إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

DQİDK sədri Mübariz Qurbanlı Ayətullah Möhsun Qumini Azərbaycana dəvət etdi

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı İrana səfəri çərçivəsində İran İslam İnqilabının Ali Rəhbərinin katibliyinin beynəlxalq əlaqələr üzrə müavini Ayətullah Möhsen Qumi ilə görüşüb.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Komitədən verilən məlumatda bildirilir ki, M. Qurbanlı görüşdə dinin hər bir cəmiyyətin ictimai-siyasi həyatında mühüm rol oynadığını deyib. Onun sözlərinə görə, Sovet İttifaqı nə qədər çalışsa da, dini insanların məişətindən çıxara bilməyib.

Müstəqil Azərbaycanda dinə göstərilən dövlət qayğısından danışan komitə sədri qeyd edib ki, hazırda ölkəmizdə 2 min məscid fəaliyyət göstərir. Qafqazda ən böyük məscid prezident İlham Əliyevin göstərişi ilə Bakıda inşa edilən Heydər məscididir. Burada eyni vaxtda 4 min adamın ibadət etməsi üçün şərait yaradılıb. Yalnız dini təhsil almış, savadlı din xadimləri məscidlərdə ibadət apararaq İslam dinini düzgün təbliğ edirlər.

M. Qurbanlı nəzərə çatdırıb ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ ərazisi işğal altındadır: “Təəssüf ki, ermənilər bu ərazilərdə dini abidə hesab edilən məscidlərə qarşı hörmətsiz yanaşırlar. Ermənilər tərəfindən işğal edilmiş rayonlardakı məscidlər təsərrüfat işləri üçün istifadə edilir. Bu, təkcə Azərbaycana qarşı deyil, bütün İslam dünyasına qarşı nümayiş etdirilən hörmətsizlikdir”.

Komitə sədri bildirib ki, ölkələrimiz zəngin təbii ehtiyatlara malikdir. Bu sərvətləri ələ keçirməyə çalışan qüvvələr iki qardaş və dost ölkə arasında nifaq salmaq istəyir.

M. Qurbanlı M. Qumini Bakıya səfərə dəvət edib.

Ayətullah Möhsun Qumi bildirib ki, İran İslam İnqilabının Ali rəhbəri müsəlman ölkələri ilə əlaqələrin genişlənməsinə xüsusi önəm verir: “Azərbaycan dost və qardaş ölkədir. Biz hər zaman Azərbaycanı dəstəkləməyə hazırıq”.

M.Qumi nəzərə çatdırıb ki, İslam inqilabından sonra İranda insan hüquqları yüksək səviyyədə qorunur. Qadınların hüquqları isə xüsusilə diqqət mərkəzindədir. Hazırda İranın ali təhsil müəssisələrində təhsil alanların 63 faizi, dövlət idarələrində çalışanların isə 30 faizini qadınlar təşkil edir.

Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov görüşdə iştirak edib.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 May, 2015  16:11 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!