إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İŞİD-in qara günləri başladı

Tikritin ardınca Mosulun azad edilməsi əməliyyatına da bir şey qalmadı; gələn aya nəzərdə tutulan əməliyyatlara ABŞ və Türkiyə dəstək verəcək...

İraq ordusu və könüllü birliklərin Səlahəddin əyalətinin azad edilməsi əməliyyatı davam edir. Paytaxt Bağdadın 150 kilometrliyində yerləşən Tikrit şəhərinin mərkəzi olduğu bu əyalət radikal qrupların geniş yayıldığı ərazilərdən hesab olunur. İraq hökumət qüvvələri bu ayın əvvəlində əyalətin azad edilməsi əməliyyatını başladıb.


Martın əvvəlində Tikrit yaxınlığında yerləşən Samirra şəhərinə gələn baş nazir Heydər əl-İbadi bəyan edib ki, Tikritin və Səlahəddin əyalətinin azad edilməsi ötən ilin yayında İŞİD-in işğal etdiyi İraqın ikinci böyük şəhəri Mosulun azad edilməsi əməliyyatının birinci fazası hesab olunur. Ötən həftəsonu şəhərin tamamilə İraq qüvvələrinin əlinə keçdiyi haqda xəbərlər gəlsə də, bəzi mənbələr şəhərin mərkəzində İŞİD silahlı qrupunun qaldığını və müqavimət göstərdiyini bildirir. Eyni zamanda İraq qüvvələrinin İŞİD yaraqlılarına şəhəri tərk etmək üçün vaxt verdiyi də bildirilir.
Bu arada məlum olub ki, Türkiyədən göndərilən hərbi təlimatçılar Mosulun azad edilməsi əməliyyatında iştirak edəcək sünni tayfa silahlılarına təlim keçəcək. Bu barədə Mosul valisi Esil Nuceyfi Anadolu Agentliyinə açıqlama verib. Eyni zamanda vali bildirib ki, Ankara ilə Bağdad arasında əldə olunan razılaşmaya əsasən, Türkiyə hökuməti Mosulun azad edilməsi əməliyyatı üçün silah göndərəcək:“Türkiyədən gələn hərbi təlimatçılar bir sıra düşərgələrdə bizim döyüşçülərə təlim keçir. Türkiyə bu mövzuda hər gün daha da aktiv rol alır, ancaq Mosul əməliyyatına iştirak edib-etməyəcəyi məlum deyil”.
Mosul valisi əməliyyatın nə zaman başlayacağı ilə bağlı dəqiq tarix göstərməsə də, gələn ay (apreldə) başlamasını istisna etməyib. Eyni zamanda qeyd edib ki, bu əməliyyatı xüsusi hazırlanmış və ağır silahlara malik 20 minlik İraq ordusu başladacaq. Onun sözlərinə görə, əməliyyatın şiddətli istilərin olduğu yay aylarına qədər başa çatması planlaşdırılır, çünki həmin vaxt davam edən əməliyyatlar dinc əhalini çətin duruma sala bilər.
Mosul valisi əməliyyatda kürd peşmərgələrinin də iştirak edəcəyini bildirib. E.Nuceyfi Mosul və əyalət ərazisindəki İŞİD qüvvələrinin təxmini sayını da qeyd edib. Onun sözlərinə görə, İŞİD-ə hazırda təxmini hesablamalara görə, Mosulda 5 min, bütövlükdə əyalət ərazisində isə 20 min nəfərə yaxın döyüşçüyə sahibdir. Onun sözlərinə İŞİD eyni zamanda silahlı toplamaqda çətinlik çəkir: “İŞİD artıq keçmişdə olduğu kimi yaraqlı toplaya bilmir. Bu səbəbdən də çətinliklə üz-üzədir. Artıq savaşda itirdiyi əcnəbi terrorçuların yerinə daha çox iraqlı və təcrübəsiz adamları alırlar. Bu səbəbdən də xeyli dərəcədə zəifləyiblər”.
Mosul valisi onu da qeyd edib ki, Tikrit və Kərkük əməliyyatları zamanı İŞİD-ə ağır zərbələr vurulub. Bu səbəbdən Mosul əməliyyatı o qədər də çətin olmayacaq. Nuceyfi qruplaşmanın xeyli sayda təcrübəli, əsasən də liderlərini itirdiyini, bir çoxlarının isə bölgədən qaçdığını, bundan başqa, qənimət bölgüsü məsələsində yerli və əcnəbilər arasında toqquşmaların qeydə alındığını bildirib. Son olaraq Telafer qəsəbəsində yerli və əcnəbi İŞİD-çilər arasında qarşıdurma baş verdiyini bildirib.
Türkiyə mətbuatının yazdığına görə, Mosulun azad edilməsi əməliyyatı zamanı ABŞ hərbi hava qüvvələrinin pilotsuz təyyarələri İncirlik hərbi hava bazasından qalxacaq. Mətbuatın yazdığına görə, daha əvvəl Bəsrə körfəzindəki təyyarədaşıyan gəmilərdən qalxaraq İraqın mərzəsindəki İŞİD mövqelərini bombalayan ABŞ aviasiyası Mosul əməliyyatına daha yaxın ərazidən istifadə edəcək.
Bildirilir ki, ötən həftə Ankaraya səfər edən ABŞ Mərkəzi Qüvvələr Komandanlığını (CENTCOM) komandanı Lloyd Ostinin ardınca bu günlərdə prezident Obamanın İŞİD-ə qarşı mübarizə koalisiyasında xüsusi təmsilçisi Con Allen Türkiyəyə gələrək bu mövzularda danışıqlar aparacaq.
Məlumatda qeyd olunur ki, ilk mərhələdə Mosul və ətrafına yaxın olan İncirlikdən iki ədəd “Reaper” pilotsuz təyyarəsi mütəmadi olaraq İŞİD mövqelərini bombalayacaq. Əməliyyat 3 həftə davam edəcək.

Mənbə:Musavat.com Kənan Rövşənoğlu
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Mart, 2015  14:57 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!