إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

İMAM ƏLİNİN (Ə) FƏZİLƏTLƏRİ – “SİDDİQUN”

Qurani-Kərimdə imam Əmirəlmöminin Əli(ə)ın fəzilətinə işarə edən, o həzrəti İslam ümmətinin ən fəzilətlisi və İslam Peyğəmbərindən (s) sonra ən üstün şəxsiyyət göstərən ayələrdən biri “Siddiqun” adını daşıyan “Hədid” surəsinin 19-cu ayəsidir. Bu ayədə buyurulur:

وَالَّذِينَ آمَنُوا بِاللَّهِ وَرُسُلِهِ أُوْلَئِكَ هُمُ الصِّدِّيقُونَ وَالشُّهَدَاء عِندَ رَبِّهِمْ لَهُمْ أَجْرُهُمْ وَنُورُهُمْ

“Allaha və Peyğəmbərinə iman gətirənlər – məhz onlar Allah dərgahında olan siddiqlər (sözündə və əməlində doğru olanlar) və şəhadət verənlərdir. Onların öz mükafatları və nurları vardır!”

“Şəvahidut-tənzil” kitabında İbn Əbu Leylinin öz atasından, onun da Peyğəmbəri-Əkrəmdən (s) belə nəql etdiyi qeyd olunmuşdur:

اَلصِّدِّيقُونَ ثَلاثَةٌ: حَبِيبُ النَّجّارِ مُؤمِنُ آلِ ياسِينَ، حِزْبِيلُ (حِزْقِيلُ) مُؤمِنُ آلِ فِرْعَوْنَ، وَ عَلِىُّ بْنُ اَبِى طالِبٍ الثّالِثُ وَهُوَ اَفْضَلُهُمْ:

“Siddiqlər (ən doğru olanlar) üç nəfərdir: Ali-Yasin mömini Həbib Nəccar, ali-Firon mömini Hizbil (Hizqil) və onların fəzilətlisi olan Əli ibn Əbu Talib.” (“Şəvahidut-tənzil”, 2-ci cild, səh.223, hədis 937.)

Bu hədis Əhməd ibn Hənbəlin “Fəzailul-xəmsə”, Əbu Nəimin “Mərifətus-səhabə” və İbn Məğazilinin “Mənaqib” kitablarında da nəql olunmuşdur. (“Şəvahidut-tənzil” kitabının haşiyəsi, Məhmudi, 2-ci cild, səh.224.)

“Şəvahidut-tənzil” kitabında bu məzmunda müxtəlif sənədlərlə qırx hədis nəql olunmuşdur. (“Şəvahidut-tənzil”, hədis 939-942.)

Şeyx Süleyman Qunduzi “Yənabiul-məvəddət” kitabında bu hədisi Əbu Nəimə, İbn Məğaziliyə, Müvəffəq Xarəzmiyə və Əhməd ibn Hənbəlin “Müsnəd” kitabına istinad edərək, Əbu Leyli və Əbu Əyyub Ənsaridən nəql etmişdir.

“Kənzül-ümmal” kitabında İbn Abbasdan, “Ehqaqul-həqq” kitabında silsilə sənədlərlə müxtəlif kitablardan çoxlu rəvayət nəql olunmuşdur. (“Ehqaqul-həqq”, 3-cü cild, səh. 243.) Nümunə olaraq iki hədisi qeyd etməklə kifayətlənirik:

“Kənzül-ümmal” kitabında imam Əlinin (ə) belə buyurduğu nəql olunmuşdur:

اَنَا عَبْدُ اللهِ وَاَخُو رَسُولِهِ وَاَنَا الصِّدِّيقُ الاَكْبَرُ لا يَقُولُها بَعْدِى اِلاّ كَذّابٌ مُفْتَرٍ وَلَقَدْ صَلَّيْتُ قَبْلَ النّاسِ سَبْعَ سِنِينَ:

“Allahın bəndəsi, Peyğəmbərinin qardaşı və böyük siddiq mənəm! Bu sözü məndən sonra yalançılardan başqa kimsə iddia etməz. Mən camaatdan yeddi il qabaq (Peyğəmbərlə (s) birlikdə) namaz qılmışam!” (“Kənzül-ümmal”, 13-cü cild, səh.122, hədis 36389, Beyrutun “Müəssisətur-risalə” çapı.)

Həmin kitabda Məaz Ədviyyədən belə nəql edilir: “Bəsrənin minbərində imam Əlinin (ə) belə buyurduğunu eşitdim:

اَنَا الصِّدِّيقُ الاَكْبَرُآمَنْتُ قَبْلَ اَنْ يُؤمِنَ اَبُوبَكْرٍ وَاَسْلَمْتُ قَبْلَ اَنْ يُسْلِمَ:

“Böyük siddiq mənəm! (Çünki) Mən Əbu Bəkr iman gətirməzdən öncə iman gətirmişəm, o, İslamı qəbul etməzdən qabaq İslamı qəbul etmişəm!” (“Kənzül-ümmal”, 13-cü cild, səh.164, hədis 36497.)

Bu hədislər xilafət haqda birbaşa söz açmasa da, İslam ümməti arasında “siddiq” məqamını imam Əliyə (ə) aid edir. Bu bir fəzilətdir və başqaları ilə müqayisədə o həzrətin üstünlüyünü göstərir. Bununla da, Peyğəmbərin (s) xəlifəlik məqamına imam Əlinin daha layiq olduğu aydınlaşır.

Bir çox rəvayətlərdə imam Əli (ə) İslam ümmətinin siddiqi kimi tanıtdırılsa da, bəzi alimlər bu ləqəbi başqalarına vermişlər. Bu ayənin təfsirində nəql olunan bir sıra rəvayətlərdə siddiqlərin səkkiz nəfər (o cümlədən, imam Əli (ə) və Əbu Bəkr) olduğu göstərilir. Qeyd etmək lazımdır ki, bu rəvayətlər Peyğəmbərdən (s) nəql olunmamışdır. Peyğəmbərdən (s) nəql olunan hədisdə buyurulur ki, məhz, imam Əli (ə) bu ümmətin siddiqidir. Bu da ayənin ümumi məfhumu ilə ziddiyyət təşkil etmir. Məlum olduğu kimi, belə rəvayətlər ən kamil fərdə aid olub, İslam ümməti içərisində “siddiq”in ən kamil nümunəsini, sözündə və əməlində doğru olanı, Peyğəmbərə (s) hamıdan öncə iman gətirəni, o həzrəti birinci təsdiq edən şəxsi (imam Əlini (ə)) nəzərdə tutur. (“Peyami-Quran – Qurani-Kərimdə imamət və canişinlik”, Ayətullah əl-üzma Məkarim Şirazi, 9-cu cild, səh.226-228.)

Mənbə:Maidə.az

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Mart, 2016  12:07 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!