إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Bu gün İmam Məhəmməd Baqir(ə)ın mübarək mövlud günüdür

Bu gün, hicri qəməri təqvimi ilə Rəcəb ayının 1-i,müsəlmanların 5-ci imamı  Məhəmməd Baqirin (ə)ın mövlud günüdür.

İmam Baqir (ə) hicrətin 57-ci ilində Mədinə şəhərində dünyaya gəlmişdir Atası İmam Zeynül-abidin əleyhissəlamın vəfatı vaxtı Həzrətin otuz yeddi yaxud otuz səkkiz yaşı var idi. Adı Məhəmməd,künyəsi Əbu Cəfər, ləqəbləri Baqir, Baqirül-ülum olmuşdur. Anası İmam Həsən əleyhissəlamın qızı Ümmü Abdullah olmuşdur. Buna görə də, İmam Baqir (əleyhissəlam) həm ata, həm də ana tərəfdən Həzrət Əli (ə) və xanım Zəhranın (s.ə) nəslinə yetişən ilk şəxs olmuşdur. İmam Baqir (əleyhissəlam) hicrətin yüz on dördüncü ilində Mədinə şəhərində xəlifə Hişam Əbdülməlik tərəfindən zəhərlənərək şəhadətə çatmışdır. Mədinədə məşhur Bəqi qəbristanlığında atası və babasının qəbirləri kənarında dəfn olunmuşdur. O Həzrətin İmamət dövrü on doqquz ya da iyirmi il olmuşdur.

İmam Baqir əleyhissəlamın İmaməti dövründə onun müasiri olmuş xəlifələr

Vəlid ibn Əbdülməlik (86-96 h.q);

Süleyman ibn Əbdülməlik (96-99 h.q);

Ömər ibn Əbdüləziz (99-101 h.q);

Yezid ibn Əbdülməlik (101-105 h.q);

Hişam ibn Əbdülməlik (105-125 h.q);

Bu xəlifələrin hamısı Ömər ibn Əbdüləziz istisna olmaqla (o, nisbətən ədalətli və Peyğəmbər ailəsinə mehriban idi) zalım olmuş, zülm və haqsızlıqda heç də ata-babalarından geri qalmamış, xüsusən də, İmam Baqir əleyhissəlama çox zülm etmişlər.

İmam Baqir (ə) zamanında Əməvi xəlifələri öz şəxsi işlərilə məşğul olduqlarından və həm də Abbasilərlə hakimiyyət uğurunda mübarizə apardıqlarından o həzrət üçün İslam maarifini yaymaq fürsəti yaranmışdı. İmam (ə) bu fürsətdən istifadə edərək dərs və tədqiqat məclisləri təşkil etməyə başladı və öz məktəbində öz səviyyələrində misilsiz olan tələbələr yetirdi.

İmam Məhəmməd Baqir (ə) öz İmaməti dövründə İlahi maarifi nəşr edib onu meydana çıxarmağa başladı. O  elmi çətinlikləri həll etməklə sonradan oğlu İmam Cəfər Sadiq əleyhissəlamın İmaməti dövründə təsis edilən böyük İslam məktəbinin yaranmasına şərait yaradan elmi inqilabı həyata keçirtdi. İmam Baqir (ə) elm, zöhd (təqva), fəzilət və əzəmətdə bütün Bəni–Haşim böyüklərini üstələmi, onun böyük elmi və əxlaqi məqamı dostun da, düşmənin də tərifinə çevrilmişdi. O Həzrətdən İslami hökmlər, təfsir, İslam tarixi və başqa elmlər sahəsində o qədər hədis və rəvayətlər yadigar qalmışdır ki, o vaxtadək İmam Həsən (ə) və İmam Hüseyn əleyhissəlamın övladlarının heç birindən o qədər rəvayət yetişməmişdir.

O dövrün böyük elmi şəxsiyyətləri və eləcə də Peyğəmbər səhabələrindən sağ qalanlar o Həzrətdən istifadə edirdilər.Şiə kitabları da, müxtəlif sahələrdə İmam Baqir əleyhissəlamın rəvayət və hədisləri ilə zəngindir. Bu kitablarla azca tanışlığı olan şəxs bu həqiqəti təsdiq edər.

İmam Baqir əleyhissəlamın elm sədası İslam məmləkətinin hər yerinə elə yayılmışdı ki, o Həzrət "Baqirül-ülum” (elm qapılarını açan, elmi müşkülatı həll edən) ləqəbi almışdı.

İmam Baqir (ə)ın öz sözlərində adətən Quran ayələrinə istinad edərək Allah kəlamından şahid gətirir və buyururdu: "Dediyim hər hansı məsələni məndən soruşsanız ki, bu Quranın harasındadır mən o məsələyə aid olan ayəni sizə göstərərəm.”

İmam Baqir fiqh, hədis, təfsir və digər İslami elmlər sahəsində seçilmiş şagirdlər yetirmişdir. Onların hər biri böyük elmi şəxsiyyət hesab olunurdu. Məhəmməd ibn Müslim, Zürarə ibn Əyün, Əbu Bəsir, Büreyd ibn Müaviyə Əcli, Cabir ibn Yezid, Həmran ibn Əyun, Hişam ibn Salim kimi dahi şəxsiyyətlər İmam Baqir əleyhissəlamın yetirmələri olmuşlar

İmam Sadiq (əleyhissəlam) buyurardı: "Bizim məktəbi və atamın hədislərini dörd nəfər dirçəltdi. O dörd nəfər Zürarə, Əbu Bəsir, Məhəmməd ibn Müslim və Büreyd ibn Müaviyə Əcli olmuşdur. Əgər bunlar olmasaydı bir nəfər din təlimatı və Peyğəmbər məktəbindən istifadə edə bilməzdi. Bu neçə nəfər dinin gözətçiləri olmuşdur. Onlar dövrümüzdə yaşayan şiələrimiz arasında bizim məktəblə tanış olan ilk şəxslər olmuş Qiyamətdə də hamıdan qabaq bizə qovuşanlar məhz onlar olacaqlar.”

İmam 114-cü Hicri-qəməri ili Zilhiccə ayının 7-də Mədinədə xəlifə Hişamın əmri ilə zəhərlənərək şəhid olub. İmamın mübarək məzarı Bəqi qəbristanlığında, digər üç imamın yanında torpağa tapşırılıb.

Bu mübarək gün münasibəti ilə bütün müsəlmanları təbrik edirik, onlara imam Baqir (ə) əxlaqı diləyirik

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Aprel, 2015  13:45 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!