Cəfər Sadiq əleyhissalam buyurur: "Bütün günah və xətaların başı dünyanı sevməkdir”.

İmam Cəfər Sadiq əleyhissalam öz atası İmam Məhəmməd Baqir əleyhissalamdan nəql edir ki, o Həzrət buyurdu: "Dünya hərisi olanın məsəli ipək qurdunun məsələsi kimidir. İpək qurdu nə qədər çox ipək toxusa onun arasından çıxması bir o qədər çətinləşir, beləliklə də qəm-qüssədən ölər”

İmam Zeynəlabidin(ə)dan "Əməllərdən hansı Allahın nəzərində daha üstündür”- deyə soruşduqda buyurdu: "Allahı və Peyğəmbəri tanımaqdan sonra dünyadan meyilsiz olmaqdan üstün bir şey yoxdur.

Allah-taalaya qarşı ediləni ilk günah təkəbbür olmuşdur və o şeytanın etdiyi günahdır, necə ki, Qurani-kərim buyurur: "İblis təkəbbür edərək kafirlərdən oldu” ( "Bəqərə” suərsi, ayə 34)

Təkəbbürdən sonrakı günah dünya hərisi olmaqdır.O da Həzrət Adəm əleyhissalam ilə Həvvanın etdikləri günahdır.

Allah-taala buyurur: "Hər ikiniz (Adəm və Həvva) istədiyiniz yerdən (Cənnət meyvələrini dərib) yeyin, ancaq bu ağaca yaxınlaşmayın, yoxsa özünə zülm edənlərdən olarsınız”("Əraf” ayə19).

Amma onlar ehtiyacları olmayan bir şeyə meyl etdilər və onların bu ruhiyyəsi onların övladlarına sirayət etdi. Buna görə də Adəm övladının rəğbət etdiyi şeylərin çoxu ehtiyacları olmayan şeylərdir.

Üçüncü günah həsəddir(paxıllıq).O da Adəmin oğlunun günahıdır. Belə ki, o paxıllıq etdiyi üçün öz qardaşını öldürmüşdür. Bundan da bir neçə əməl vücuda gəldi: qadınlara meyilli olmaq, dünyanı sevmək,vəzifəpərəstlik, rahatlığa meyillik, danışmağa meyilli olmaq, başqalarından üstün olmağa meyillik, dünya malına rəğbət bəsləmək.

Bu yeddi günahın hamısı dünyanı sevməkdə cəm olmuşdur. Buna görə də Peyğəmbərlər və alimlər Allah-taaladan ilham alaraq buyurmuşlar ki, dünyanı sevmək hər bir xətanın başıdır.

Dünya iki hissədən ibarətdir: Bir hissəsi insanı öz məqsədinə çatdırır, ikinci hissəsi isə lənətlənmiş dünyadır”.

İmam Cəfər Sadiq əleyhissalamdan nəql olunur ki, o Həzrət buyurdu: "Hər kəsin bütün gün ərzində himmətinin ən böyüyü dünya olarsa Allah onun iki gözünün arasında yoxsulluq yazar və işlərini pozar, dünyadan da Allahın ona nəsib etdiyindən başqa bir şeyə nail olmaz. Amma hər kəsin bütün gün ərzində ən böyük himməti axirət olarsa Allah onun ürəyinə göz toxuluğu yazar və onun işlərini tənzimləyər”.

Bunlar şərq ilə qərb kimidir ki, birinə nə qədər yaxınlaşarsansa o, birindən bir o qədər uzaq olarsan. Yaxud od ilə su kimidir ki, bir yerə yığışa bilməzlər. Çünki dünyanı sevmək axirətə, Quran və hədislərdə buyrulanlara yəqinin olmadığını aşkar edir. Dünyanın axirətə zid olduğu bəlli olduqdan sonra onu sevmək əqlə müvafiq deyil.

Dünyada, sənə ayrılmış ruzi və lazımi qədər geyimlə razılaş və ona qane ol, məqsədin axirət olsun. Əgər dünyada zahid olub özünü onun əsarətindən azad edə bildinsə bu dünyada rahat olub, axirətdə onun ləzzətini duyarsan. Zahidlik tam şəkildə yemək, içmək və geyimin qarşısını almaq deyil, zahidlik qənaətlə yaşamaq, həddini aşmamaq, imkanlı vaxt israfçılığa yol verməməkdir.

İmam Sadiq əleyhissalam buyurmuşdur: "Zahidlik əldə olan malı zay edib, halalı haram bilmək deyil, zahidlik budur ki, əlində olan dünya nemətlərinə Allah yanında olan nemətlərdən çox bel bağlamayasan”.

Həzrət Əli əleyhissalam buyurmuşdur: "Zahidlik arzularla yaşamamaq, hər bir nemətə şükür etmək və Allahın bütün haram etdiyi şeylərdən qorxub, çəkinməkdir”.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Aprel, 2016  10:23 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!