إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

İslam cəza hüququ və müasir çağımız

İslam cəza hüququ yetərincə araşdırılmamış mövzulardandır. Namaz, oruc kimi geniş yayılmış məsələlərdən fərqli olaraq, Əhli-beyt alimləri cinayət, cəza və cəza-icra hüquqlarının tədqiqinə ciddi ehtiyac duymamış, siyasi iradəyə bağlı olduğu üçün məsələ praktik əhəmiyyətini itirmişdir.


İslam cəza hüququnun tətbiqi müasir alimlər arasında mübahisəli mövzulardandır. Bəzi alimlər qeyb dövründə, yəni İmam Mehdinin gəlişinə qədər onun tətbiqini yolverilməz hesab edir, digərləri isə hər halda mümkün sayırlar. Az da olsa, üçüncü qisim alimlər də var və onlar bu hökmlərin ümumiyyətlə, düzgün başa düşülmədiyini iddia edirlər.Onlara görə, məsələn, Quranın “Oğru kişi ilə oğru qadının əllərini kəsin” (Maidə/38) ayəsində keçən “əl” sözü imkan, qüdrət anlamındadır.Yəni oğrunun bu işə bütün yollarını bağlayın, imkanlarını, azadlığını məhdudlaşdırın, həbs edin, vəzifəsinə görə oğurluq edirsə, vəzifədən kənarlaşdırın və sair.
Xatırladaq ki, İmam Mehdinin gəlişinə qədər İslam cəza hüququnun tətbiqini yolverilməz hesab edən alimlər cinayətkarın cəzasız qalmasını yox, dövlət tərəfindən dövrə uyğun olaraq nəzərdə tutulan formada cəzalandırılmasını vacib sayırlar.
İslam cəza hüququnun sərtliyinə gəlincə, unutmayaq ki, bu cəzalar məsihilik (xristianlıq) və yəhudilikdə daha sərt olub. Məsələn, haqqında çox danışılan və əslində, İslama aidiyyəti olmayan daşqalaq cəzası yəhudilikdən qalmışdır ki, sonralar bəzi xəlifələr tərəfindən yanlış olaraq, müsəlmanlara qarşı da icra olunmuşdur. Bu söz Bibliyada 49 dəfə işlənmiş, atanın şikayət etdiyi sözə baxmayan və bədxərc oğulun, hər hansı səbəbdən bakirəliyi pozulmuş olan gəlinin, cindarların, mürtədlərin, hətta buynuzla vurub insan öldürən mal-qaranın da daşqalaq edilməsi əmr olunur.Bütün bunların, habelə dövrünün digər ağır cəza tədbirlərinin yanında İslam cəza hüququ çox yumşaq idi.

Oğrunun əlinin kəsilməsi barədə deyə bilərik ki, əvvəla, İslamda əl kəsmək hökmü yoxdur. Burada bütün əldən deyil, dörd barmaqdan söhbət gedə bilər. Kimsə barmaq yerinə baş kəsirsə, bu artıq İslamın problemi deyil. Digər tərəfdən, bu hökm hər oğruya şamil edilmir. Uyğun cəzanın icrası üçün oğru yetkinlik həddinə çatmış, oğurluq zamanı ağlı başında olmalı, fiziki şəxsdən, özü də bağlı, qorunan yerdən oğurlamalıdır, oğurladığının başqasının malı və oğurluğun haram əməl olduğunu bilməlidir, özü bilavasitə qorunmanı dəf etməli, məsələn, qıflı açmalıdır, oğurluğa məcbur edilməməli, təhdid olunmamalı, yaxud həqiqətən, çarəsizlikdən bu addımı atmış olmamalı, bu cinayət kütləvi yoxsulluq zamanı baş verməməli, oğurlanan əşyanın sahibi şikayətçi olmalı, cinayəti sübut olunmazdan qabaq oğru tövbə etmiş olmamalıdır və sair (Daha ətraflı bax: Nəcəfi M. “Cəvahir əl-kəlam”, 41/475-563).

Bəzi alimlər bunu da əlavə edirlər ki, cəmiyyətdə İslamın istədiyi ictimai ədaləti təmin etdikdən sonra oğurluq edənin barmaqlarını kəsmək olar. Bütün bunları nəzərə alsaq, uyğun hökmün şamil olduğu oğruya çox nadir hallarda rast gələrik və bundan aydın olur ki, barmaq kəsmə cəzası daha çox qabaqlayıcı effektə malik olub cəmiyyətin mülkiyyət təhlükəsizliyinin təmininə hesablanıb.
Bir daha vurğulamalıyıq ki, bu kimi məsələlər İslam hüququ baxımından daha dərindən işlənib araşdırılmağa ehtiyaclıdır. Bu hüququn bütün müsəlmanlar tərəfindən qəbul olunan “Dər” qaydasına (Səduq M. Əl-Fəqih, 4/74) görə, kiçicik şübhə mövcud olarsa, heç bir cəza tətbiq edilə bilməz. “Şübhə” dedikdə həm cinayətin predmetinə, həm də hökmünə, cəzasına dair qaranlıq məqamlar nəzərdə tutulur. Yəni hər hansı şəriət cəzasının tətbiqinin həqiqətən, Allah tərəfindən istənilməsi qəti şəkildə bəlli olmayınca onu tətbiq etmək olmaz. Çünki bu məsələlər taleyüklü məsələlərdir və bəzən insan həyatı söhbətin mövzusu olur. Bu haqda Peyğəmbərdən qeyd olunan bir hədisdə belə deyilir: “Cəzaları bacardığınız qədər müsəlmanlardan dəf edin. Müttəhimin xeyrinə çıxış yolu varsa, müraciət edin. Çünki başçının əfvdə səhvə yol verməsi, cəzalandırmaqda səhvə yol verməsindən yaxşıdır” (Tirmizi M. Əs-Sünən, 3/85).
Bütün bu maneələri aşdıqdan sonra isə yenə də bir məsələ qüvvəsində qalır: şəriət hakimi - İslam cəza sisteminin icrasına rəhbərlik edən və məsuliyyət daşıyan şəxs və ya qurum  daha mühüm məsələləri nəzərə alaraq, müəyyən cəza üsullarını dəyişdirmə hüququna sahibdir.
Xatırladaq ki, İslam cəza hüququnda ölüm hökmü nəzərdə tutulub, lakin onun mütləq boyun vurmaqla icra olunmasına təkid göstərilməyib. Erkən İslam çağında edam üsullarından biri kimi bundan istifadə olunması mümkündür və günümüzdə başqa üsullarla əvəzlənə bilər. Müasir terrorçuların qurbanlıq qoyun sayağı insan başı kəsməsi isə onların sələfləri sayılan xəvaricdən, Yeziddən qalma ənənədir və tarixdən məlum olduğu kimi, Peyğəmbərin nəvəsi İmam Hüseynin başı məhz Yezidin əmrilə kəsilib Şama göndərilmişdi. Ölmüş bir adamın başını kəsmək artıq vəhşiliyin son dərəcəsidir ki, İslamda qəti qadağan olunmuşdur və təəssüf ki, yenə də Kərbəla faciəsində buna rast gəlirik.

Allah-Taala hələ çox qədimdən İsmayılı qoçla əvəzləməklə insanın qurbanlıq olmadığına dair açıq mesaj  verib və insan haqlarının əhəmiyyətini bildirib. Bu arada bütün düşmənlərin birləşərək müsəlmanlara hücum etdiyi Xəndək döyüşü zamanı İmam Əlinin guya Əmr ibn Əbdivədin başını kəsməsinə də toxunmaq vacibdir.Unutmayaq ki, bu hadisə müxtəlif qaynaqlarda fərqli şəkillərdə qeyd olunmuşdur. Bəzi qaynaqlarda onun döyüş əsnasında xəncərlə Əmrin boynunu vurması, bəzilərində boynunun damarını kəsməklə, bəzilərində isə sinəsinin yuxarı hissəsinə zərbə endirməklə öldürməsi göstərilir ki,həqiqətə daha yaxın versiyalar kimi qiymətləndirilməlidir.

Mənbə:Vüsal Hüseynzadə musavat.com
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 İyun, 2015  18:09 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!