Tədbiri açan DQİDK-nın sədri Mübariz Qurbanlı ölkəmizdə dövlət-din müasibətlərinə və Dövlət başçısı cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasətə diqqət çəkib, müzakirə olunacaq məsələlər barədə ətraflı məlumat verərək qeyd edib ki, Dövlət Komitəsinin gələcək fəaliyyətinin qurulması və dini durumun tənzimlənməsi baxımından bu cür müşavirələr xüsusi əhəmiyyət kəsb edir. M. Qurbanlı Azərbaycanda mövcud olan dinlərə dövlətin münasibətinin dərin tarixi ənənələrə söykəndiyini, ölkə Prezidenti tərəfindən bu ənənlərin daima qorunub saxlanıldığını diqqətə çatdırıb, görülmüş işlər, planlaşdırılan tədbirlər və qarşıda duran vəzifələrdən danışıb.
Gündəliyə uyğun olaraq əvvəlcə Dövlət Komitəsinin bölgə şöbə müdirlərinin hesabat məruzələri dinlənilib. Məruzələrdə bölgələrdəki dini durum, DQİDK-nın yerli şöbələri tərəfindən keçirilən tədbirlər haqqında məlumat verilib. Qeyd edilib ki, son günlərdə yas mərasimləri ilə bağlı tövsiyyələr regionlarda əhali tərəfindən rəğbətlə qarşılanıb. Rayonlarda tövsiyələrə uyğun olaraq mərasimlərdə israfçılıq halları azalıb.
Müşavirədə ölkədəki mövcud dini durum, dövlət-din münasibətləri, dövlətin dinə qayğısı, Azərbaycanın zəngin tolerantlıq ənənələri, milli-mənəvi dəyərlərimizin qorunması və digər aktual məsələlərlə bağlı müzakirələr aparılıb.