إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Hər 3 dinin müqəddəs məbədi – Məscid əl-Əqsa

Davudun tikdirdiyi, Süleymanın başa çatdırdığı, Məhəmməd Peyğəmbərin (s.ə.s) meraca getdiyi müqəddəs məbəd.

Xəbər verdiyimiz kimi, Qüds şəhərində əl-Əqsa məscidi kompleksində İsrail polisi ilə fələstinli gənclər arasında toqquşma olub. Məscidə daxil olan İsrail polisi içəridə olan dindarları həbs edib. BBC-nin məlumatına görə, polis məsciddə gözyaşardıcı qazdan, rezin güllələrdən və səs bombalarından istifadə edib, onlara qarşı isə daş və fişənglərlə hücum olub.

Qeyd edək ki, İsrailin əl-Əqsa məscidini müsəlmanlardan almaq cəhdi zaman-zaman qarşıdurmalara səbəb olur. Ötən ay isə İsrail hökuməti əl-Əqsa məscidi yanında sinaqoq tikiləcəyini elan edib. Bu isə müsəlmanların etirazına səbəb olub. Bugünlərdə İsraildə yəhudilərin müqəddəs Roş Haşana bayramı qeyd olunur.

Güman olunur ki, polisin məscidə hücumu yəhudilərin bayram münasibətilə məscidə daxil olmasına şərait yaratmaq məqsədi güdüb. Məlum olduğu kimi, müsəlmanlar üçün ilk qiblənin yerləşdiyi və İslam Peyğəmbərinin (s.ə.s) meraca getdiyi məkan hesab olunan əl-Əqsa məscidi yəhudilər üçün də müqəddəs məkandır.

Qeyd edək ki, Məscid əl-Əqsa Quranda mübarək məkan adlandırılıb, müsəlman aləmi üçün Məkkədən sonra ikinci müqəddəs məkandır. Məscidin adı Məhəmməd Peyğəmbərin (s.ə.s) sağlığında Məkkəyə ən uzaq yerdə olması səbəbindən Məscid əl-Əqsa adlandırılıb. Ancaq bu müqəddəs məkanın tarixi İslamiyyətdən çox-çox qədimə gedir.

Beyt əl-Maqdis və ya Beytül Müqəddəs adlanan məbəd Quranda adı keçən həzrət Davud Peyğəmbərin zamanında inşa olunub. Ancaq rəvayətə görə, Həzrət Davud bu məbədin divarları bir adam boyu hündürlükdə olanda vəfat edib. Tikintini və 12 məhəllədən ibarət olan Qüds şəhərini bütövlükdə inşa etdirib başa çatdırmaq Davudun oğlu Həzrət Süleymana nəsib olur. Məscid əl-Əqsanın tikintisində qızıl, gümüş, yaqut və başqa zinət əşyalarından istifadə olunub, tikinti 7 ilə başa gəlib.

Hədislərə görə, ilk vaxtlarda məbədin adı Beyt əl-Maqdis kimi qeyd olunurmuş. Ancaq sonradan Quranda da nəql olunan Məscid əl-Əqsa adından istifadə olunmağa başlayır. Rəvayətə görə, Həzrət Süleyman nəsildən-nəslə keçən və içərisində Həzrət Musadan yadigar qalan qədim Tövrat nüsxəsinin olduğu Əhd sandığını (Tabutu Səkinə) Məscid əl-Əqsaya qoyub. Lakin sonrakı illərdə Qüdsə hücum edərək işğal edən Assuriya hökmdarı Buhtunnasr (İbranicə Nabuchodonosor-Nabukednazar) məscidi qarət edərək Babilə aparıb.

Sonradan Məscid əl-Əqsa bərpa olunsa da, eramızın 70-ci ilində Qüdsü işğal edən Roma İmperiyası orduları şəhəri və eləcə də Məscid əl-Əqsanı yandırıb dağıdırlar. Bu təqvim eyni zamanda Məscid əl-Əqsanın yəhudiliklə əlaqəsinin sona çatdığı dövr hesab olunur.

Bizim eranın 123-cü ilində Bizans İmperiyası Məscid əl-Əqsanı təmir edib. Məscid əl-Əqsanın yenidən parlaması isə İslamiyyətlə başlayıb. İslamın ilk illərində Həzrət Məhəmmədin (s.ə.s) Meracı hadisəsi baş verir. Bu hadisə zamanı İslam Peyğəmbəri Məscid əl-Həramdan (Məkkədəki Kəbə) Məscid əl-Əqsaya gəlir və burda namaz qılır.

Bu dövrdə Məscid əl-Əqsa həm də müsəlmanların qibləsi, yəni namazda üzlərini çevririb ibadət etdikləri istiqamət idi. Yalnız Mədinəyə hicrətdən 16 ay sonra Allahdan gələn vəhylə müsəlmanların qibləsinin Məkkə (Kəbə) olduğu bəyan olunur. Ancaq əl-Əqsa müsəlmanların ilk qibləsi olaraq müqəddəs məkan olaraq tanınır.

638-ci ildə ikinci xəlifə Ömər Suriyaya səfəri zamanı Məscid əl-Əqsanı ziyarət edib. Məhz xəlifənin tapşırığı ilə məscid yenidən bərpa olunub və ibadətə açılıb. Eyni zamanda İslamın təkallahlı dinlərə olan hörmətinin bir nümunəsi olaraq əl-Əqsa məscidində həmin vaxt yəhudilərin də ibadət etməsi üçün icazə verilib. Həmçinin Qüdsdəki xristian kilsələri də ibadətə açılıb. Sonradan Əməvi xilafəti dönəmində əl-Əqsa yaxınlığında Qubbət əl-Səhra məscidi tikilir.

1099-cu ildə Qüdsü işğal edən Avropa səlibçi ordusu şəhəri tamamilə qarət edib yandırır. Bu zaman xristian səlibçilər xiristinalıq tarixində mühüm yeri olan Məscid əl-Əqsanı da qarət edib yandırırlar. Daha sonra səlibçilərin Qüdsdəki hakimiyyəti dönəmində Məscid əl-Əqsa klisəyə çevrilir. Ancaq xristianların Qüdsdə hakimiyyəti 88 il davam edir.

1187-ci ildə Səlahəddin Əyyubinin rəhbərlik etdiyi müsəlman orduları Qüdsü azad edir. əl-Əqsa kilsə heykəllərindən təmizlənərək yenidən məscid kimi fəaliyyət göstərməyə başlayır. Qeyd edək ki, Məscid əl-Əqsa bir ibadət ocağı, müqəddəs məkan olmaqla yanaşı həm də İslam təhsil mərkəzi rolunu oynayıb. Əməvi, Abbasi, eləcə də Əyyubilər və Məmlüklər zamanında məscid həm ibadət, həm də dini təhsil mərkəzi kimi fəaliyyətini davam etdirib.

1517-ci ildə Yaxın Şərqin Osmanlı İmperiyasının ərazilərinə qatılması ilə Məscid Əqsanın uzun bir sabitlik dönəmi başlayır. Osmanlılar İslamda böyük yeri olan Məscid əl-Əqsaya xüsusi diqqət göstəriblər, daim təmir və bərpası, xidmət edilməsini təmin ediblər.

1947-ci il noyabrın 29-da BMT Fələstin ərazilərində ərəb və yəhudi (İsrail və Fələstin) dövlətlərinin yaradılması ilə bağlı qərar qəbul edir. Qərara görə, Qüds şəhəri beynəlxalq statuslu ərazi olmalı idi. Ancaq yəhudilər 1948-ci il mayın 15-də dövlət elan edir və fələstinlilər dövlət yarada bilmir.

1948-ci ildə baş verən savaşda İsrail Qüdsün qərb hissəsini, 1967-ci il 6 günlük savaşda isə bütövlükdə şəhəri işğal edən yəhudilər orda öz qaydalarını qoymağa başlayır. 1969-cu ildə avstraliyalı bir fanatik protestant Məsciq əl-Əqsanı yandırır. Ancaq bəzi iddialara görə, məscidin yandırılmasını İsrail xüsusi xidmət orqanları təşkil edir. Bu hadisə müsəlman dünyasında böyük etirazlara səbəb olur.

Qeyd edək ki, yəhudi və müsəlmanlarla yanaşı, Qüds, eləcə də Məscid əl-Əqsa xristianlar üçün də müqəddəs məkan mahiyyətindədir. Belə ki, Həzrət İsanın bu torpaqlarda dünyaya göz açması, yaşaması, nəhayət, çarmıxa çəkilməsi bu torpaqlarda baş verib. Qüds xristianlığın başlanğıc yeri kimi xristianlar üçün müqəddəs dəyərə malikdir.

Sonrakı illərdə - 1980 və 1982-ci illərdə iki dəfə əl-Əqsa məscidinin uçurdulmasıan cəhdlər olub. Eyni zamanda məscid Fələstin davasının simvoluna çevrilib. İsrail hökumətinin müəslmanları məsciddən çıxarması cəhdi hər dəfə güclü müqavimətə rast gəlib. 1990-cı ildə İsrail hökumət qüvvələrinin məscidə ibadət zamanı hücumu nəticəsində 30 nəfər ölüb, 800 nəfər isə yaralanıb.

Müşahidəçilərə görə, İsrail hökuməti fələstin və müsəlman müqavimətinin simvoluna çevrilmiş məscidi müsəlmanlardan təmizləmək, sırf “yəhudiləşdirmək” üçün müsəlmanları ordan çıxarmaq, ətrafda yeni təmir-tikinti aparmağa çalışır. Bu isə öz növbəsində müsəlmanların sərt etirazına səbəb olur. Hər il dünyanın müxtəlif ölkələrində min illər boyunca hər 3 dinin müqəddəs ibadət ocağı olmuş məscidin müdafiəsi ilə bağlı aksiyalar keçirilir.

Mənbə:Kənan Rövşənoğlu(Musavat.com)

Картинки по запросу Aksa mescidi

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Sentyabr, 2015  12:29 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!