إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Yəmənin dini-siyasi hərəkatları – Analitik Məlumat


Husilər və İslah hərəkatı haqda nə bilirik?!


Ötən həftə Yəməndə prezident Mansur Hadinin istefası ilə yekunlaşan siyasi proseslər hələ də gərgin olaraq qalır. Hazırda Yəməndə siyasi proseslərin əsas qüvvəsi isə Husi və ya Ənsarullah hərəkatıdır.

Əvvəlcə ondan başlayaq ki, Yəmən təxminən 1000 ilə yaxın, yəni ötən əsrin 60-cı illərinə qədər Zeydi İmaməti adlı dövlətin hakimiyyətində olub. Zeydi İmaməti 1962-ci ildə devrilsə də, zeydilər arasında imaməti yenidən bərpa etmək çağırışları qüvvətli olub və ara-sıra bu çağırışlar silahlı hərəkatlara çevrilib.

Hazırda Yəməndə ən böyük gücə çevrilmiş Husi hərəkatı ölkənin şimalında yerləşən Səda şəhərini özünə mərkəz seçib. Hərəkat ötən il sentyabrın 21-də paytaxt Sənaya daxil olaraq ölkəyə faktiki nəzarəti ələ keçirib. Ancaq buna qədər hərəkat uzun müddət hökumət qüvvələri ilə döyüşüb.

Husilər nə vaxt ortaya çıxıb?


Husi hərəkatının ortaya çıxması 2003-cü ilə təsadüf edir. İlk dəfə məhz 2003-cü ildən başlayaraq husilər qruplaşma olaraq mərkəzi hökumətə qarşı çıxıblar. Hərəkatın qurucusu zeydi cərəyanının nüfuzlu alimi Bədrəddin əl-Husinin oğlu Hüseyn əl-Husidir. Ancaq Hüseyn əl-Husi hərəkata uzun müddət başçılıq edə bilmir. 2005-ci ildə hökumət qüvvələri ilə döyüşdə Hüseyn əl-Husi öldürülür. Bundan sonra hərəkata bir il müddətində onun atası, nüfuzlu zeydi alimi Bədrəddin əl-Husi rəhbərlik edir. 2006-cı ildən isə hərəkata Hüseyn əl-Husinin qardaşı Əbdülməlik əl-Husi rəhbərlik etməyə başlayır.

Təxminən 2010-cu ilə qədər husilərlə Yəmən ordusu arasında 6 dəfə böyük qarşıdurma olur, sonuncu – 6-cı savaşda döyüşlərin Səudiyyə Ərəbistanı ərazisinə keçməsini əsas gətirən ər-Riyad Yəmən ordusuna yardım üçün ordu göndərməsinə baxmayaraq, dağlara çəkilən husiləri tamamilə məhv etmək mümkün olmur.

Ənsarullah təşkilatı


Qeyd edək ki, Husi hərəkatının siyasi və hərbi qanadı hesab olunan Ənsarullah təşkilatı 1990-cı ildə “Mömin Gənclər Təşkilatı” adı ilə yaradılıb. Təşkilatın ilk rəhbəri Məhəmməd Yəhya Azan olur, daha sonra sədr postuna Hüseyn əl-Husi baş katib seçilir. Təşkilat 1996-cı ildə rəsmən elan olunur.

Husilər zeydi məzhəbinə daxil olsalar da, ideya olaraq daha çox şiə-cəfəri məzhəbinə yaxın hesab olunurlar. Hərəkatın ideya lideri olan Bədrəddin əl-Husi məhz zeydiliklə imamiyyə (12 imam) məzhəbinin yaxınlaşmasının tərəfdarı kimi çıxış edirdi. Bundan başqa, husilik hərəkat olaraq Yəməndə zeydi gənclər arasında vəhhabiliyin yayılmasına qarşı mübarizəni əsas şüarlarından biri elan etmişdi. Bu səbəbdən də Yəməndə digər cərəyanlarla yanaşı, hətta bəzi zeydi alimləri də husiləri qəbul etməmiş, onlara qarşı çıxışlar etmişdi.

Yeni yarandığı dövrlərdə, xüsusən də 1990-cı illərdə Yəmən hökuməti husilərə qarşı müsbət münasibət sərgiləyib. Hətta prezident Əli Abdullah Saleh radikal vəhhabiliyə, o cümlədən Sənada güclü olan “İxvan əl-Muslimun” hərəkatının yerli bölməsi olan İslah partiyasına qarşı mübarizə aparan husilərə maliyyə dəstəyi verib. Ancaq 2003-cü ildə ABŞ-ın İraqa hücumundan sonra husilərlə hökumət arasında münasibətlər pisləşir. Hökumətin ABŞ-ı dəstəkləməsi husilərin etirazına səbəb olur. Eyni zamanda siyasi şüarlarla çıxış edərək hökumətin ölkədə gərəkli sosial-iqtisadi islahalatları aparmadığını bəyan edir. Bundan sonra hökumət husilərə qarşı təzyiqləri başladır və husi fəalları həbsə atılır, husi mərkəzləri isə bağlanaraq hökumətin nəzarətinə verilir. Bu isə toqquşmaya gətirir.

Husi Hərəkatının qurucusu və lideri Hüseyn əl-Husi

Husi Hərəkatının qurucusu və lideri Hüseyn əl-Husi 1960-cı il təvəllüdlüdür. Zeydi alimi Bədrəddin əl-Husinin oğludur, Səda bölgəsində dünyaya gəlib. Siyasi fəaliyyətə qədər Hüseyn əl-Husi Məran Xeyriyyə Cəmiyyətini yaradır, eyni zamanda mədrəsələrin, xəstəxana və tibb mərkəzləri yaradır, bir sıra kasıb kəndlərə yol çəkilməsini, su çəkilməsi, Məran bölgəsində elektrik stansiyasının qurulması, məscidin tikilməsi və eləcə də kasıb gənclərin təhsil almaları üçün maddi dəstək verilməsini təşkil edir.

Əvvəlcə “əl-Haqq” Partiyasının üzvü olsa da, sonradan ayrılaraq Mömin Gənclər Təşkilatını qurur. Qeyd etdiyimiz kimi, 2003-cü ildən sonra hökumətlə husilər arasında münasibətlər pisləşir və başlayan toqquşmalarda hökumət Hüseyn əl-Husinin başına 55 min dollar pul qoyur. 2004-cü ildə Yəmən ordusu Səda şəhərinə hücum edir və 1000 nəfərə yaxın əsasən dinc insanlar öldürülür. 3 ay davam edən toqquşmalar nəticəsində Yəmən ordusu Hüseyn əl-Husi və tərəfdarlarını öldürür.

“Nəhcül Bəlağə”nin nüsxələri yandırılmaqla hökumətə qarşı nifrət daha da artır


Birinci Səda savaşından və Hüseyn əl-Husinin ölümündən sonra isə hərəkata atası Bədrəddin əl-Husi rəhbərlik etməyə başlayır və hərəkat daha da güclənərək Yəmən ordusuna qarşı hücumlar həyata keçirir. Sənadan Sədaya gələn Bədrəddin əl-Husi hökumətlə bütün danışıqları dayandırır və yüksək dağlıq bölgəyə çəkilərək silahlı hərəkata başçılıq etməyə başlayır. 2005-ci ilin əvvəlində başlayan ikinci Səda savaşı həmin ilin mayın 27-də başa çatır. Ancaq hökumət qüvvələri husi fəallarını izləməkdə davam edir. Yəmən ordusunun Sədanın şəhər kitabxanalarına hücum edərək zeydilərə görə Qurandan sonra ikinci müqəddəs kitab hesab olunan “Nəhcül Bəlağə”nin nüsxələrini toplayaraq paytaxt Sənaya aparıb şəhər mərkəzində yandırması husilərin hökumətə qarşı nifrətini daha da artırır.

Beləliklə, 2006-2009-cu illərdə Yəmən ordusu bir neçə dəfə şimala – Sədaya yürüş edir və hər iki tərəfin itkilərindən sonra atəşkəs elan edilir. 2009-cu ildə Yəmən ordusu artilleriya hücumu ilə Sədanı bombalayır. 6-cı Səda müharibəsi adlanan bu əməliyyatda Yəmən hökuməti bütün hərbi gücünü səfərbər edir, yüzlərlə insan öldürülür və yaralanır. Çoxlu sayda insan isə həbs olunaraq işgəncələrə məruz qalır. Artıq husilərin yeni lideri Əbdülməlik Husi və qardaşı, Yəmən parlamentinin deputatı Seyid Yəhya idi. 6-cı Səda savaşı 2010-cu ilin fevralında hər iki tərəfin istəyi ilə dayandırıldı.

2011-ci ilin əvvəlində başlayan “ərəb baharı” Yəməndən də yan keçmədi. Ölkədə başlayan xalq etirazları bir ilə qədər davam etdi. Ancaq etirazların başlaması ilə yenidən ayaqlanan husilər 2011-ci ilin mart ayında Səda şəhərini yenidən nəzarət altına alaraq bu şəhərdə möhkəmləndilər. 2012-ci ildə isə yazda keçirilən seçkilərdə Əli Abdullah Salehi keçmiş müavini Əbdurəbbi Mansur Hadi əvəz etdi. Ancaq bundan sonra da Yəməndə ölkənin əsas problemləri həllini tapmadı.

Üstəlik, yeni hökumətin qərarsızlığı, Səudiyyə və ABŞ kimi güclərin təsiri altında olması, Yəməndə korrupsiya, işsizlik və kasıblıq kimi problemlərin aradan qaldırılması istiqamətində işlərin görülməməsi husiləri daha da hərəkətləndirdi. Mansur Hadi hökuməti “əl-Qaidə”nin qarşısını almaq üçün real addımlar atmırdı. Bütün bunları əsas göstərən husilər hakimiyyətə qarşı yenidən hərəkətə keçidilər. 2014-cü ilin yanvarında hücuma keçən husi qüvvələri Yəmən “əl-Qaidə” nəzarətində olan Dibac şəhərini ələ keçirəərk şəhəri “əl-Qaidə”dən təmizlədilər. Bundan sonra isə vəhhabilərin möhkəmləndiyi Amran əyaləti də husi qüvvələri tərəfindən təmizləndi. Yeni hökumətə olan etimadsızlıq xalqın dəstəyini Husi hərəkatına çevirirdi. 2014-cü il sentaybrın 21-də husilər paytaxt Sənaya daxil olaraq çox tezliklə şəhərdə nəzarəti ələ aldılar. Bundan sonra baş nazir Məhəmməd Səlim Basənduh istefa verir və yeni hakimiyyət bölgüsü, konstitusiya layihəsinin hazırlanması istiqamətində fəaliyyətə start verilir. Husilər isə hökumətə mane olmamaq üçün qüvvələrini Sənanın kənarına çıxarır və daha çox “əl-Qaidə”nin yerləşdiyi bölgələrdə təmizləmə əməliyyatlarına başlayırlar. Ancaq yanvarın əvvəlində hökumətlə yenidən anlaşılmazlığın yaranması və konstitusiya layihəsinin hazırlanması ilə bağlı fikir ayrılıqları husilərin yenidən paytaxta hücumu və dövlət idarələri üzərində nəzarəti ələ keçirməsinə səbəb oldu.

Yəməndə ikinci ən mütəşəkkil və böyük dayağa malik siyasi qüvvə İslah Hərəkatı və Partiyasıdır


Yəməndə ikinci ən mütəşəkkil və böyük dayağa malik siyasi qüvvə İslah Hərəkatı və Partiyasıdır. Misirdə yaranmış “İxvan əl-Muslimun” (Müsəlman Qardaşlar) təşkilatının Yəmən qolu hesab olunan bu təşkilat bir sıra dini qurumlar kimi ilk olaraq xeyriyyə fəaliyyətləri, sosial proqramlar, təhsil və sair bu kimi layihələrlə tanınıb. İlk dəfə hərəkat barədə 1948-ci ildə məlumatlar verilsə də, aktiv təşkilat olaraq 1990-cı ildə siyasət meydanına atılır. Hərəkatın qurucuları Tariq Sinan və Qani Məhəmməd olur. Hazırkı Yəmən hökumətində 4 nazirlə təmsil olunan İslah Partiyasının sədri Məhəmməd əl-Yuduidir.

İslah Hərəkatının Yəməndə 23 mərkəzi mövcuddur. Mərkəzin nəzdində 30 min yetimə xidmət edən 9 yetimlər evi mərkəzi var. Bu mərkəzlər yetim uşaqları körpəlikdən böyüyərək müstəqil insan olduğu dövrə qədər təmin edir. Hərəkatın bu tip fəaliyyətlərini yerli və körfəz ölkələrinin varlı şəxsləri maliyyələşdirir. Hərəkatın özünün 5 təhsil mərkəzi, 5 xəstəxanası və 33 tibb mərkəzi mövcuddur. Bundan başqa, hərəkat maddi imkanları hesabına xeyli dərəcədə kasıb olan Yəmən əhalisi arasında ərzaq yardımları paylayır. Hərəkatın qəzet, jurnal və telekanalı da daxil olmaqla – 10 KİV-i var.

İslah Hərkatı və eyni adlı Partiya, əsasən, körfəz ölkələri, Qətərdən maliyyə və siyasi dəstək alır


 

İslah Hərkatı və eyni adlı Partiya, əsasən, körfəz ölkələri, Qətərdən maliyyə və siyasi dəstək alır. Eyni zamanda Türkiyə və Misirdə, eləcə də ərəb dünyasındakı həmfikir qurum və təşkilatlar İslah Hərəkatına maddi və mənəvi dəstək verir. Hazırda Yəməndə İranın dəstəklədiyi şiə husilərə qarşı sünni (ixvançı) İslah və sələfi (vəhhabi) Yəmən “əl-Qaidə”si mübarizə aparır. Müəyyən məsələlərdə aralarında fikirayrılıqları və hətta konfilikt olsa da, husilərə qarşı İslah və vəhabi cərəyanı eyni cəbhədə dayanır. Ancaq bu birlik, hər iki tərəfin də anladığı kimi, xeyli dərəcədə kövrəkdir.Çünki hər bir qurupun arxasında fərqli mərkəzlər dayanır və bunların da Yəmənlə bağlı öz yanaşmaları olduğu üçün, əslində, hər üç cərəyanın kəskin rəqabətdə olduğu aydındır.

 

Mənbə:Birlik.az

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 Yanvar, 2015  12:33 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!