إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İŞİD-in yox olmasını əngəlləyən güclər

Terror qruplaşmanın indiyədək yaşamasının səbəbləri haqda

ABŞ-ın liderliyi ilə beynəlxalq antiterror koalisiyasının yaradılmasının bir ili tamam olur. 2014-cü ilin avqustunda ABŞ İraq və Suriyada İŞİD-ə qarşı mübarizə məqsədi ilə beynəlxalq koalisiya qurdu. Suriyanın şimalında Kobani (Ayn əl-Ərəb) şəhərinə hücumunun qarşısını almaq üçün ABŞ və Britaniya (daha sonra bir neçə ölkə də qoşuldu - K.R) aviasiyası İraq və Suriyada İŞİD mövqelərini bombalamağa başladı. Daha sonra koalisiya böyüyərək 64 dövləti özündə birləşdirdi.

Ancaq bir il ötüb və ortada ciddi nəticə yoxdur. Əksinə, İŞİD Kobani istisna olmaqla Suriyada bir qədər də irəliləyib, İraqda isə mövqelərini qoruyub saxlayıb. Ancaq bunun əvəzinə Nigeriyada, Liviyada, Misirdə, Yəməndə, Əfqanıstanda və Pakistanda İŞİD-ə beyət edən və ya onun yerli “özəklərini” yaradan qruplaşmalar meydana çıxıb. ABŞ-ın İŞİD üzərində “zəfəri” bir neçə min yaraqlını öldürməsi və silah, texnikanı məhv etməsidir. Bu məlumatlar da Amerika ordusuna aiddir.

Doğrudur, hələ ilk günlərdə amerikalı generallar İŞİD-ə qarşı mübarizənin uzun illər (hətta 30 il deyən də vardı - K.R) vaxt tələb edəcəyini bildirirdilər. Ancaq bir il vaxt az müddət deyil. 64 dövlətin birləşdiyi bir koalisiyanın nədən bir terror təşkilatını yox edə bilməməsinin arxasında hansı səbəblər dayanır? Nəzərə almaq lazımdır ki, məsələn, “əl-Qaidə”dən fərqli olaraq İŞİD gizlənmir, mövqeləri, “sərhədləri”, qərargahları, səngərləri bəllidir. Üstəlik “əl-Qaidə”dən fərqli olaraq İŞİD-ə qarşı İraq və Suriyada çox böyük sayda silahlı qüvvələr yerüstü savaş aparır. İraq, Suriya ordusu, könüllü dəstələr, kürd silahlı birləşmələri, Suriyada müxalif qruplar və sair. Yəni faktiki olaraq İŞİD-ə qarşı böyük bir cəbhə var. Hətta oturuşmuş dövlət olsaydı belə, bu qədər rəsmi, qeyri-rəsmi düşmənləri olan dövlət artıq süquta uğramalı idi.

İŞİD-ın hələ də davam gətirməsinin bir çox səbəbləri var. Daha doğrusu, bölgədə baş verənləri, yayılan xəbərləri incələyəndə bir sıra səbəblər, məqamlar ortaya çıxır. Onları sıralayaq.

Birincisi, İŞİD-ə qarşı mübarizə ciddi şəkildə aparılmır, yalnız müəyyən görüntü üçün və ya məqsədli olanda təşkilata zərbə vurulur. Məsələn, İŞİD-in Kobanidən çıxarmaq üçün koalisiya aviasiyası 5 ay davamlı bombaladı və faktiki kürdlərin (YPG) İŞİD üzərində qələbə çalmasına nail oldu. Yaxud da Ərbilə yönələn İŞİD qüvvələrinin qarşısını almaq üçün sürəkli bombalanmalar oldu və İŞİD geri çəkildi.

İkincisi, İŞİD mövcudluğunu davam etdirməsi və yaranma səbəbi İraqda və Suriyada mövcud hakimiyyətlərin devrilməsi olub və bu gün də əsasən bu istiqamətdə savaşır. Bu isə ABŞ da daxil olmaqla, demək olar ki, anti-İŞİD koalisiyası üzvlərinin əksəriyyətinin hədəfidir. Yəni koalisiya və İŞİD-in ortaq düşməni Bəşər Əsəd və qismən İraq hökumətidir. Bu mənada İŞİD-in məhv olması deyil, əksinə, qorunub saxlanıb Suriya ordusu ilə vuruşması koalisiya dövlətlərinə sərf edir.

Üçüncü məqam, İŞİD-in var olması İraq və Suriyada böyük xaos və deməli, qara bazarda neft, qaz, antik əşyalar, insan, orqan ticarəti kimi “qara” işlərin bölgədə ayaq tutması üçün böyük imkanlar açır. Təbii ki, illik dövriyyəsi yüz milyardlarla dollar edən bu bazarın sahibləri İraq və Suriyada bu cür xaotik vəziyyətin davam etməsində, onun əsas səbəbkarı kimi İŞİD-in qalmasında maraqlıdır. Bu siyahıya silah ticarətini əlavə edəndə nəticə fantastik alınır.

Dördüncü məqam, klassik xaos nəzəriyyəsində olduğu kimi, bölgədə xaosun olması “böyük qardaşlar”, himayəçi gücə, eləcə də dövlətlərə ehtiyac yaradır. Beləliklə, İŞİD-in tərkibində sonu olmayan mücərrəd hədəflər uğurunda savaşan, özünü fəda edən, partladan, saysız qətllərə, cinayətə əl atanlarla yanaşı, onun varlığında, davam etməsində maraqlı olan böyük dövlətlər, güclər var. Onlar üçün İŞİD-in varlığı böyük önəm daşıyır, maraqları təmin olunur. Bu isə İŞİD-in hələ uzun müddət, ən azı daha bir alternativ ortaya çıxana qədər davam edəcəyini deməyə əsas verir.

Mənbə:Musavat.com(Kənan Rövşənoğlu)

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Avqust, 2015  12:26 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!