إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Əli Həsənov - "İslam dini haqqında yanlış rəy formalaşdırmaq cəhdləri bizi narahat etməyə bilməz"(foto)

İslam Əməkdaşlıq Təşkilatına(İƏT) üzv dövlətlərin informasiya nazirlərinin 10-cu iclasında  Əli Həsənov İƏT üzv ölkələrin informasiya nazirlərinin növbəti - 11-ci toplantısının Azərbaycanda keçirilməsini təklif edib.

Dekabrın 3-də Tehranda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin informasiya nazirlərinin 10-cu iclası öz işinə başlayıb. “Sülh və sabitlik uğrunda medianın inteqrasiyası” mövzusuna həsr olunan tədbirdə 57 dövlətin rəsmi nümayəndələri iştirak edir.

Ahlibeyt.az-ın verdiyi məlumata görə, İclasda çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov belə bir mövzuda beynəlxalq tədbirin təşkil olunmasında göstərdiyi səylərə görə İran İslam Respublikasının rəhbərliyinə təşəkkürünü bildirdi. Əli Həsənov dedi ki, beynəlxalq münasibətlər sistemində xüsusi çəkiyə malik olan İslam Əməkdaşlıq Təşkilatı müsəlman ölkələrinin uğurlu birlik modeli kimi artıq özünü təsdiq edib, üzv dövlətlər arasında qarşılıqlı faydalı əlaqələrin, siyasi, iqtisadi və mədəni əməkdaşlığın genişlənməsinə, İslam həmrəyliyinin güclənməsinə və xalqlarımızın mənafelərinin qorunması işinə mühüm töhfələr verib. Təşkilat həm də ölkələrimizi narahat edən mürəkkəb qlobal və geosiyasi prosesləri, mövcud problemləri müzakirə etmək, çıxış yolları axtarmaq, müşahidə olunan təhdid və təzyiqlərə qarşı vahid mövqe formalaşdırmaq üçün olduqca vacib platformadır.

Qlobal siyasi proseslər barədə danışan şöbə müdiri bildirib ki, hazırda dünyada, o cümlədən bir çox müsəlman ölkəsində sabitliyə zərbə vuran müxtəlif neqativ proseslər, digər tərəfdən isə barışığı, sülh və əmin-amanlığı təcəssüm etdirən İslam dini haqqında yanlış rəy formalaşdırmaq cəhdləri bizi narahat etməyə bilməz. Bütün ərəb dünyasını sarsıdan siyasi hadisələr, o cümlədən Fələstin xalqının milli müstəqillik uğrunda mübarizəsi, Suriyada hərbi əməliyyatlar, Ermənistanın Azərbaycana hərbi təcavüzü və Dağlıq Qarabağ münaqişəsi, digər bu kimi problemlər İslam aləmində davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına, stabil inkişafa maneə yaradan, habelə səylərimizin vahid məqsəd uğrunda səfərbər edilməsini zərurətə çevirən ciddi faktorlardır.

O təəssüflə qeyd etdi ki, Qərbin islamofob dairələri və transmilli mediası müsəlman dünyasında baş verən hadisələri, prosesləri birtərəfli və əsasən qərəzli formada təqdim edirlər. Nəticə etibarilə həm maddi və mənəvi zənginliyi ilə seçilən müsəlman ölkələri, həm də sülh və barışıq dini olan İslam dini haqqında beynəlxalq ictimaiyyətdə qeyri-obyektiv və yanlış təsəvvür yaradılır. İslamı terrorla eyniləşdirmək, hər bir müsəlmanı potensial terrorçu obrazında təqdim etmək, İslam dəyərlərini ümumbəşəri dəyərlərdən ayıraraq yad və zərərli element kimi qələmə vermək cəhdləri haqlı olaraq bütün İslam aləmində ciddi etirazlar doğurur.

İyirmi ildən artıqdır ki, Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal altında saxlandığını deyən Əli Həsənov Azərbaycanın tarixi torpaqlarında bütün infrastrukturla yanaşı, milli, mədəni və dini abidələrin və məscidlərin də dağıdıldığını nəzərə çatdırdı.

Əli Həsənov bildirdi ki, İslam ölkələrinin informasiya vasitələrində obyektivliyin və həmrəyliyin təmin olunması, KİV-lərin fəaliyyətinin əlaqələndirilməsi, birgə media təsisatlarının yaradılması və onların məqsədyönlü fəaliyyətinin təşkili, müsəlman dünyasının maraqları naminə dünyanın aparıcı KİV-ləri ilə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, İslam aləmini düşündürən mövzularla bağlı forum və konfransların keçirilməsi və digər bu kimi tədbirlər hazırda da öz aktuallığını saxlamaqdadır. İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin KİV-ləri arasında obyektiv informasiya mübadiləsinin genişləndirilməsi, virtual məkanda birgə fəaliyyətin koordinasiyası, vahid internet resurslarının yaradılması istiqamətində də tədbirlərin həyata keçirilməsinə ehtiyac var.


Əli Həsənov İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin informasiya nazirlərinin növbəti - 11-ci toplantısının Azərbaycanda keçirilməsini təklif etdi. Həmçinin informasiya nazirlərinin 9-cu toplantısında İslam Ölkələri Jurnalistləri Birliyinin yaradılması barədə qərar qəbul olunduğunu, artıq Azərbaycanda bu istiqamətdə ilkin tədbirlərin həyata keçirildiyini və müvafiq qurumun təsis edildiyini nəzərə alaraq, növbəti görüş çərçivəsində İslam Ölkələri Jurnalistləri Birliyinin təqdimetmə mərasiminin keçirilməsi təşəbbüsünü irəli sürdü.

İclasın sədri informasiya nazirlərinin 11-ci iclasının və İslam Ölkələri Jurnalistləri Birliyinin təqdimat mərasiminin Bakıda keçirilməsi təklifinə görə təşəkkürünü bildirdi və bu məsələnin katiblikdə müzakirə olunaraq qərar qəbul ediləcəyini dedi.

Çıxışlardan sonra irəli sürülən təkliflər nəzərdən keçirildi və müzakirələr aparıldı.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Dekabr, 2014  12:09 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!