إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Həzrət Adəmdən (ə) öncəkilər və sonrakılar (2-ci hissə)

Ahlibeyt.az İslam.az-ın təqdim etdiyi İlahiyyatçı Bəhruz Camalın "Yaradılışın ilk dövrlərində insan həyatının xüsusiyyətləri" barədə məqaləsinin 2-ci hissəsini oxuculara təqdim edir.

Başqa bir məsələ isə qədimdə yaşayan insanların uzunömürlülüyü barəsindədir. İnsan fitrətən əbədi yaşamağa meyllidir. Məhz bu meyl əsrlərdir insanın üzünömürlülüyün sirlərini tapmaq üçün araşdırmalar və tədqiqatlar aparmağa vadar etmişdir. Görəsən insanın əbədi olaraq yaşamasını təmin edən bu “dirilik suyu”nu hardan tapmaq olar? Bu mövzuya bir neçə aspekdtdən yanaşacağıq.

Tarix və uzunömürlü insanlar

Dini qaynaqlara nəzər salsaq qədim qövmlərin və peyğəbrlərin uzunömürlü olmaları barədə məlumatlara rast gələcəyik.

İbn Babuvehy “Kəmalüd-din” kitabnda Hz. Nuhun (ə) 850 il peyğəmbərliyindən öncə, 950 il də peyğəmbərlikdən sonra, həmçinin tufandan sonra da 500 il olmaqla ümumilikdə 2300 il yaşadığını qeyd etmişdir. Hz. İbrahim (ə) 175 il ömür sürmüşdür. Hz. İsmayıl 120 il, Hz. İshaq 180 il, Hz. Yəqub 133 il, Hz. David isə 100 il ömr sürmüşdür ki, onun 40 ilini peyğəmbər və hökmdar olmuşdur. Hz. Süleyman 812 il, Hz. Loğman 560 il ömür sürmüşdür. Həmçinin Hz. Yisifin dönəmində yaşayan Misrin Əzizi 700 il, onun atası isə 1700 il ömür sürmüşdür. Dərfə adlı babası isə 3000 il yaşamışdır.

Sonra başqa bir hədisi qeyd edərək buyurur ki, 113 yaşlı Həbabə adlı bir qadın İmam Səccadın duası vastəsi ilə cavanlaşır və İmam Rzanın (ə) zamanına qədər yaşayır və imamamla görüşdükdən 10 ay sonra vəfat edir.

Həmçinin Übəyd ibn Şərid Cərhəmi 350 il yaşadıqdan sonra peyğəmbərin yanına gəldi və müsəlman oldu və əməvi hakimi Əbdülməlik ibn Mərvanın dövrünə qədər yaşadı.

Həmçinin Seyf ibn Vəhəb ibn Xüzeymə Tai 200 il, İrtat ibn Üməyyə Məzni 120 il, Züheyr ibn Ətab ibn Həbl Kəlbi 300 il, Əmru ibn Amir 800 il, Əbu Həbl ibn Əbdullah ibn Kənanə 600 il, Əbul-Təhanə Qeysi 150 il, Mədikərb Himyəri, 250 il, Məstuər ibn Rəbiə ibn Kəb 330 il ömür sürdü. Peyğəmbərin besətindən sonra da həyatda olmasına baxmayaraq İslamı qəbul etmədi (Xəzain, Nərqai, səh 2-11).

Bu siyahnı bir az da artırmaq olar. Lakin məsələnin aydınlaşması üçün bu qədəri də kifayətdir.

Ruhi və cismi xəstəliklər insan ömrünü qısaldan amillərdəndir

Allah-taala insanları yaratdıqda onların ömrünü birini digərinki ilə müqayisədə bərabər təyin etməmişdir. Təcrübə və elmin də isbatladığı kimi, insan ömrünün müddətinin təbii amillərlə birbaşa əlaqəsi vardır. Yaşadığımız dünyada bir çox müxtəlif bakteriya, mikrob və virus növləri kəşf edilmişdir ki, insan həyatının müddətinə təsir etmədə bilavasitə rol oynaya bilər. Bu məcmuənin bəzi amilləri insan yaşayışı üçün təhlükəli olub onun həyatını təhdid etməkdədir. Lakin onların varlığı da bəşərin naqis elmi sayəsində zədələnmiş ekosistemin dövr etməsi üçün zəruridir. Digər tərəfdən də bu gün bəşərin müdaxiləsi nəticəsində müxtəlif növ zərərli və öldürücü zəhərli maddələr yer kürəsində yayılmaqdadır. Maşınqayırma, yeyinti və digər sənaye məhsullarının qarışıq və zərərli tərkibi buna misal ola bilər. Həmçinin məlum statistik göstəricilərə əsasən, dünya cəmiyyətinin yüz milyondan çoxu aclıq və səfalət içindədir. Belə olan halda yer kürəsinin əhalisinin çox hissəsi ilkin gigiyenik vasitələrdən belə məhrumdurlar. Bunun nəticəsində insan bədəninin həyatverici qüvvələri yalnız qismən olaraq fəaliyyət göstərir və getdikcə fəaliyyətdən düşür və nəticədə isə bədən öz müqavimətini itirir. Bəşərin özü üçün yaratdığı müəyyən çətinliklər nəticəsində qazanılan ruhi sarsıntıları da bu məcmuəyə əlavə etsək, məsələnin əhəmiyyəti bir az da artacaq. Həqiqətən də, ruhi sarsıntılar insan ömrünün tükənməsinə gətirib çıxaran amillərdəndir. Cismi xəstəliklərin 80%-i ruhi xəstəliklər və sarsıntılar nəticəsində baş verir. İnsan fiziologiyası ilə işləyən həkimlərin əksəriyyəti insan bədənindəki xəstəliklərin elə bədənin özündən və əsəb sisteminin pozulmasından qaynaqlandığını desə də, əsəb sisteminin özü də cismin bir hissəsi olub beyin vasitəsi ilə birbaşa ruha tabedir.

Sual oluna bilər ki, “bəs nəyə görə keçmiş zamanlarda da insanların həyatı qısa olub?” Cavabında deyərik ki, əgər keçmiş dedikdə uzaq keçmiş nəzərdə tutulursa, görəcəyik ki, o zamanlarda insanların ömrü bugünkü qədər qısa olmamışdır. Həmin dönəmlərdə statistik qurumlar və bu statistikanı qeyd edəcək təşkilatlar olmadığından onların yaşları və yaşadıqları müddət barədə məlumatlar bizə gəlib yetişməyib.  Lakin öz zamanında fərqlənən və cəmiyyətdə müəyyən statusa malik olan şəxslərin həyatı və onların uzunömürlülüyü barədə məlumatlar tarixi, dini mətnlər vasitəsi ilə və yaxud da dildən-dilə ötürülərək günümüzə qədər gəlib çatmışdır. Biz bu mövzuya “nəqli araşdırmalar” bölməsində işarə edəcəyik. Yox əgər keçmiş dedikdə yaxın keçmiş nəzərdə tutulursa, bunun da səbəbi keçmişdəkindən fərqli olaraq bugünkü cəmiyyətdəki kütləvi artımdır. Cəmiyyət artdıqca isə onların tələbatlarının ödənilməsi, cismi və ruhi baxımdan sağlamlıq problemlərinin aradan qaldırılması çətinləşir. Bu baxımdan da həyat müddəti getdikcə qısalır.

Bu deyilənləri nəzərə almasaq belə, bu gün elm sübut edib ki, insan sosial tələbatlarından qaynaqlanan ehtiyaclarını doğru-düzgün ödəyib cismi və ruhi aramlığa və sağlamlığa nail olarsa, həyat müddətini uzada bilər. Bəşərə təcrübələr və ya digər vasitələr nəticəsində aydın olub ki, insanın həyatı və diri qalması üçün deyil, ölümü üçün səbəb lazımdır. Məhz elə buna görə də kiminsə ölüm xəbərini eşitdikdə dərhal “nədən öldü?”, “nə xəstəliyi vardı?” və s. soruşuruq.

Dünyadan köçən hər bir kəsin ölüm səbəbi hər hansısa bir xəstəlikdir. Tibb deyir ki, əgər hər bir insan gigiyenik qaydalara riayət edərsə, daim sağlam qalaraq uzun müddət yaşamağa qadirdir. Bu insan orqanizmindəki bütün hüceyrələrə də aiddir. Bu mənada ki insan orqanizmini təşkil edən hər bir kiçik hüceyrə zərərli və məhvedici təsirlərdən uzaq olarsa, uzun müddət yaşama qabiliyyətinə malikdir.

Dr. Karl: “Zaman ötməsi qocalığa gətirib çıxaran səbəb deyil”

Bioloq, fizioloq və cərrah Dr. Aleks Karl “İnsan adlı məchul” kitabının beşinci fəslində bu barədə əhatəli şəkildə danışaraq qeyd edir ki, əgər qidaların tərkibi sabit saxlanılarsa (yəni sağlam və sabit qida rasionuna malik olsaq), hüceyrələr kompleksi daim öz fəaliyyətinə davam edəcəkdir. Əgər həcmin artmasının (kökəlmənin) qarşısı alınarsa, insanda qocalma da baş verməyəcək. O, Amerikanın “Rokfeller” elmi-tədqiqat mərkəzində tədqiqatla məşğul olduğu zaman heyvanın bədənindən ayrılmış üzvünün heyvanın adi yaşayış müddətindən də çox saxlanılmasına nail olmuşdur. O, cücənin bədənindən ayrılmış üzvü 8 il diri və canlı saxlamağa nail olmuşdur. Bu alim öz elmi araşdırmaları və apardığı təcrübələr barədə ətraflı söhbət açaraq deyir:

“Əgər diri hüceyrələrdə qida çatışmamazlığı olmayıb onlara mikrobların nüfuzunun qarşısı alınarsa, onlar davamlı olaraq sağ və diri qalacaqdır. Əlavə olaraq qeyd olunan bu üzvlər (hüceyrələr) heyvanın bədəninin bir parçası olduğu zaman inkişaf edib çoxalmaya malik olduqları kimi, diri olduqda da inkişaf və çoxalma qabiliyyətinə də malikdirlər. Hətta bu inkişaf və çoxalmanın əndazəsini onları qidalandırmaqla da ölçmək olar”.

Bu böyük alimin əhatəli araşdırmasının nəticəsi bundan ibarətdir ki, hüceyrələrin zəifləməsinin və onların fəaliyyətinin dayanmasının səbəbi zamanın ötməsi ola bilməz. Onlarda qocalığın azacıqda olsa təsiri müşahidə olunmur. Deməli, məlum olur ki, qocaqlıq səbəb deyil, nəticədir.

Qocalıq səbəb deyil, nəticədir

Dr. Aleks və həmçinin digər elm adamları bu təcrübəni insandan ayrılan ürək, böyrək, əzələ, dəri və s. üzvlər üzərində keçirmişlər. Nəticədə həmin üzvlərə lazımi qida maddəsinin ötürüldüyü müddətcə diri və inkişaf etdiyinin şahidi olmuşlar. Dr. Alex toyuqdan ayrılmış bir ürək üzərində apardığı təcrübə zamanı onu qida maddələri ilə zəngin bir mühitdə saxlamışdır. Əldə etdiyi böyük elmi nailiyyət və nəticədən biri də zamanın ötməsinin həmin ürəyin zəifləməsinə, inkişaf və fəaliyyətinin dayanmasına az da olsa təsir etməməsi olmuşdur. Buna əsasən, alimlərin əldə etdiyi nəticə budur ki, lazımi qida maddələri və diri bir mövcudun ehtiyac duyduğu hər bir şey ona yetişərsə, zamanın ötməsi onun zəifləmə və qocalmasına azacıq da olsa, təsir etmə imkanına malik deyil.

İlk olaraq bu təcrübəni heyvanlardan ayrılmış üzvlər üzərində aparan şəxs “Rokfeller” elmi-tədqiqat mərkəzində fəaliyyət göstərən Dr. Bob Lob olmuşdur. O, mayalandırılmış yumurta hüceyrələrindən qurbağaların inkişafını tədqiq etdiyi zaman onlardan bəzilərinin uzun müddət yaşadığını və bəzilərinin isə tez öldüyünü müşahidə etmişdir. Elə bu məsələ onun bu təcrübəni qurbağadan ayrılmış üzvlər üzərində həyata keçirməsinə bais olmuşdur. Bu təcrübələr nəticəsində onların uzun müddət diri qalmasına nail ola bilmişdir.

Qocalığın səbəb olmadığı aşkarlandıqdan sonra insanın nə üçün və hansı səbəbdən ölməsini və yaşayış müddətinin qısalmasını araşdırmaq maraqlı olardı.

Nəyə görə qocalırıq?

Bu sualın cavabında deyə bilərik ki, insanın və heyvanın bədən üzvləri çox və müxtəlifdir. Bu üzvlərin arasında müxtəlif rabitə və bağlılıq vardır ki, birinin həyatı digərinə bağlı və ondan üstündür. Əgər hər hansısa bir səbəbdən bu üzvlərdən biri zəifləyib ölərsə, digərlərinin də zəifləməsinə və nəticədə ölməsinə gətirib çıxaracaq. Buna dəlil olaraq mikrobların hücumundan baş verən ani ölümləri misal göstərmək olar. Bu məsələlər insanlardakı orta ömür müddətin 80 ildən az olmasına gətirib çıxarmışdır. Xüsusilə də bəzi uşaqlar bu təsirlər nəticəsində hələ körpə ikən dünyasını dəyişir. Bu günə qədər isbatlanan şey budur ki, bir şəxsin ölümünün səbəbi onun 70 və ya 80 il yaşaması deyil, hansısa xəstəlik və dağıdıcı amil bədən üzvlərindən (hüceyrələrindən) birinə həmlə edərək, onun müqavimətini sarsıdaraq məhv etməsidir. Üzvlər arasındakı rabitənin varlığını nəzərə alaraq deyə bilərik ki, bir üzvün ölməsi (hüceyrə kompleksinin dağılması) digərinin də zəifləməsi və nəticədə ölümünə gətirib çıxarır. Deməli, elm bu yan təsirlərin və insan orqanizminin məhvinə gətirib çıxaracaq amilləri zərərsizləşdirərək onların təsirinin qarısını alacaq vasitələri taparsa, artıq bir neçə yüz və ya min il yaşamaq üçün heç bir maneə olmayacaq.

Gofland adı ilə tanınmış Almaniyalı alim bəşərin adi yaşayış müddətinin 200 il, 19-cu əsrin məşhur fiziloqu Flüger bunun 600, İngiltərəli Cou Bink isə min ilə bərabər olduğunu qeyd etmişlər. Lakin onlar bu dedikləri konkret yaş sərhədləri üçün heç bir dəlil təqdim etməmişlər.

Həkimlərdən biri deyir: “İnsanın ömrünün müddəti və həmin müddəti keçdikdən sonra yaşamasının qeyri-mümkün olması üçün heç bir hədd təyin olunmamışdır. İnsanın bədən üzvləri ayrı-ayrılıqda uzun müddət yaşamaq xüsusiyyətinə malik olaraq qurulub”.

Alimlərdən biri insan ömrünün digər varlıqların ömrü ilə müqayisəsi barədə geniş araşdırmalar apardıqdan sonra insan bədəninin min illərlə yaşamaq xüsusiyyətinə malik olaraq qurulduğu qənaətinə gəlmişdir.

İnsanın bədən üzvləri uzunmüddətli yaşayış qabiliyyətinə malikdir

Bəzi alimlər deyirlər: “Canlıların bədən üzvləri uzunmüddətli yaşamaq qabiliyyətinə malikdirlər. Heç bir hadisə baş verməzsə (yan təsirlər olmazsa), insan min illərlə ömür sürə bilər”

“Cons Mans” Universitetinin müəllimi Raymon Virl deyir: “İnsanın bədən üzvlərini uzunmüddətli yaşamaq qabiliyyətinə malikdir. Bu məsələ dəfələrlə aparılmış təcrübələr nəticəsində də öz isbatını tapmışdır“.

“Kaliforniya” Universitetinin patoloji dəyişkənliklər üzrə mütəxəssisi olan Roy Li və Valfordun dediklərinə əsasən, qocalıq hüceyrələrin yerini dəyişməsindən qaynaqlanan uzunmüddətli bir xəstəlikdir. Qocaqlığın müəyyən mərhələləri maddələr mübadiləsinin, vəzilərdəki ifrazatın və s. pozulması kimi fiziologiyanın dağılmasındakı qanunauyğunluqlarla bağlıdır”.

Qərb alimlərindən biri deyir ki, bağırsaqdakı mikrobların fermentasiyasından yaranan zəhərli maddələr və qəbizlik qocalığa gətirib çıxaran amillərdən olması mümkündür. Əgər bunların qarşısı alınarsa, insan ömrünün müddəti uzana bilər. Elmi cəhətdən də bu xəstəliyin müalicəsi mümkündür. Təcrübəli mütəxəssislərin səyi nəticəsində bu iş gələcəkdə praktiki olaraq həyata keçiriləcək.

Qeyd olunanları nəzərə alaraq deyə bilərik ki, insanın  uzunömürlü olması elm və əqlin ziddinə deyil. Bəlkə də, məhz elə bu təfəkkür yeni elmi kəşflərin yaranmasına səbəb olmuşdur. Belə ki, bəlkə də bu təfəkkür nəticsində bəşərin uzun müddət elmi araşdırmalardan sonra uzunömürlülüyün sirrini kəşf edəcəyinə gətirib çıxaracaq.

Məqalənin əvvəli bu linkdə:http://ahlibeyt.az/news/a-3532.html

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 İyul, 2015  14:00 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!