إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Londonda Xocalı faciəsindən bəhs edən “Sonsuz dəhliz” filminin təqdimatı olub

Avropa Azərbaycan Cəmiyyətinin (AAC) təşkilatçılığı ilə Londonda Böyük Britaniya parlamentinin “Portcullis House” binasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində ABŞ və Litva kinematoqrafçıların birgə istehsalı olan və bir çox beynəlxalq mükafatlara layiq görülmüş “Endless Corridor” (“Sonsuz dəhliz”) sənədli filminin təqdimatı olub.

Ahlibeyt.az-ın Azertac-a istinadən məlumatına görə,mərasimdə Böyük Britaniya və Azərbaycan ictimai-siyasi xadimləri daxil olmaqla xeyli sayda insan iştirak edib.

Tədbirdə çıxış edən AAC-ın direktoru Lionel Zetter təmsil etdiyi qurum haqqında məlumat verib. Filmin əhəmiyyətindən bəhs edən L. Zetter, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması baxımından önəmini vurğulayıb.

Britaniya Parlamentinin üzvü Bob Bləkmən qeyd edib ki, Azərbaycan torpaqlarının 20 faizi erməni silahlı qüvvələri tərəfindən 25 ildən artıqdır işğal edilib və təəssüflər olsun ki beynəlxalq qurumlar bu məsləyə lazımı diqqəti göstərmir. Bildirilib ki, “Sonsuz dəhliz” filmində münaqişə haqqında obyektiv məlumat verilir və Azərbaycana qarşı edilən ədalətsizlik lazımı səviyyədə işıqlandırılır. Parlament üzvü təqdimatda iştirak edən hər kəsə təşəkkürünü bildirib.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə filmin ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlığını ifadə edib. Tarixə nəzər salan səfir, Dağlıq Qarabağ münaqişəsi zamanı bölgədəki geosiyasi vəziyyət haqqında məlumat verib, problemin yaranmasına təsir edən amilləri təhlil edib. Ölkəmizə qarşı bu amansızlığı törədənlər beynəlxalq hüquq normaları çərçivəsində cəzalarını almadığı müddətdə Azərbaycanın qətiyyətli mövqeyindən dönməyəcəyi vurğulanıb.

Filmi yüksək qiymətləndirən T.Tağızadə, münaqişə haqqında ətraflı məlumat almaq istəyənlər üçün əhəmiyyətli ekran əsəri olduğunu bildirib.

Sonra “Sonsuz dəhliz” filmi nümayiş etdirilib.

Xatırladaq ki, “Sonsuz dəhliz” sənədli filmi prodüser Aleksandras Brokas (Litva) və nüfuzlu “Grammy Award” mükafatçısı Cerald Rafşun (ABŞ) tərəfindən çəkilib. Film britaniyalı aktyor, BAFTA mükafatçısı Ceremi Ayronz tərəfindən səsləndirilib. Film Xocalı dəhşətlərinin şahidi olan litvalı jurnalist Riçard Lapaitisin faciədən 20 il sonra yenidən Azərbaycana gələrək qətliamdan xilas olmuş hadisə şahidləri ilə görüşlərində lentə alınmış xatirələri və Ermənistan tərəfindən faciənin təşkilində birbaşa iştirak etmiş şəxslərlə müsahibəsi əsasında qurulub. Burada Qarabağın Azərbaycan tarixi və mədəniyyəti üçün əhəmiyyətinə dair süjetlərə yer verilib. Filmdə Xocalı qırğınına dair indiyədək az məlum olan yeni faktlar, sənədlər və vaxtilə çəkilmiş videogörüntülər və fotomateriallara istinad edilir, qətliam haqqında həqiqətlər təsirli şəkildə tamaşaçıya çatdırılır.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Fevral, 2016  11:52 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!