إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Allaha təvəkkül: nə ifrat, nə də təfrit

“Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər...”

Təlaq, 3

Bəzi dini terminlər var ki, artıq “dini” statusundan çoxdan çıxıb və ancaq dini ayinləri yerinə yetirənlərin leksikonunda deyil, faktiki olaraq bütün xalqın gündəlik istifadə etdiyi ifadələr sırasında özünəməxsus yer tutub. Belə ifadələrdən biri də “Allaha təvəkkül”dür.

Dini anlamda Allaha təvəkkül etmək hər bir məsələdə Allaha arxayın olmaq, hər şeyi Onun öhdəsinə buraxmaq deməkdir. Artıq qeyd edildiyi kimi, bu söz birləşməsindən gündəlik həyatımızda tez-tez istifadə edirik. Amma necə və hansı hallarda?

Sözsüz ki, təvəkkülün dərəcələri müxtəlifdir və bilavasitə insanların imanları, daxili aləmləri ilə düz mütənasiblik təşkil edir. Amma bizim təvəkkülün nadir formaları ilə işimiz yoxdur, əgər belə demək mümkündürsə, “ümumxalq təvəkkülünün” bir neçə aspektinə toxunmaq istərdik.

Sirr deyil ki, İslamda istənilən əməldə “qızıl orta” prinsipi qorunmalıdır. Nə ifrata, nə də təfritə varmaq olmaz. Məsələyə bu prizmadan nəzər salsaq deməliyik ki, Allaha təvəkküllə “Allahdan buyruq, ağzıma quyruq” prinsi arasında bərabərlik işarəsi qoymamalıyıq. Allaha təvəkkül Rəbbimiz tərəfindən insan üçün təyin etdiyi vəzifələri aradan aparmır, onları qüvvədən salmır. Hər kəs yaşına, sosial mövqeyinə uyğun olan vəzifələri icra etməlidir, əlini başının altına atıb göydən İlahi göstərişlə halva yağmasını gözləməməlidir. Sözsüz ki, burda heç kim Allahın qüdrətini və böyüklüyünü şübhə altına almır. Bəzi “üləmaların” “Allah istəsə ola bilməz ki!?” iradına da əvvəlcədən “Allah istəsə hər şey ola bilər!” cavabını söyləyib, öz növbəmizdə “bağışlayın, amma Allah bunu sizin hansı xidmətinizə görə və nə üçün iradə etməlidir ki?” ritorik sualını verək. Bir sözlə, Allaha təvəkkül heç də tənbəllərin bəraət konsepsiyasının təməl daşı deyil.

Eyni zamanda Allaha təvəkküllə bir çoxlarının tez-tez istifadə etdikləri “cəhənnəmə ki!” ifadəsi arasında da bərabərlik işarəsi qoymaq olmaz. Allaha təvəkkül bütün qapıları döydükdən, bütün vəzifəli şəxslər qarşısında qəddimizi əydikdən, hər vasitədən əlimiz üzüldükdən sonra təlaş içində müraciət etdiyimiz Fövqəladə Hallar Nazirliyinin xilasetmə xidməti də deyil. Yəni “bütün ümidlər puça çıxdı, hamı məndən üz döndərdi, bir bunu da sınayım, itirəcəyim nə var ki!” prinsipini rəhbər tutmaq Allaha təvəkkül deyil. Bu hala bəlkə də yüzlərlə tərif vermək olar, amma “Allaha təvəkkül”... Alınmır, heç cür.

Daha bir məqam. Allaha təvəkkül etmək heç də həmişə arzu etdiyimiz, ürəyimizdən keçirdiyimiz nəticənin mütləq gerçəkləşməsi demək deyil. Allaha təvəkkül elə ona görə edilir ki, bizi Yaradan yaratdıqları üçün ən gözəlini, ən üstününü, ən xeyirlisini seçsin. Ola bilsin ki, bu təvəkkülün nəticəsi və barəmizdə verilən qərar bizim dua üçün əl açdığımız nəticədən xeyli fərqlənsin. Amma təvəkkül etməmişdikmi? Yoxsa şübhəmiz var? Əlbəttə ki, yoxdur. Axı biz hər şeyi bilmirik, O isə bilir. Elə isə təvəkkül edək və heç şübhə etmədən gözləyək. Nəticəni də, Ona qovuşacağımız günü də...

P.S. Bəzən nəticələri düzgün qiymətləndirməyə məsələyə ancaq bu dünyanın dəyərləri ilə yanaşmağımız mane olur. Məsələn, kimsə dünyasını dəyişir. Faciədirmi?.. Amma bu artıq digər bir mövzuya keçiddir. Bu barədə başqa bir vaxtda... Allaha təvəkkül!

Mənbə:İslam.az

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Dekabr, 2015  14:17 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!