إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ələvilik nədir və nə deyil - ekspert baxışı

Sosioloq Özcan Güngör: “Zaman Cami ilə Cəm evini, Yavuzla Şah İsmayılı yarışdırma zamanı deyil”; “Ankara həm daxildəki tələblər, həm də dünyada demokratik imicini qorumaq üçün uzun müddətdir davam edən Ələvilik müzakirələrini real fəaliyyətə keçirməyə hazırlaşır”

Türkiyədə Ələvi məsələsi yenidən gündəmə gəlib. Bu ölkədə say baxımından az olmayan Ələvilərin dini status alması, ibadət evləri və dini fəaliyyətlərinə dövlət dəstəyi ayrılması kimi məsələlər də gündəmə gəlib. Görünən odur ki, hökumət də bu mövzuda hansısa addımları atmaq fikrindədir. Lakin deyəsən, indiki mərhələdə bu heç də rahat və asan olmayacaq.

Mövzunun aktuallığını nəzərə alaraq din sosioloqu, Ələvilik mövzusunda çalışan ekspertlərdən biri, İldırım Bəyazid Universitetinin müəllimi, dosent Özcan Güngörlə söhbətləşdik.

- Ankaranın Ələvilik mövzusunda, ələvilərə hüquqi statusun verilməsi ilə bağlı tutumu nədir?

- Ankaranın hazırda apardığı Ələvi siyasəti daha çox sivilləşmə və demokratikləşmə təməllidir. Türkiyədə Ələvilik mövzusu hər zaman danışılıb fikir yürüdülməsi asan olmayan bir mövzu olub. Doğrusu, uzun bir dönəmdən bəri ələvilər eyni din, dil, mədəniyyət, hiss və şüur daşıdığı qardaşları tərəfindən yanlış anlaşılmış, iftira mahiyyətində hekayələrə mövzu edilmiş bir qrupdur. Bu mövzuda müzakirələr bir şəkildə dini sahəyə aid olsa da, tarixdən bu yana daha çox siyasi bir mövzu olub. Bu günə qədər Ankara həm daxildəki tələblər, həm də dünyada demokratik imicini qorumaq üçün uzun müddətdir davam edən Ələvilik müzakirələrini real fəaliyyətə keçirməyə hazırlaşır.

- Hazırda ələvilərin hökumətdən əsas tələbləri nədən ibarətdir?

- Hazırda ələvi qruplarla aparılan danışıqlar nəticəsində çoxlu sayda fərqli tələblər irəli sürülsə də, ələvilərin əsas tələbləri Diyanətin statusuna yenidən baxılması, din dərslərində ələviliyin öyrədilməsi, Cəm evlərinin hüquqi statusu və Ələvi liderlərinin tələbləri əsasında “ayrı-seçkilik” və “özgələşdirmə” ilə bağlı daha modern və birləşdirici addımların atılmasıdır. Dövlət isə hazırda sistematik olaraq bir-biri ilə bağlı olan bu tələblərin necə reallaşdırılacağı və bu zaman başqalarının azadlıq və təşkilatlanma durumuna zərər vermədən öz vətəndaşını necə əldə edəcəyinin yollarını axtarır.

- Necə düşünürsünüz, bu prosesin sonunda ələvilər ayrıca bir dini qrup olaraq rəsmi status ala biləcəklərmi?

- Kənan bəy, Türkiyədə ələvilər dedikdə ağıla sadəcə bir inanc qrupu gəlməsin. Qarşımızda uzun tarixi proses içərisində çox sayda parçalanmalara məruz qalmış bir qrup var. Bu qrup hər şərtdə və durumda İslam içərisində sufi təməlli əski türk ənənəsi, Cəfərilik və bəzi yerli mədəniyyətlərlə qarışmış bir quruluşdur. Lakin son illərdə bu quruluşun siyasi tərkibli qarışıqlarla təqdimatı ilə bəzi fərqli yozumlar ortaya çıxıb.

Şəxsən mənim apardığım araşdırmalarda həm Cəm evi məsələsində, həm də Din Kültürü dərsləri mövzusunda Ələvilərin tələblərinin yerinə yetirilməsi mövzusunda ciddi fərqliliklər mövcuddur. Bu mövzuda mənim çox sadə bir qruplaşdırmam var;

a) Ənənəvi batini Ələvilik, yəni daha çox əyalətdən köçün təsirlərinin qaldığı, ideologiyadan çox ənənələrin hakim olduğu Ocaqlı Ələvilər;

b) Şəhərli-dünyəvi, böyük ölçüdə şəhərləşməni tamamlamış, Ələviliyi bir folklor və kimlik olaraq qəbul edən, ancaq “Yol”un qaydalarından uzaq sekulyar ələvilər;

c) Hənəfi Bektaşi/Ələviliyi, daha çox Anadoluda əyalət və Bektaşi təkkələri ətrafında olan, gündəlik ibadətlərində bilmədən olsa da, sünnilərdən fərqi olmayan ələvilər;

d) Qarışıq ələvilər. Nə şəhərli, nə də kəndli olmayan, daha çox sosiallaşmalarını modern təhsil qurumlarında tamamlamış, qaynaqlardan uzaq, ancaq kimlik olaraq Ələviliyi müdafiə edən şəxslər;

e) Cəfəri Ələviliyi, az da olsa Cəfəriləşən (şiə) və ya simpatiya dairəsinə qəbul edərək Cəfəri qruplarla birgə hərəkət edən şəxslər;

f) “Qırmızı” Ələvilik. Bunlar Ələvilik adına dinlə əlaqələri nə varsa onu mifologiya olaraq qəbul edən və İslamın özü ilə bağı rədd edən Marksist qruplar.

Bu qrupların hamısının Türkiyədə təşkilatlanmış şəkildə dərnəkləri, vəqfləri və Cəm evləri var. Bunlar yuxarıda saydığım tələblərdə anlaşırlar. Ancaq bu tələblərin reallaşması məsələsində çox ciddi ixtilafdadırlar. Bu səbəbdən də təşkilatlanmış bu qrupların hamısının razı qalacağı bir variantın tapılması çox çətindir.

Bu məsələdə uyğun olan sadəcə Ələvi qrupları deyil, bütün dini qrupları əhatə edən demokratik və hüquq dövlətinin əməl etməli olduğu addımlar atılmalıdır. Qədim bir ənənəyə söykənən bu quruluşların paralel quruluşlara daxil olmaması və dini istismar vasitəsinə çevirilməməsi üçün onların hüquqi şəkildə fəaliyyətlərini davam etdirmələrinə dövlətin yardım etməsi lazımdır. Bunu edərsə dövlət xalqı ilə bütünləşər. Təbii ki, bu addımların atılması üçün başda “Təkkə və Zaviyələr” qanunu olmaqla Diyanət İşləri Başkanlığının da quruluşunun gözdən keçirilməsi lazım gələ bilər. Hökumətin bu mövzuda nə qədər cəsur addımlar ata biləcəyini qarşıdakı dönəmdə görəcəyik.

Görünən odur ki, Ədliyyə Nazirliyi bu mövzuda çalışır. Lakin bu heç də Ələviliyin “yeni bir din” olaraq tanınmayacağı kimi, onlara sosioloji həqiqətlərə zidd olan “dini azlıq” statusu da verilməyəcək. Çünki görünən odur ki, bu iki anlayışla bağlı hüquqi status tələbi çox kiçik marginal qrupdan kənarda o qədər də yayılmayıb. Ayrı-seçkiliyi önləyəcək və ədalətli ictimai dəstəyi əsas alsa da, dini azlıq və dini bir qrup statusu verilməyəcək.

Ancaq görünən odur ki, ələvilərlə birlikdə Cümhuriyyətin qurulması ilə qadağan edilən Təriqət və Camaat quruluşlarına da hüquqi status verilməsi məsələsi gündəmdədir. Doğrusu, dövlətin QHT-lərlə əlaqələrində müəyyən bir standart müəyyən etməsi mühümdür. Ancaq bu, “Yunus Emre Vakfı” şəklində olacaq, yoxsa bütün dini qrupları Diyanət İşlər Başkanlığının idarəsi altında bir qurumda birləşdirəcəklər, bunu zaman göstərəcək. Lakin hələlik bu istiqamətdə ciddi hüquqi əngəllər var.

- Türk ictimai rəyi, dövlətin yanaşması necədir? Bu status verilməlidirmi?

- Türkiyədə Ələvilərin hüquqları AK Partiya iqtidarı dönəmində müzakirə olunmağa başlayıb. Daha öncə dövlət bu tələblər kimdən gəlirsə gəlsin, rədd edirdi. AK Partiya dönəmində çoxlu sayda Ələvi müzakirələri təşkil olundu. Doğrusu, AKP rəsmilərində Ələvilik mövzusunda bəzi çəkinmə və narahatlıq vardı. Ancaq zamanla aydın oldu ki, problem həll olunmadıqca, başqaları onu bizə daha ağır cərimə ilə ödədirlər. Hökumət həm bu faktoru nəzərə aldı, həm də inkişaf etdirməyə çalışdığı “Yeni Türkiyə” konsepsiyası içərisində xalqın razılığını təmin etmək üçün ayrı-seçkilik edilməyəcəyini hədəflədiyini bəyan etdi.

- Bir qədər əvvəl ələvi qrupları Türkiyə dövlətini beynəlxalq məhkəməyə verərək bəzi haqlar tələb etdilər. Ələvilərin əsas istəkləri nədir? Bu tələbləri reallaşdırmaq Türkiyə dövləti üçün indiki şərtlərdə mümkündürmü?

- Ələvilərin Din Kültürü Dərslərinin verilməsi və Cəm evlərinin statusu ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə şikayət etdikləri və məhkəmənin Türkiyə əleyhinə qərar verdiyi məlumdur.

Din Kütürü Dərsləri ilə bağlı tələblər fərqli idi. Din Kültürü Dərslərinin məcburi deyil, sərbəst seçmə olması, Ələvilərin bu dərslərə girməməsi, Ələviliyin din dərslərinə mövzu olaraq daxil edilməsi, din dərslərinin tamamən yığışdırılması kimi fərqli tələblər vardı. Ankara bu tələblərdən bəzilərini yerinə yetirdi. Məsələn, Din Kültürü Dərs kitablarında Ələvilik daha öncə heç zaman olmadığı qədər yer tutdu və Təhsil Nazirliyi bu mövzuda daha irəli addımlar atır. Ancaq bu dərslərin ləğv olunması və ya tamamən seçməli olması çox böyük bir ictimai qrup tərəfindən istənilmir. Dolayısı ilə bu mövzuda AK Partiya hökumətinin dərsləri ləğv edəcəyini düşünmürəm.

Cəm evləri mövzusunda da oxşar məhkəmə prosesləri oldu. Mən o məhkəmə iddialarını oxudum. Verilən nümunə və sosioloji yanaşmalarını qeyd etməyəcəm. Ancaq bu gün istənilən bir təriqət və ya dini qrup Avropa Məhkəməsinə müraciət etsə Türkiyə əleyhinə qərar ala biləcək. Burada hüquqla sosiologiyanın ziddiyyət təşkil etdiyi nöqtələr var. Amma bu bizim mövzu deyil...

Bunu rahatlıqla deməliyik ki, Ələvi həmvətənlərimizin Cəm evlərində etdiyi ibadətdir, bu məkanlar dərgah, təkkə və ocaqlar kimi “ibadət edilən yerlər” olaraq qəbul edilməlidir. Yəni bu məkanları “ibadət edilən məkanlar” olaraq qəbul etmək ən doğru yoldur. Lakin onları “ibadətxana” olaraq qəbul etmək həm hüquqi, həm sosioloji, həm də tarixi gerçəklik baxımından uyğun deyil.

Digər tərəfdən, yuxarıda qeyd etdiyim kimi Ələvi qrupların hər birinin özlərinə məxsus Cəm evləri var. O zaman bunların hansı birinə “ibadət edilən yer” statusu veriləcək? Bunların xərcləri dövlət tərəfindən ödəniləcəksə, minimum yoxlama şərtləri də lazımdır. Amma bildiyiniz kimi bir sıra radikal qruplar buna qarşıdır. Məsələn, ABŞ-da hər il QHT-lərin non-profit (vergidən azad edilmə) tələbləri dəyərləndirilir və şərtlər yerinə yetirildiyi zaman bu hüquq verilir. Ancaq hər il bütün hesabları başda olmaqla fəaliyyətlərini əlaqədar idarəyə təqdim etməlidirlər. Bizdə ələvi qrupların bunu qəbul etməsi real deyil.

- Bir mütəxəssis, sosioloq olaraq necə düşünürsünüz, Ələvilərin irəli sürdükləri tələblər nə qədər real və reallaşması uyğun istəklərdir? Hazırda bunun üçün zəmin varmı?

- Türkiyənin daha da sivil, demokratik bir dövlət olması üçün xalqdan gələn tələblərin dəyərləndirilməsi lazımdır. Həm bölgədəki missiyası, həm də Avropa Birliyi, Qərblə olan əlaqələri və eyni coğrafiya, eyni mədəniyyət və könül birliyi olan ölkələrlə əlaqələri baxımından Türkiyənin yeni modelləri irəli sürməsi labüddür. Hətta Qərbdə belə QHT və dini qrupların hüquqlarının təhlükəsizlik səbəbləri ilə məhdudlaşdırılması tələblərinin artdığı bir vaxtda Türkiyənin belə bir layihəni başlatması, “Böyük dövlət olmaq inamının” göstəricisidir. Türkiyə qorxuları ilə idarə olunan və təhlükələrə əsir olan ölkə deyil, olmamalıdır.

Mədəniyyətimiz bir vəqf mədəniyyəti və insan qazanma strategiyasına dayanan dövlət sistemi olmasına baxmayaraq, Cümhuriyyətin quruluşundan etibarən xüsusən də dini qruplarla dövlətin əlaqələri bir qapalılıq və kölgə oyunları şəklində özünü göstərib. Mövləvilər, Bektaşilər, Ələvi ocaqları və bəzi Qədriyyə inanc öndərləri  dövlətin bu qruplara soyuq baxışları qarşısında səssiz qalmış, bəzi vaxtlarda dövləti dəstəkləmiş və nəticə etibarı ilə qarışıq münasibətlər formalaşmışdı.

Xüsusən də 80-ci illərdən sonra sosial və siyasi kimliklərində böhran yaşayan fərdlər əski kimliklərini xatırlayaraq subyektiv yozumlarını ictimai sektorda obyektivləşdirərək ortaya qoymağa çalışdılar. Siyasi qarşıdurmaların içərisində şəxsiyyət böhranı yaşayan insanların “ruhani və sirli bilgini” saxladıqlarını düşündükləri qruplar içərisində özlərini göstərmələri sosioloji baxımdan anlaşılandır. Bu dönəmdə Ələvi ocaqları, Bektaşi, Qadiri, Nəqşi, Rufai, Mövləvi, Cərrahi dərgahları, Səid Nursi və Süleyman Hilmi Tunahan tərəfdarları həm ictimai sahədə çox təsirli və tələbkar bir şəkildə görünməyə, həm də tələblərini QHT-lər vasitəsilə cəmiyyətə və dövlətə çatdırmağa başlamışdılar. Bu bir anlamda dəyişdirməyə çalışdıqları dövlətlə qarşılaşma idi.

Ələvilər əsla nə dini, nə də siyasi azlıq deyillər. Onlara bu cür desəniz özlərinə qarşı həqarət olaraq qəbul edərlər. Ancaq onu da qəbul etmək lazımdır ki, dini baxımdan sünnilik onlar üçün “yad” mövzudur. Lakin tarix boyunca bəslənmiş qəlibləşdirilmiş şübhələri bundan sonra davam etdirmənin bir mənası yoxdur. Çox fərqli millət, mədəniyyət və dindən olan insanlarla birlikdə yaşamağı düşünüb, müdafiə edərkən eyni din, dil, mədəniyyət və dünya görüşünə sahib insanların bu qədər bölünməsi, ayrılması haqsızlığa məruz qalması qəbul ediləcək deyil.


Artıq cami ilə cəm evini, Yavuz Sultan Səlimlə Şah İsmayılı, əxlaqla sosial ədaləti, ictimai əmlakla qonşu haqqını, “müsahib” (dostlaşma, Ələvi qaydalarındandır) etmək zamanıdır. Bir-birimizin təcrübələrindən istifadə etməliyik. Bugünlərdə Bakıda bir məsciddə vəhdət namazının qılındığını görmək çox anlamlı idi. Bu çətin zamanlarda birləşə bilməsək, insan olmanın, düşünmənin, qazanc və zərərlərimizə şərik olmanın mənası qalmayacaq.

Mənbə:Musavat.com(Kənan Rövşənoğlu)

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Yanvar, 2016  14:20 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!