إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Var-dövlətə əsir olmaq bəyənilmir

Mallarını gecə və gündüz, gizli və aşkar (ehtiyacı olanlara) sərf edənlərin Rəbbi yanında böyük mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər(Bəqərə-274)

İslam baxımından, halal yolla əldə olunmuş var-dövlət və qazanc insanın kamilliyə çatması üçün faydalıdır. İmam Baqir (ə) buyurur: "Axirət yolunda istifadə olunan dünya insan üçün ən üstün yardımçıdır.(Mirzə Hüseyn Nuri, "Mustədrəkul-vəsail”, c. 9, s. 109, hədis 4) İmam Sadiq (ə) buyurur: "Səni başqalarının haqqına təcavüzdən saxlayan var-dövlət, səni günaha sövq edən yoxsulluqdan üstündür.”("Vəsailuş-şiə”, c. 16, s. 32, hədis 2)

Yer üzündə fəsada səbəb olmayan, insana ilahi dəyərləri unutdurmayan, onu ağılsız dünya müsabiqəsinə qatmayan, başqalarının təhqiri ilə nəticələnməyən, eyni zamanda, məhrumlara yardım üçün istifadə edilən var-dövlət nəinki məzəmmət olunmur, hətta bəyənilmişdir.

Tarix boyu bir çox ictimai fəsadların səbəbkarı Allahsız varlılar olmuşlar. Naz-nemət içində yaşayan, daim öz var-dövlətini artırmaq barədə düşünən, bu yolda heç bir cinayətdən çəkinməyən dinsiz varlılar bəşəriyyət üçün daim təhlükədir. İbn Abbasdan mənalı bir hədis nəql olunur: "İlk dirhəm və dinar sikkələri hazırlanan vaxt İblis onlara baxıb əlinə aldı, gözlərinin üstünə qoydu. Şadlıqdan başını itirmiş vəziyyətdə fəryad çəkdi. Yenidən onları sinəsinin üzərinə qoydu və dedi: "Siz mənim gözümün nuru, qəlbimin meyvəsisiniz. İnsanlar sizi sevdiyi bir vaxtda onların bütpərəst olub-olmamasının mənim üçün əhəmiyyəti yoxdur. Onların sizi sevməsi mənə bəs edir!”

Zöhd və paklıq halal qazanc və halal var-dövlətlə zidd deyil. İnsanın öz ehtiyacları və ətrafındakıların ehtiyaclarını ödəmək üçün sərvət əldə etməsi pis iş deyil. Pis odur ki, insan var-dövlətə əsir olsun, ona çatmaq üçün bütün çirkin, qeyri-əxlaqi işlərə əl atsın, başqalarının haqqını tapdasın.

Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanların gözünə gözəl göstərilmişdir. Bunlar, dünya həyatının keçici zövqüdür, gözəl qayıdış yeri isə Allah yanındadır(Ali İmran surəsi, 14)

Tənbəllik və süstlük istənilən bir halda məzəmmət olunur. İslam dini iş və zəhmətə böyük əhəmiyyət verir, insanları halal qazanca təşviq edir. Hədisdə oxuyuruq: "Tabeçiliyində olanların ehtiyacını ödəmək üçün əziyyət çəkən insan Allah yolunda cihad edən kəs kimidir.”(Surə 31, "Loğman”, ayə 15)

Qeyd etmək lazımdır ki, iş və zəhmət dedikdə təkcə əkinçilik, heyvandarlıq və sənətkarlıq nəzərdə tutulmur. İnsanın bəşəriyyət üçün faydalı bütün xidmətləri, o cümlədən elmi, mədəni fəaliyyətlər zəruri fəaliyyət sahələrindəndir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Dekabr, 2015  09:33 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!