إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Azərbaycan XİN rəsmisi:Bəşər Əsəd prezident kimi təhlükəsizliyin yeganə qarantıdır

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bu günlərdə Vyanaya səfər edib. Yüksək vəzifəli diplomat ATƏT-in Daimi Şurasının toplantısında iştirak edib və daha sonra Avstriya-Azərbaycan münasibətlərinə dair rəsmi görüşlər keçirib

Ahlibeyt.az-ın Virtualaz.org-a istinadən məlumatına görə,A.Əzimov Avstriyanın nüfuzlu “Die Presse” qəzetinə geniş müsahibə verib.

XİN rəsmisi qəzetin əməkdaşı Jutta Sommerbauer-in müsahibə zamanı Suriya böhranı ilə bağlı suallarını da cavablandırıb:

- Azərbaycan Suriya müharibəsində kimin tərəfindədir?

- Biz Suriyada koalisiyaların qarşıdurmasının şahidi oluruq. İslam dünyasının bir hissəsi və region ölkəsi olaraq baş verənlərdən narahatıq. Biz islam dünyasında şiələrlə sünnülər arasında dərinləşməkdə olan parçalanmalardan da narahatlıq keçiririk. Azərbaycan tolerant ölkədir, bizdə bütün dinlər bir yerdə problemsiz yaşayır. Suriyada 200-300 azərbaycanlı döyüşür.

Hesab edirəm ki, Rusiyanın və digərlərinin hava zərbələri o qədər də effektiv deyil, həm də baha başa gəlir. Yerüstü qüvvələr yeritmək isə riskli olardı və çoxlu itkilər hesabına başa gələrdi.

Atı arabadan qabağa qoşmaq olmaz. Addım-addım irəliləmək lazımdır. Bəşər Əsəd prezident kimi hazırda ərazi bütövlüyünün və təhlükəsizliyin yeganə qarantıdır. Onun ordusu hüquqi institutdur. Biz Əsədin varisi tərəfindən əvəzlənənə qədər prezident kimi qalmasını nəzərdə tutan hərtərəfli siyasi prosesi dəstəkləyirik.

- Bu məsələdə siz Türkiyə ilə razı deyilsiniz...

- Biz Türkiyənin narahatlıqlarını başa düşürük. İraq Kürdüstanındakı PKK gücləri türklər üçün təhlükəsizlik problemidir. Suriyanın Türkiyə ilə şimal bölgələrində də kürdlər irəliləyir. Əgər sabah Əsəd getsə biz buna qarşı çıxmayacağıq. Biz hərtərəfli stabilləşmə prosesinin tərəfdarıyıq. Qurudan hücum əməliyyatlarının deyil, çünki istənilən koalisiya ora öz quru qüvvələrini göndərsə xaos daha da böyüyəcək.

- Azərbaycana Suriyadan qaçqınlar gəlir?

- Biz qaçqınların marşrutu üzərində yerləşmirik. Bundan əlavə, qaçqınlar Avropada komfort həyat yaşamaq istəyirlər. Bizim özümüzün də qaçqın və məcburi köçkünlərimiz var. Bunu yaddan çıxarmayın.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Fevral, 2016  16:22 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!