|
• Mənəviyyat • MənəviyyatRəftar və davranışlarımıza nə qədər çox nəzarət edəriksə...İnsanın ən böyük əxlaqi çatışmazlıqlarından biri də öz eyb və nöqsanlarından xəbərsiz olmasıdır. Onun yolunu azmasına bir çox hallarda cəhalət və nadanlıq səbəb olur. Belə ki, qəflət və özündən xəbərsizlik nəticəsində, qəlbdə özünə yer edən xoşagəlməz sifət və xüsusiyyətlər insanın bədbəxtçiliyinə gətirib çıxarır.Bunun nəticəsində də xoşbəxt həyat uğrunda görülən bütün sə’y və cəhdlər nəticəsiz qalır. İnsanın islah olunması üçün lazım olan ən başlıca şərt öz eyb və nöqsanlarına diqqət yetirməsidir. Çünki, yalnız onların nədən ibarət olduğundan agah olduqdan sonra insan onu günah və mənəviyyatsızlığa sürükləyən xüsusiyyətlərdən qoruya bilər. İnsanların üzərinə düşən ən başlıca vəzifə, ruh və mənəviyyatımıza diqqət yetirib çatışmazlıqlarımızın nədən ibarət olduğunu bilmək və onları aradan qaldırmaq üçün daxili xüsusiyyətlərimizə nəzər salmaqdır. Rəftar və davranışlarımıza nə qədər çox nəzarət edəriksə şüur və tərzi-təfəkkürümüz də bir o qədər sağlam və münəzzəm olar. Bu yolda atılan hər bir addım isə müsbət nəticə verir və bütün bunları hər şey başa çatdıqdan sonra müşahidə etmək olur. Hər bir insan da - istər varlı olsun, istərsə də yoxsul, istər cavan olsun, istərsə də qoca - hər gün gördüyü bütün xeyirxah və ya xoşagəlməz işləri nəzərdən keçirib nəticə çıxarmalıdır. Səbir və təmkinlik göstərməklə - məhz belə bir uğurlu addım atmaqla - insan mənəvi saflığa nail ola bilər!" İnsanlar arasında elələri vardır ki, daim başqalarının sirlərindən agah olmağa çalışırlar. Onlar başqaları barədə xoşagəlməz sözlər deyər, onların gördükləri bütün işlərə irad tutar və münasibətdə olduqları zaman onlara istehza ilə yanaşarlar. Özləri əxlaqi dəyərlərdən uzaq olmalarına baxmayaraq, mənəvi saflığa diqqət yetirmək əvəzinə daim başqalarında eyb və nöqsan axtarmağa çalışarlar. Bu xoşagəlməz xüsusiyyət əxlaqi dəyərləri tənəzzülə uğradaraq həyatın şirinliyinə xələl gətirir. Başqalarına eyb və nöqsan tutan şəxslər öz diqqət və mülahizələrini ağıl və məntiqin qəbul etmədiyi yerlərdə işlədirlər, çünki, onlar öz sə’ylərini - eyb və nöqsan tutmaq üçün - dost-tanışlarının rəftar və davranışlarına nəzarət etməyə sərf edirlər. Bu işə həddindən artıq vaxt qoyduqları üçün özlərinin gördükləri işləri arayıb-araşdırmağa fürsət tapmırlar və bunun üçün də haqq yoldan uzaq düşürlər. Yaxın münasibətdə olduqları şəxslərlə belə daimi səmimiyyəti qoruyub saxlaya bilməzlər. Dostlarından birinin yanında başqalarının eyb və nöqsanlarından söz açdıqları kimi, münasib şərait yarandıqda dərhal həmin şəxslərin yanında da dostlarının çatışmazlıqlarından da söz açarlar. Şərəf və mənlik insanın özünün yiyələndiyi əxlaq və davranış tərzindən meydana gəlir. Bunun üçündə başqalarının şərəf və mənliyinə təcavüz edən şəxslər şübhəsiz ki, öz şərəf və mənliyinədə ağır zərbə vurmuş olur. Yaşadıqları dünyada başqaları ilə ünsiyyətdə olmaq istəyən şəxslər hər şeydən əvvəl üzərlərinə düşən vəzifələrlə tanış olmalıdırlar. Daim başqaları ilə gözəl münasibətdə olmalı və onların səmimi davranışlarını yüksək qiymətləndirməyi bacarmalıdırlar. İnsan ictimai həyatda başqalarının şəxsiyyəti və mənliyi ilə zidd olan adət və xüsusiyyətlərini dəyişməlidir. Çünki, səmimiyyət qarşılıqlı hörmət və ehtiram nəticəsində əldə olunur. Dost və yaxınların nöqsanlarının üzərinə pərdə çəkməyə adət edən şəxslər başqaları ilə daha çox səmimi ola bilərlər. Onlar yoldaşlarında hər hansı bir çatışmazlıq müşahidə etdikdə, başqalarının yanında bu barədə əsla söz açmır, əksinə, onlarla təklikdə olduqda buraxdıqları səhvlər barədə xəbərdarlıq edir və dəyərli məsləhətlər verirlər. Qurani-Kərim, "Huməzə” surəsinin 1-ci ayəsində başqalarına rişxənd edib tənə vuran şəxslərin aqibətini belə bəyan edir: "[arxada] qeybət edib [üzdə] tənə vuran hər kəsin vay halına!” İslam, cəmiyyətin birliyini qorumaq üçün ictimai həyatda ədəb və əxlaq qaydalarına riayət etməyi hər bir müsəlmana vacib, əlaqələrin pozulmasına gətirib çıxaran və ixtilaflara səbəb olan qeybət, tənə vurub başqalarının eyb və nöqsanlarını üzə çıxarmağı isə qətiyyətlə yasaq etmişdir. Müsəlmanlar bir-birlərinin hüquqlarına riayət etməli, tənə və töhmət vurmaqdan uzaq olmalıdırlar. İmam Sadiq (ə) buyurur: "Bulaq suyu insana susuzluğunu yatırıb ona rahatlıq bəxş etdiyi kimi, iman sahibləri də bir-birlərinə mənəvi dayaq olub onlara ruhi rahatlıq bəxş edərlər. "(Həmin mənbə 2-ci cild səh. 459. ) İmam Baqir (ə) isə buyurur: "İnsanın başqalarında gördüyü çatışmazlığı özündə görməməsi və ya özü qadir olmadığı bir halda başqalarını hər hansı bir xoşagəlməz işi tərk edə bilməməkdə danlayıb onların işlərinə qarışması onun eyb və çatışmazlıqlarını sübuta yetirmək üçün kifayət edər. "(Ğurərul-Hikəm,, səh. 148. ) Əli (ə) belə şəxslərin qabiliyyətləri olmamaları haqda buyurur: "Başqalarında eyb və nöqsan axtaran şəxslərdən uzaq olun. Çünki onlarla ünsiyyətdə olan hər bir şəxs bu mənfur xüsusiyyətdən amanda qalmaz. "(Ğurərul-Hikəm, ,səh. 558) İnsan öz eyb və nöqsanlarını eşitmək istəməsə də, bununla razılaşıb edilən tənqidlərdən düzgün nəticə çıxarmalıdır. Çünki məhz bu xəbərdarlıqların nəticəsində o öz ruh və mənəviyyatını saflaşdıra bilər. Əli (ə) bu barədə olduqca mühüm bir mətləbə işarə edərək buyurur: "Ən sevdiyiniz şəxslər nöqsan və çatışmazlıqlarınızı sizə bildirib ruh və canınıza yardımçı olanlardır. "(Ğurərul-Hikəm, səh. 659. ) Əli (ə) buyurur: "Başqalarının eyb və nöqsanlarını üzə çıxaran şəxslər yaxşı olar ki, əvvəl öz çatışmazlıqlarına diqqət yetirsinlər. "(Ğurərul-Hikəm, səh. 559. ) İnsan, cəhalət və nadanlığın əsiri olduqda öz nöqsanlarını aradan qaldırmaq əvəzinə onları ört-basdır etməyə çalışır. Əli (ə) bu haqda buyurur: "Nadanlıq və insanın özünü aldatması üçün yetər ki, insan başqalarının eyb və nöqsanlarını gördükdən sonra öz çatışmazlıqlarını gizlətməyə çalışsın. "(Ğurərul-Hikəm, səh. 448. ) Əli (ə) özünün hikmətli buyruqlarından birində psixoloji xəstəliklər və onların qarşısını almaq haqda buyurur: "Şüurlu insanlar nəfsləri barədə düşünüb daşınmalı, əxlaq, iman və əqidələrinə mənfi təsir göstərən mənfi xüsusiyyətləti arayıb üzə çıxarmalı, ya yaddaşlarında saxlamalı və ya kağız üzərinə köçürməlidirlər. Sonra onları aradan qaldırmaq üçün ciddi tədbirlərə əl atmalıdırlar. "(Mustədrəkul vəsail, 2-ci cild, səh. 328. Özünü tanımaqda ən başlıca məqsəd insanın düçar olduğu ruhi xəstəliklərdən yaxa qurtarması, ona rahatlıq verməyən psixoloji ziddiyyətləri aradan qaldırmaqla özündə yeni və sağlam şəxsiyyətin yarandığını hiss etməsidir. Məhz bunun nəticəsində o, həyatda yeni-yeni hədəflərə nail olub yeni həyat yoluna qədəm qoymuş olar. " Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Fevral, 2016 14:57 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |