إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Ailədaxili münaqişələrdən necə qurtulaq?

Bizə ər-arvad münasibətində soyuqluq, ailədaxili münaqişələr, evli cütlərin biri-birlərinə qarşı meyil və maraqlarının azalması ilə bağlı çoxlu suallar ünvanlanır. Bu problemlərin həllindən ötrü psixoloqlara, həkimlərə və məhkəmə salonlarına müraciət edənlər həddən artıq çoxdur. Müştərək həyatdakı bir çox problemlərin həll olunmasından ötrü aşağıda qeyd edəcəyim mərhələləri keçərək həyatınızda tətbiq etməyi bacarsanız, güman edirəm ki, təsirli və qənaətbəxş nəticə əldə edə biləcəksiniz.

Birinci mərhələ:

1. Həyatın inkarolunmaz iki qanununu qəbul etməlisiniz;

a) Bütün insanların həyatında eniş və yoxuş, rifah və yoxsulluq, pislik və yaxşılıq, şadlıq və qəm-qüssə, gülüş və göz yaşları, dost və düşmən və s. vardır.

Deməli, hamının həyatında problem vardır. Bütün evli cütlüklərin həyatında müəyyən problemlərin olması təbiidir. Elə bir ailə yoxdur ki, kişi və qadın bir-birini sonsuz həddə sevsin, lakin aralarında münaqişə, mübahisələr olmasın və heç bir kin-küdurət yaranmasın. Bu həyat keşməkeşlərlə doludur. Həyatın çətinliyi, ər-arvad arasındakı qalmaqallar, çəkişmələr bu həyatdakı təbii prosesdir və heç kəs bundan istisna deyildir. Siz də bu planetə Aydan gəlməmisiniz və bu proseslər sizin üçün də təbii olmalıdır. Hədisdə buyurulduğu kimi, “Bir möminin misalı ağac budağının misalı kimidir. Küləklər onu oyan-buyana əyir. Mömin xəstəlik və dərdlərlə də əyilib qalxır. Lakin münafiqin misalı dəmir əsanın misalı kimidir. Ona ölüm sorağına gəlib belini sındıranadək heç nə təsir etmir”. (İmam Sadiq, Usuli-Kafi c. 2, səh. 258)

b) Hər bir insanın vücudunda, hətta onların ən yaxşılarında belə, nöqsanlar vardır. Heç bir şəxs kamil və ideal deyildir. Hər kəs müəyyən xüsusiyyət və xasiyyətlərinə görə fərqlidir.

Deməli, bu qanuna əsasən, ərinizlə və ya xanımınızla münaqişə zamanı dərhal ondan yaxşısını axtarmaq və ona sarı yönəlmək kimi fikirləri başınızdan atın. Çünki dediyimiz kimi ideal insan yoxdur. Üz tutduğunuz insanda da həmin qüsurlar olmasa da, başqa qüsurların var olması mümkünlüyü qaçılmazdır. Həzrət Əli (ə) bu barədə belə buyurur: “İnsanlar ağaclara bənzəyir. Suları eynidir, meyvələri isə müxtəlifdir”. (Durərul-kəlim, c. 2, səh. 136, hədis. 2097). Ona görə də, hər münaqişədə ailəni tərk edib getmək əvəzinə ailəyə yaxınlaşmaq arada olan soyuqluğu və ixtilafı düzəltmək üçün vasitələr və yollar axtarın.

Deməli, bu iki qanunu nəzərə alaraq, bütün problemlərə, qadınla kişi arasındakı dünya görüşü fərqlərinə və xasiyyətlərindəki müxtəlifliyə baxmayaraq, şirin və aram həyat yaşaya bilərik.

İkinci mərhələ:

2. Eşq və məhəbbətin 3 ünsürünü öz həyatınızda tətbiq etməniz;

Psixoloqlardan biri deyir: “Eşq bir üçbucaqdır. Onun tilləri isə səmimiyyət, vəfadarlıq və intim münasibətdir”. Yenidən həyat yoldaşınıza aşiq olub, onu özünüzə aşiq etmək istəyirsinizsə, istər özünüzdə, istərsə də yoldaşınızda bu 3 tili imkan daxilində gücləndirməlisiniz. Əvvəllərdə çətin olacaq və ya deyəcəksiniz ki, "niyə birinci addımı mən atmalıyam?" Lakin iradənizi gücləndirib, bu addımı atsanız nəticələrini də görəcəksiniz.

a) Yoldaşınızla səmimi davranın.

Bütün hallarda yoldaşınızla səmimi davranın. Ona yaxınlaşmq üçün bütün yolları sınayın. Ona mənfi və müsbət duyğularınızdan, fikirlərinizdən, arzularınızdan, dini görüşlərinizdən, gərginliklərinizdən və problemlərinizdən danışın. Özünüzün cinsi ehtiyaclarınızdan söhbət açın və onun da cinsi ehtiyacları barədə öyrənməyə çalışın. Dediklərinə qulaq asın, ona həmdəmlik edin, fikirləri sizi qane etməsə də belə onun fikirlərinə, seçimlərinə ehtiramla yanaşın. Onunla fəxr etdiyinizi ona göstərməyə çalışın. Ona eşq və məhəbbətamiz sözlər söyləyin. Əvvəllər məktub yazıb göndərərdilər. Lakin indi bu daha da rahat olub. Mobil telefon və sosial şəbəkələrdən istifadə vasitəsi ilə ona məktub yazın, məhəbbətinizi göstərməyə çalışın. Onu oxşayın, əzizləyin, öpün, istirahətə çıxaraq təbiətdə vaxt keçirib əylənin. Çalışın vaxtınızın çox hissəsini onunla keçirib onunla bir yerdə olmaqdan həzz aldığınızı ona göstərməyə çalışın. Hər etdiyi səhvi tez üzünə vurmayın və lazım gəldikdə onun səhvini başa salıb bağışladığınızı söyləyin. Hərdən onu adı ilə çağırıb gözlərinə baxaraq, təbəssüm edin. Xülasə, hər hansı vasitədən istifadə edə bilirsinizsə, edin.

Sizinlə bu cür olmasını ona da öyrədin. Onun öz hislərini etiraf edib səmimi rəftar qurmağı bacarmaması mümkündür. Sizin də ömür boyu ona sizinlə necə rəftar etməsini təkrarlayıb öyrətməniz mümkündür. Bunun heç bir eybi yoxdur. Çünki bəzi insanlar qapalıdır və hislərini aşkar şəkildə biruzə verməyi bacarmırlar. Ona görə də bu məsələdə bir-birinizə yardımçı olmalısınız.

Allah Rəsulu (s) ər-arvad arasındakı səmimi münasibət barədə belə buyurur:

- “Kişinin öz qadınına “mən səni sevirəm” söyləməsi heç vaxt qadının qəlbindən çıxmaz.” (Şafi, c. 2, səh. 138)

- “Ən yaxşı qadın ərinə qarşı məhəbbəti çox olan qadındır.” (Bihar, c. 103, səh. 235)

- “İnsanın imanı kamilləşdikcə, yoldaşına məhəbbəti də çoxalar”.

- “Ər və arvad bir-birinə sevgi məhəbbət dolu baxışlarla baxdığı zaman, Allah da onlara rəhmət gözü ilə baxar (Yəni onların üzərinə öz rəhmətini nazil edər). (Nəhcül-fəsahə, səh. 278, hədis. 621)

Başqa bir yerdə isə Həzrət Əli (ə) buyurur:

“Həyatın səfalı olsun deyə, yoldaşınla xoş rəftar et!” (Mən la yəhzuruhul-fəqih, c. 4, səh. 5834)

b) Yoldaşınıza qarşı vəfadar olun;

İstər qadın, istərsə də kişi bu məsələlərdə çox diqqətli olmalı, yoldaşlarına qarşı vəfadarlığı əldən verməməlidirlər. Çünki ailə təməlinin ən əsas strukturlarından biri də məhz vəfadarlıqdır. Həzrət Rəsulullah (s) bu barədə belə buyurur:

- ”Xanımlarınıza vəfadar olun ki, onlar da sizə vəfadar olsunlar”

- “Həya yaxşıdır, lakin qadınlar üçün daha da yaxşıdır.”

- “Həya ondursa, onun doqquzu qadınlara əta olunub.”

- “Abırlı və ismətli olun ki, qadınlarınız da abırlı və ismətli olsun!”

Həzrət Əli (ə) buyurur: “Küçədə bir qadına heyranlıqla baxdığınız zaman, xanımınızın yanına gedin. Gördükləriniz onda da var. Elə isə, qəlbinizdə Şeytana yol açmayın və gözünüzü o (naməhrəm) qadından çəkin!”

c) Aranızdakı qadın-kişi məsələlərini (intim həyatınızı) qaydasına salın;

Aliədaxili münaqişələr bir çox hallarda məhz intim istəklərin tənzimlənməməsi, cütlüklərin bir-birlərindən razı qalmamasından yaranır. Ona görə, bu məsələyə xüsusi diqqət edilməlidir. Dinimizdə də bu barədə kifayət qədər məlumatlar və tövsiyələr qeyd olunmuşdur. Allah Rəsulu (s) buyurur:

“Kişilər, xanımlarınızın meyilinə uyğun libaslar geyinin! Evdə də səliqəli olub özünüzə diqqət edin! Xanımınızın diqqətini mahiranə formada özünüzə cəlb edin! Bu hərəkətlə onun sizə olan ehtirasını qaldırın...!”

İmam Əli (ə) isə bu barədə belə buyurur: “Bir kəs qadını ilə yaxınlıq etdiyi zaman tələsməsin. Qadınların da ehtiyacları vardır.”

Allah tövfiq əta edərsə, gələn yazılarda da ayrı-ayrı problemləri qabardaraq məhz dinin göstərişləri və buyurduqıarı əsasında bu məsələlərin həllinə çalışacağıq.

Bəhruz Camal

"AzadNews" qəzeti

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 İyul, 2015  13:51 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!