إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Hacı Şahin Həsənli - Dini ayinləri icra etməyən insan Allaha və dinə sayqı ilə yanaşırsa dindar hesab edilə bilər

Azərbaycan cəmiyyətinin böyük əksəriyətini dindar saymaq mümkündür. Təəssüf ediləcək hal budur ki, bəzən cəmiyyətdə qütbləşmə meylləri olur. Müəyyən qruplar dindar adını öz üzərinə götürərək digərlərini dindar hesab etmirlər.

Ahlibeyt.az-ın məlumatına görə,bu fikirləri İlahiyyatçı alim,"Məşədi Dadaş"məscidinin imam cüməsi Hacı Şahin Həsənli contact.az-a müsahibəsi zamanı bildirmişdir.Dindarların cəmiyyətə inteqrasiyası, bu interqrasiyanın vəziyyəti, problemli  tərəfləri barədə İ müsahibənin tam mətnini təqdim edirik

- Hacı, dindarların cəmiyyətə inteqrasiya prosesi haqda nə deyə bilərsiniz?

- İlk növbədə “dindar” məfhumunun özünü nəzərdən keçirməliyik. İstənilən halda hansısa sosial təbəqələr adı ilə cəmiyyətdə qütbləşmə tərəfdarı deyiləm. Düşüncəmə görə isə, dindar Allaha inanan və vacib buyurulan əməllərə əməl edib-etməməsindən asılı olmadan dinə inanan şəxsdir. Gündəlik dini ayinləri icra etməyən insan belə Allaha və dinə sayqı ilə yanaşırsa, o, dindar hesab edilə bilər. Bu mənada, dindar sayılan təbəqənin dairəsi daha genişdir və hansısa bir qrupa dindar adının verilməsinin tərəfdarı deyiləm.

Düşüncəmə görə, Azərbaycan cəmiyyətinin böyük əksəriyətini dindar saymaq mümkündür. Təəssüf ediləcək hal budur ki, bəzən cəmiyyətdə qütbləşmə meylləri olur. Müəyyən qruplar dindar adını öz üzərinə götürərək digərlərini dindar hesab etmirlər. Başqalarına yuxarıdan aşağı baxmaq tendensiyası yaşanır. Dinin birləşdirici dəyər olması nəzərə alınsa belə, mövqe özü yanlışdır. Din Azərbaycan xalqının ortaq dəyəridir, ortaq dəyər kimi də daha çox pozitiv rolda olmalıdır, nəinki, dağıdıcı. Ona görə də cəmiyyətə inteqrasiya deyiləndə qeyd etmək lazmdır ki, bu cəmiyyət inanclı insanlara yad deyil, dindarlar da bu məsələdə qarşı tərəf deyil. Bu dəyərləri xalq və millət əsrlər boyu yaşadıb. Bu dəyərlər siyasi mövqedən, əqidədən asılı olmadan, insanların ümumi dəyəri və istinad nöqtəsi olmalıdır.

- Dindar olmaq cəmyyətdən fərqlənməkdirmi, əgər belədirsə, bu mövqe inteqrasiyaya mane olurmu?

- Təəssüf ki, bu fərqlənmə inteqrasiyaya maneçilik törədir, halbuki, tam əksi olmalıdır. İnancın, imanın dərəcələri var. İnsan var dinə bir qədər əməl edir, digəri bir qədər artıq əməl edir. İnsan dinə daha çox əməl etdikcə daha çox da təvazökar olmalıdır. Bu müstəvidə dindar özünü hamıdan yüksək yox, lazım gələrsə hamıdan aşağı sanmağı bacarmalıdır. Hədislərdə də qeyd edilir ki, gördüyün hər kəsi özündən üstün hesab et. Bir neçə ayini, dini ibadəti icra etməklə kiməsə yuxarıdan aşağı baxmaq olmaz. Təəssüf ki, bəziləri belə təvazödən uzaq düşür. Bəziləri dini ayin və ibadətləri əmələ gətirdiyinə görə hamını özünə borclu bilir, insanların səhv və günahlarına aqressiv mövqe tutur. Halbuki, dinin əsas qayəsi insanları bir-birinə sevdirməkdir. İnsan nə qədər yüksək mənəvi dərəcəyə çatmış olursa olsun, günahkar hesab etdiyi insanları da sevməlidir, onlara belə hörmət və sayqı ilə yanaşmalıdır. Əlindən gələn vasitələrlə onları düz yola istiqamətləndirməlidir. Bu, insanlara sevgidən qaynaqlanmalıdır. Hətta insan kiminləsə sərt davranmağa məcbur olursa belə, bunun özü də məhəbbətdən qaynaqlanmalıdır. Bəzən insanı düz yola qaytarmaq üçün sərt davranışa ehtiyac olur. Bu sərt davranış cəzalandırmaq yox, elə sevgi ilə “düz yola qayıt” düsturu olmalıdır. “Quran-i-Kərim”də Allah-u-Təala nümunə olaraq Məhəmməd peyğəmbər (s.a.a.s)-ın özünü göstərir. O, ona yad olan bütpərəst cəmiyyətdə dini təbliğ edirdi, amma özünü kimdənsə ayırıb üstün bir şəxs kimi aparmırdı. O, sadə insanlara qaynayıb qarışırdı, öz dəyərlərini insanlara mehriban tərzdə çatdırırdı. Bir çox insanlar doğru yola yönəlməyəndə peyğəmbər hansısa nöqsana yol verməsini güman edərək özünü qınayırdı. Halbuki, peyğəmbər kamil insan idi. Yəni, din insanlara sevgini aşılayır. Bəziləri isə, təəssüf ki, dinə yanlış yanaşır, dindən başqa məqsədlər üçün istifadə edir. Buna görə də hansısa qrup maraqları yaranır, hansısa siyasi məqsədlər önə çıxır. Bunun  nəticəsində də insan elə “din vasitəsilə” cəmiyyətə yadlaşır.

- Din adı altında bəzi qruplaşmaların insanların müsəlman olub-olmadığını müəyyən etmək rəzilliyi nədən qaynaqlanır?

- Bəzi hallarda bu, bilməzlikdən, nadanlq və cahillikdən qaynaqlanır. Cahilliksə bəşəriyyətin bəlasıdır. Din tarixinə baxdıqda şahidi oluruq ki, cahillik inanca böyük zərbələr vurub. İnsanın fikir kasadlığı belə nəticələrə gətirir. “Quran”ı,  dini mətnləri səhv anladıqda, onlara əhatəli yanaşmadıqda, ayrı-ayrı ayələri, “Quran” ın hökmlərini  kontekstdən çıxararaq araşdırdıqda, özünə sərf edən tərzdə və öz daxili aləminə uyğunlaşdırdıqda belə fəsadlar meydana çıxır.

İnanclı insanların hər biri öz daxili aləmlərini dini dəyərlərə uyğunlaşdırmalıdır. Bəziləri eyiblərini gizlətmək, bəziləri etimad qazanmaq naminə daxili eybəcərlik və çirkinliklərini din pərdəsi arxasında gizlədirlər. Halbuki, din bizim daxili aləmimizi zənginləşdirmək üçündür. Dini öz istəklərimizə yox, istəklərimizi dini həqiqətlərə uyğunlaşdırmalıyıq.

İnsanın cilovlanmayan nəfsi bəzən dini dəyərləri istismar etməyə qadirdir. Bunun araxasında həm də bir mənəviyyatsızlıq dayanır. Bəzi insanlar təbiət etibarilə aqressivdir, istər dindar olsun və ya əksinə, olmasın, aqressivliyini, qisasçılığını kiməsə qarşı hansısa şəkildə reallaşdırmaq istəyir. Bəziləri bu məqsədlərə çatmaq üçün dindən, bəziləri millətçilikdən, nə bilim solçuluq və ya sağçılıqdan istifadə edirlər. Bununla insan əslində aqressivliyini əsaslandırmaq üçün hansısa əqidəyə üz tutur. Bir sözlə, dözümsüzlük insanın daxili eybəcərliyi və insan daxilindəki mənfi xüsusiyyətlərin bu şəkildə üzə çıxmasıdır.

- Fikrinizcə, belə münasibət nəyin nəticəsidir?

- Din, inanc və dindar haqqında cəmiyyətdə uzun 10 illər boyu yanlış təsəvvürlər, stereotiplər formalaşdırıblar. Bunda bəzi “dindarlar”ın da günahı var. Bəziləri bunu kənardan süni şəkildə formalaşdırır. Bu stereotiplərin dağıdılmasında özünü dindar kimi təqdim edən insanların rolu çox böyük ola bilər.

Cəmiyyət bütünlükdə dindar olsa da, bu mənada gündəlik dini aiynləri icra edən insanların üzərinə böyük məsuliyyət düşür. Bunlar özlərini din təmsilçisi hesab edirlərsə, doğrudan da dini cəmiyyətdə təmsil etməyi bacarmalıdırlar. Ümumiyyətlə, cəmiyyətdə nümunələr olmalıdır. İnanclı insan dedikdə bir fədakarlıq nümunəsi, savadlı, bilikli, əxlaqlı  insan göz önündə canlanmalıdır. Amma hamıdan narazı, qaşqabaqlı, cahil, nadan, inkarçı insan canlanmamalıdır.  Dindar dedikdə mütərəqqi, savadlı, ziyalı, mənəviyyatlı, digərlərinə təmənnasız xidmət edən insan göz önünə gəlməlidir. Tarixən də dini dəyərləri cəmiyyət arasında təbliğ edən peyğəmbərlərdən tutmuş, saleh qullara qədər olan insanlar məhz belə insanlar olub.

“Quran”da peyğəmbərlərin dilindən dəfələrlə deyilir ki, biz dəvətimiz üçün sizdən  əvəz istəmirik, təmənnasız olaraq yalnız insanları xoşbəxt ermək üçün xidmət göstəririk. Yalnız bu əqidədə olan insanlar cəmiyyəti islah edə bilərlər. Peyğəmbərlərdən övliyalara qədər bütün insanlardan hədislər çoxdur ki, digərlərinə dəvət etməmişdən öncə özün əməl et. Özün əməl etmədiyin bir şeyə insanları dəvət edəndə o dəyərlərin özü sual altına düşür. İnsan özü əməli ilə nümunə göstərməlidir. Təəssüf ki, günümüzdə əməli nümunələr azdır, çoxluq mahir şəkildə danışmağı bacarır.

- ““Quran”ı kim yaxşı oxuyar” müsabiqələri var, ““Quran”ı kim yaxşı yaşayar” müsabiqəsi olsa nəticə necə olar?

- Bunu deyim ki, “Quran”ı oxumaq, həm də yaxşı qiraətlə oxumaq özü savab əməldir. Amma düşünərək “Quran” oxumaq əsas məsələdir. “Quran”da dəfələrlə ayələrdə “düşünənlər üçün ibrətlər var” anlayışı keçir. Yəni, insanlar düşünərək bu ayələrin arxasında dayanan həqiqətləri özləri üçün kəşf etməlidirlər. Din insanlara bunun üçün göndərilib. Həmçinin “Allah lənət etsin əməl etməyib, “Quran”ı oxuyan qarelərə” anlamı var. Mənəvi-əxlaqi baxımdan “Quran” oxuyanlar cəmiyyətə nümunə olmalıdırlar. Bəzənsə bunun əksi yaşanır. “Quran”ı, dini təbliğ edənlərin əməlilə “Quran”ın buyurduqları arasında kəskin ziddiyyətlər görürük. Belələri müqəddəs dəyərlərə inamıszlıq yaradırlar. Odur ki, “kim “Quran”ı yaxşı yaşayar” müsabiqəsi keçirilsə, qalib həqiqətən az olar.

- İnsanlar kamilləşmək üçün niyə özlərilə mübarizə aparmırlar?

- İnsanlar özlərilə mübarizə aparmağı unudublar. Əvəzində başqaları ilə mənasız mübarizələrə girərək özlərini unudurlar. Bu mübarizədə özlərini başqalarına uduzmağın fərqində olmurlar. Halbuki, islami hədislərdə cənnətə daxil olmaq üçün iki addım atılması bəs edir. “Bir addım nəfsin üzərinə qoylur, ikinci addım isə cənnətə atılır”. Allah dərgahında ən çox peşiman olan insanlar başqalarına yol göstərib, özü o yolu getmyənlərin olacağı deyilir. Hədislərə görə bunlardan bütün məşhər əhli əziyyət çəkəcək, bunların varlığı belə insanlara əziyyət verəcək. Dünyada ağız dolusu dəyərlərdən danışan insanların əməllərində o dəyərlərdən əsər-əlamət yoxdursa, bu insanlar təkamül yolunda maneəyə dönürlər.

İnsan özü ilə mübarizə aparmalıdır, çünki dinin cəmiyyətdə birləşdirici faktor olması üçün dindarların rolu böyükdür. Amma kimlərsə cəmiyyətlə, dövlətlə din və dindarlar arasında keçilməz uçurum yaratmaq istəyirlər. İnanclı insanlar cəmiyyətə intqeqrasiya olunmaldırlar, xalqın əsrlərlə yaşatdığı dəyərləri yad dildə xalqa təbliğ etməməlidirlər.

- Dindaxili fərqlilik doğrudanmı parçalanmalara əsasdır?

- Dinə əməl edən insanla etməyən isan arasında fərq olmayacağını desək, bu, qeyri-ciddi olar. Bu fərqləri tam normal qəbul etməyi bacarmaq lazımdır, onları ziddiyyət həddinə gətirib çıxarmaq lazım deyil. İnsanların seçiminə hörmət edilməlidir. Bu, insanların dinə biganə olması anlamına gəlmir. Səhv edənə doğrunu göstərmək olar, özü də müxtəlif vasitələrlə olar. Biz bəzən insnaları ən səhv metodlarla düz yola qaytarmaq istəyirik. Dinin tələbi insanı təkcə doğruya istiqamətləndirmək deyil, həm də doğruya doğru şəkildə istiqamətləndirməkdir. Gözəlliyi gözəl şəkildə insanlara çatdırmaq lazımdır. Bu, dini dəyərlərin təbliğinin ən başlıca prinsipi olmalıdır. İnsanlara sevgi, göstərmək lazımdır. İnsan eqoistlikdən qurtarmayınca kamil ola bilməz. Kamil olmayan insanların da din adından danışmasıı fəsadlara yol açır.

Bir də təkrar edirəm ki, din cəmiyyət üçün ortaq dəyərdir. İnsanlar tanıyıram ki, dini əməlləri yerinə yetirmir, amma bu əməlllərə sayqısını bildirir. Bəzənsə olur ki, özünə dindar deyən şəxsin əməlləri dinə münasibəti dəyişir. Azərbaycan cəmiyyətində kəskin dini qütbləşmə yoxdur, amma bunu yaratmaq istəyirlər. İnsanları əməllərinə görə bölmək olmaz. Amma bu da var ki, bütün insanlar eyni deyil, fərqlər olacaq, amma biz parçalanmaya yox, birliyə meylli olmalıyıq.

Parçalanmaya meylli olan insan dinə gəldikdən sonra onun kimi düşünməyən inanclı insana da həmin mövqeyi nümayiş etdirir. Beləcə də parçalanma işini davam etdirə-etdirə gedə bilər. Din daxilində məzhəblər, eyni məzhəb daxilində məsələlərə fərqli yanaşan insanlar var. Odur ki, parçalanmanı əsas götürsək, inancı gündəlik həyatında yaşadan insanların özü də digər inanclılara qarşı həmin mövqedən çıxış edəcək. “Quran”da deyildiyi kimi, “Allahın ipindən yapışın və dağılışmayın” fəlsəfəsi dinlərin əsas fəlsəfəsidir. “Əhli-kitab” anlayışı bəşəriyyəti bir Allah ətrafında birləşdirmək fəlsəfəsidir. İstənilən insanla ortaq dəyər tapıb birləşmək olar. Ortaq dəyər yoxdursa, qarşımızdakı insanı səhv hesab ediriksə belə, bu, ona nifrət etməyə əsas vermir. Cəmiyyətdə xəstə insanlar da ola bilər, təbiblik iddiasında olan insan isə bütün xəstələrə şəfqətli olmağı bacarmalıdır.

- Cəmiyyətin bütövləşməsində dindarın üzərinə hansı məsuluyyət düşür?

- Mən bu müsahibədə dindardan yazıq, məzlum obrazı yaratmaq firkindən çox uzağam. Daha çox məsuliyyətli, daha çox ləyaqətli yaşayan bir insan nəzərdə tuturam. Belə bir insan da yaşadığı cəmiyyətə doğma olmalıdır. İnanclı insanlar bu məsələdə xalqı özünə yad hesab etməməlidir. Kimlərsə bu uçurumu yaratmaq istəyirlər. Dövlətlər var ki, belə məsələlərə ciddi maliyyə vəsaitləri ayırırlar.

Bəzi dövlətlərin marağı var, bu məsələ də sadə məsələ deyil. Din hansısa siyasi məsələlərə alət olmamalıdır. Din cəmiyyətdə fərqli düşünən insanları birləşdirə biləcək, həssas dönəmlərdə xalqa güc verə biləcək dəyərdir. Bunu da ilk növbədə inanclı insanlar başa düşməlidir, əməli addımlar atılmalıdır. Din xadimlərinin təbliğində bu məsələlər xüsusi vurğulanmalıdır.  Dövlət və din qurumları arasında sıx əməksdaşlıq olmalıdır. Parçalanma yaratmaq isətyən cərəyanlara qarşı hüquqi müstəvidə mübarizə aparılmalıdır. Din xalqa doğru-dürüst şəkildə təbliğ olunmalıdır. Məhəmməd peyğəmbər (s.a.a.s)-ın təbliğ etdiyi dini dəyərləri din xadimləri təbliğ etməlidir. Kəskin, aqressiv tonda danışmaqdan əl çəkmək lazımdır. Dinin təbliğ dili dəyişməli, bu dil həm müsair dövrə uyğunlaşdırılmalı, həm də insanları bu gün düşündürən sualların cavabları dövrün tələblərinə uyğun verilməlidir. Bu sualların cavabını verə bilmiriksə, suallar elə sual olaraq qalar. O zaman gənclər cavabı yad olanlara üz tutaraq onlarda arayırlar.

Gələcəyimiz naminə bu gün birləşməyi bacarmalıyıq, bu gün özümüzü qorumağı bacarmalıyıq. Yad təsiri, yad dili, yad təbliği ölkəyə buraxmamalıyıq.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 May, 2015  21:29 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!