إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Bu gün İmam Həsən Əsgəri(ə)ın şəhadət günüdür

On birinci İmamı Həzrət Həsən Əsgəri (ə) hicrətin 212-ci ilində anadan olmuşdur.(Üsuli-kafi, c.1, səh.503.) Atası onuncu İmam Həzrət Əliyyən-Nəqi (ə), anası isə Hüdeysə adlı təqvalı bir qadın olmuşdur. Bəzi tarixçilər onun adını Süsən qeyd etmişlər.Bu qadın təqvalı və İslam baxışına malik bir qadın olmuşdur. Onun fəzilətinə gəldikdə isə bunu demək kifayət edər ki, o, İmam Həsən Əskəri əleyhissəlamın şəhadətindən sonra  böhranlı bir vəziyyətdə şiələrin pənahgahına çevrilmişdi.

İmam Həsən Əsgəri (ə) Abbasi xəlifəsinin əmrilə məcburi şəkildə Samirrada Əskər adlı bir yerdə saxlanıldığı üçün Əskəri adlandırılmışdı.O Həzrətin digər məşhur ləqəblərindən biri Nəqi, başqa birisi Zəki,künyəsi isə Əbu Məhəmməd olmuşdur. O Həzrət iyirmi iki yaşında ikən atası şəhadətə yetişmişdi. İmamlıq dövrü altı olmuş, ümumilikdə isə iyirmi səkkiz il yaşamışdır. Hicrətin iki yüz altımışıncı ilində şəhid olmuş və Samirra şəhərində öz evindəcə, atasının qəbrinin yanında dəfn olunmuşdur.

İmam Həsən Əsgəri (ə) İmam olduğu qısa müddət ərzində bir-birindən zalım olan üç Abbasi xəlifəsinin müasiri olmuşdur. Bu üç xəlifə aşağıdakılar olmuşlar:

1) Əl-Mötəzz Billah (252–255 h.q);

2) Əl-Mühtədi Billah (255–256 h.q);

3) Əl-Mötəmid (256–279 h.q).

Abbasi xəlifələri İmamlara qarşı əllərindən gələn bütün təzyiqləri həyata keçirirdilər. Bu təzyiqlər İmam Cavad (ə), məxsusən İmam Əliyyən-Nəqi (ə) və İmam Həsən Əsgəri (ə)ın Samirrada olduğu dövrdə bu hal özünün son həddinə çatır. Abbasilərin hökuməti zamanı yaşamış üç İmam bu təzyiqlərin şiddətindən cavan yaşlarında ikən şəhadət şərbətini içmişdir. İmam Cavad (əleyhissəlam) iyirmi beş, İmam Əliyyən-Nəqi (əleyhissəlam) qırx bir, İmam Həsən Əskəri (əleyhissəlam) isə iyirmi səkkiz yaşında şəhid olmuşdur. Üçünün yaşını bir-birinin üstə gəldikdə cəmi doxsan dörd il edir. Bu isə onlara qarşı yönəldilmiş təzyiqlərin nə dərəcədə güclü olduğunu göstərir. İmam Həsən Əskəri əleyhissəlama qarşı olunan təzyiqlər özündən qabaqkı iki İmama olunmuş təzyiqlərdən çox olmuşdur. Bunun isə iki səbəbi var:

1- İmam Həsən Əskəri əleyhissəlamın dövründə şiələr İraqda böyük bir qüdrətə sahib olmuşdular. Bütün camaat da bilirdi ki, onlar rəsmi xəlifəyə qarşı mənfi mövqedə durur və Abbasi xəlifələrinin heç birini rəsmən xəlifə kimi qəbul etmirlər. Onların fikrincə, İslamda xəlifəlik məqamı Həzrət Əli əleyhissəlamın övladlarına məxsusdur.

2-Abbasilər sülaləsi və onların davamçıları bir çox rəvayətlərə əsasən bilirdilər ki, vəd edilmiş Məhdi (əleyhissəlam) İmam Həsən Əskəri əleyhissəlamın nəslindən olacaq. Buna görə də, onlar  İmam Həsən Əskəri əleyhissəlamı təqib edirdilər ki, oğlunu ələ keçirib qətlə yetirsinlər.

Abbasi xəlifəsi Mötəzz, İmam Həsən Əsgərini  mühüm ictimai nüfuz və mövqeyindən o qədər narahat idi ki, o Həzrəti həftənin birinci və dördüncü günləri saraya gəlməyə məcbur etmişdi.

Xəlifə Mühtədi də İmam Həsən Əsgəri əleyhissəlamı tutub həbs edir və Mötəzz kimi o da, İmamı qətlə yetirmək istəyir. Lakin Allah buna icazə vermir və o zaman sarayda böyük nüfuzu sahib türk əyanları türklər onun öz əleyhinə qiyam edərək onu öldürürlər.

Abbasilərin İmama və eləcə də, o Həzrətin şiələrinə qarşı yönəltdiyi hiylə və xaincəsinə işlətdikləri planların nə dərəcədə olduğunu, digər tərəfdən isə İmamın çox diqqətli olduğunu və həyata keçirdiyi təhlükəsizlik tədbirlərini müəyyənləşdirir.Abbasilər İmama və şiələrə nəzarət etmək məqsədilə hətta zindanda da, onların üstündə gizli nəzarətçi saxlayırmışlar.

İmam Həsən Əskəri (əleyhissəlam) Abbasilər hökumətinin yaratdığı  məhdud şəraitdə öz geniş elmini bütün cəmiyyətə çatdıra bilməzdi. Lakin buna baxmayaraq, o Həzrət çətinliklə də olsa, hər birinin İslam maarifini yaymaqda və düşmənlərin iradlarını rədd etməkdə böyük rolu olmuş və neçə şagird yetişdirmişdi. Şeyx Tusi o Həzrətin şagirdlərinin sayının yüzdən çox olduğunu qeyd etmişdir.

İmam Həsən Əskəri əleyhissəlamın dövründə bir çox şəhərlərdə şiələrin sayı artmış və onlar müxtəlif yerlərdə mərkəzləşdirilmişdilər. Kufə, Bağdad, Nişabur, Qum, Abe (Ave), Mədain, Xorasan, Yəmən, Rey, Azərbaycan, Samirra, Qorqan (Corcan) və Bəsrə kimi yerlər artıq şiələrin mərkəzinə çevrilmişdi. Bu şəhərlər arasında Samirra, Kufə, Bağdad, Qum və Nişabur bir sıra səbəblər üzündən xüsusi əhəmiyyətə malik idi.

Tarixi qaynaqlara əsasən, İmam Həsən Əsgəri (ə) şiələr arasında tanınmış şəxsləri seçib müxtəlif yerlərə nümayəndə göndərmiş, onlarla əlaqə saxlayaraq bütün şiələrə nəzarət edə bilmişdir. İmam Həsən Əskəri əleyhissəlamın nümayəndələrinin başında Məhəmməd ibn Osman Əmri dururdu. Digər nümayəndələr isə onun vasitəsilə İmamla əlaqə saxlayırdılar. Onlar adətən topladıqları şəri vergiləri Məhəmmədə, o isə onları İmam Həsən Əsgəri(ə)yə  çatdırırdı.

Abbasilər hökumətinin son dərəcə nəzarətinə baxmayaraq İmam Həsən Əsgəri  bir sıra gizli siyasi fəaliyyətlər aparmış, bu fəaliyyətlər zamanı çox incə və gizli metodlardan istifadə edərək saray casuslarının gözündən uzaq olmuşdur. Bu fəaliyyətlərə dair çoxlu nümunələr vardır.

İmamın fəliyyətlərindən biri də şiələri, xüsusən də, yaxın dostlarını maddi cəhətdən təmin etmək idi. O Həzrətin həyatı barədə mütaliə edilsə, bəzi vaxtlar şiələrdən bir neçəsinin İmamın hüzuruna gedib yoxsulluqdan şikayətlənməsinin, İmamın da onların maddi ehtiyacını ödəməsinin şahidi olarıq. Hətta bəzi vaxtlar onlar özləri şikayətlənmədən  İmam özü onların maddi ehtiyacını aradan qaldırırdı. İmamın bu hərəkəti şiələrin maddi çətinlik ucbatından hökumətə tərəf cəlb olunmasının qarşısını alırdı.

İmam Həsən Əsgərinin cəmiyyət arasındakı nüfuz və hörmətinin günbəgün artmasından nigaran olan Abbasi xəlifəsi Mötəmid camaatın o Həzrətə olan diqqətinin artdığını, zindanın, təzyiq və işkəncələrin mənfi nəticə verməsini gördükdə, öz köhnə kələklərinə əl atıb İmamı gizlincəsinə zəhərləyir.

İmam Həsən Əskəri əleyhissəlamın Abbasi hökuməti tərəfindən öldürülməsinin nişanələrindən biri Mötəmidin o Həzrətin zəhərləndiyi günlərdə İmamın ölümünü adi və təbii bir ölüm kimi qələmə verməsi üçün etdiyi səylərdir.

Əhli sünnə məzhəbinin görkəmli alimlərindən biri olan ibn Səbbaq Maliki, Abbasilər sarayında işləyən Übeydullah ibn Xaqanın dilindən yazır: "... İmam Həsən Əsgəri (ə) vəfat edərkən Abbasi xəlifəsi heyrətamiz bir halda idi. Biz onun bu halından təəccübləndik, (onun xəlifə olduğundan) belə bir hala düşməsini heç fikrimizə belə gətirməzdik. İmam Həsən Əsgəri zəhərlənərkən xəlifə hamılıqla saray alimlərindən olan beş yaxın dostunu onun evinə göndərir. Xəlifə onlara tapşırır ki, İmam Əskəri əleyhissəlamın evində qalıb baş verən bütün hadisələri ona xəbər versinlər. Eyni zamanda o, bir neçə nəfəri o Həzrətə xidmət etmək üçün onun evinə göndərir. Həmçinin, xəlifə Qazi ibn Bəxtiyara tapşırır ki, etibar etdiyi şəxslərdən on nəfərini seçib gecə-gündüz İmam Əsgərinin halına nəzarət etmək üçün onun evinə göndərsin. İki-üç gündən sonra xəlifəyə xəbər verilir ki, İmam Əsgərinin halı çox ağırdır və çətin ki, yaxşılaşsın. Xəlifə onlara tapşırır ki, o Həzrətin evinə daha da ciddi nəzarət edilsin. Onlar da xəlifənin dediyinə əsasən, İmam Həsən Əskəri (əleyhissəlam) vəfat edənə qədər o Həzrətin evinə nəzarəti daha da artırdılar. İmam Həsən Əskəri əleyhissəlamın şəhadət xəbəri Samirraya yayıldıqda, şəhərdə ah-nalə, şivən səsi ucalmağa başlayır və bütün dükan-bazar bağlanır. Bəni-Haşim, divan işçiləri, ordu başçıları, şəhər qazıları, şairlər, vəkil və şahidlər, adi camaat hamı o Həzrətin dəfn mərasiminə getdi. Sanki həmin gün Samirrada qiyamət qopmuşdu. İmam Həsən Əskəri əleyhissəlamın cənazəsi dəfn üçün hazır olduqda xəlifə öz qardaşı İsa ibn Mütəvəkkili o Həzrətin meyyit namazını qılmağa göndərir. Cənazə, namaz qılmaq üçün yerə qoyulduqda, İsa irəli gedib o Həzrətin üzündən kəfəni kənara çəkir və onu Ələvilərə, Abbasilərə, qazılara, yazıçı və şahidlərə göstərərək deyir: "Bu, İmam Həsən Əsgəri əleyhissəlamdır. O, təbii ölüm nəticəsində vəfat etmişdir. Xəlifənin xadimləri də buna şahiddir.”

Əbül-Ədyan deyir: "Mən İmam Həsən Əskəri əleyhissəlamın xadimlərindən biri idim və o Həzrətin məktublarını müxtəlif şəhərlərə aparırdım. İmam xəstə olduğu son günlərdə onun yanına getdim. O Həzrət bir neçə məktub yazıb buyurdu: "Bunları Mədainə apar, sən on beş gün Samirrada olmayacaqsan. On beşinci gün şəhərə gəldikdə isə görəcəksən ki, mənim evimdən ağlamaq səsi gəlir və mənim meyyitimi qüsul verməyə qoyublar.” Mən dedim: "Ey mənim ağam! Bəs onda sizdən sonrakı İmam kim olacaq?” Buyurdu: "Məktubların cavabını səndən istəyəcək şəxs.” O Həzrət buyurdu: "Mənim cənazəmə meyyit namazı qılan şəxs məndən sonra İmam olacaq.”...

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 Dekabr, 2014  13:35 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!