إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Hacı Şahin Həsənli - "Həzrət Məhəmməd (s) insanları və bütün bəşəriyyəti ortaq dəyərlər ətrafında birləşdirmək üçün göndərilmiş bir insandır"

İslam aləmi Həzrət Məhəmmədin (s) mübarək mövludu münasibəti ilə vəhdət həftəsini qeyd edirlər.

 

Ahlibeyt.az-ın verdiyi məlumata görə Vəhdət həftəsinin əhəmiyyəti ilə bağlı İnterAz agentliyinə müsahibə verən tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli həzrət Məhəmmədin (s) təlimlərini vəhdət və birlik üzərində qurulduğunu bildirib.


O, bildirib ki; “Həzrət Məhəmməd (s) vəhdət və birliyin simvoludur. Müsəlmanların hamısının ortaq dəyəridir. İslam peyğəmbəri bütün müsəlmanlar üçün müqəddəs bir şəxsiyyətdir. Peyğəmbər (s) insanları və bütün bəşəriyyəti ortaq dəyərlər ətrafında birləşdirmək üçün göndərilmiş bir insandır. Allahın ən sevimli bəndəsidir, yaranmışlar içərisində ən üstün bir insandır. Bu gündə müsəlman ümməti adlandırılan bir toplum, özünü müsəlman ümməti adlandıran insanlar bir-biri ilə ixtilafdadırsa bunun əsas səbəbi onların peyğəmbəri özlərinə örnək götürməmələridir."


"Qurani-Kərimdə buyurulur ki, “Allahın Rəsulu (s) sizin üçün çox gözəl nümunədir”. Yəni peyğəmbəri özünə nümunə götürməyən ümmət, yalnız namaz qılanda, başqa ibadət yerinə yetirəndə onun adını dilinə gətirən insanlar, öz həyatlarında Allah Rəsulunun (s) təbliğ etdiyi dəyərləri yaşada bilmirlər. Ona görədə, bu gün biz həzrəti Məhəmmədi (s) özümüzə nümunə olaraq qəbul etməliyik."


"Həm əxlaqi baxımdan, həm mənəvi baxımdan bütün bəşəriyyətə nümunə olacaq bir şəxsiyyətdir. Onun təlimləri başdan ayağa ağla və məntiqə söykənir. O, mütərəqqi bir dini gətirib təbliğ edən bir insandır. Bu ixtilaflara son qoymaq üçün ilk növbədə həzrəti Məhəmmədi (s) örnək olaraq qəbul etməliyik. Yalnız bu halda müsəlmanlar birliyə nail ola bilərlər və peyğəmbər birləşdirici amilə çevrilə bilər.”


İlahiyyatçı  Fransanın paytaxtı Parisdə baş verən terror aktına toxunaraq bildirib ki, “Ümumiyyətlə, peyğəmbərlərə və müqəddəs şəxslərə qarşı təhqiramiz ifadələrin işlədilməsi onların karikaturalarının çəkilməsi yolverilməzdir. Bəzən bunu söz azadlığı ilə həyata keçirirlər və əsaslandırmağa çalışırlar ki, söz və fikir azadlığı olmalıdır, söz və fikir azadlığının bir sərhəddi olmalıdır. Yəni, müqəddəs dəyərlər təhqir oluna bilməz. Bu milyonlarla insanın dini və mənəvi hisslərini təhqir etməkdir. Buna yol vermək olmaz. Eyni zamanda bildirmək istəyirəm ki, Fransada törədilən terror aktının islam dini ilə heç bir əlaqəsi yoxdur.İslam dini ilk günlərindən zorakılığın əleyhinə olub."


" Peyğəmbərimiz özü dəfələrlə zorakılığa və terrora məruz qalıb. Ona qarşı dəfələrlə sui-qəsd(terror) həyata keçirmək istəyiblər. Peyğəmbər sülh, mərhəmət və mütərəqqi bir din gətirib, ağıla və məntiqə söykənən bir din gətirib. Bu dinin ardıcıllarının ora-bura hücum edib, bunu peyğəmbərin qisasını alırıq deyə əsaslandırması yolverilməzdir. O, qruplaşmaların islam dini ilə hər hansı bir əlaqəsi yoxdur. Onlar çox zaman islama zidd olan hansısa dairələrin maraqlarını həyata keçirirlər. Bunu Avropada islamafobianın güclənməsinə hesablanmış bir addım kimi qəbul edirəm. Günahsız insanların öldürülməsi çox böyük bir təəssüf doğurur. Bir daha bildirmək istəyirəm ki, bunun islam dini ilə hər hansı bir əlaqəsi yoxdur. Təkfirçi cərəyanların hər hansı bir dinə aidiyyatı ola bilməz. O, insanlar gündəlik həyatında peyğəmbərin təbliğ etdiyi dəyərlərin hər hansı birini yaşatmayan şəxslərdir. "

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Yanvar, 2015  21:31 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!