إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

21-ci əsrdə elan edilmiş "İslam Xilafəti" öz mənəvi sələflərinin ənənəsini gözümüz önündə canlandırır

Tarix kitablarında İslam adı ilə çıxış edən xilafətlərin zülmü haqda oxuduqda, bəzən şübhələr yarana bilər: doğrudandamı özünü aləmlərə rəhmət olan Peyğəmbərin (s) xəlifəsi sayan hökmdarlar belə rəzalətə qol qoya, insanlara qarşı belə amansız cinayətlər törədiblər? Doğrudandamı xilafətlər kütləvi qırğınlar törədiblər?

Tarixin şəhadət verdiyi budur ki, qəsbkar xilafətlər əsrlər boyu din, İslam adı ilə insanlığa qarşı zülm ediblər. Bu, danılmaz faktdır. İslam tarixi Kərbəla çölündə Peyğəmbər (s) nəvəsi İmam Hüseynə (ə) qarşı törədilən amansız cinayətdən tutmuş, Əməvi, Abbasi və Osmanlı xilafətlərinin saysız-hesabsız insanların qanını tökməsinədək, bu acı həqiqətin canlı şahidi olub. "İslam xilafətlərinin" cinayətlərinin qurbanları ən çox elə müsəlmanlar olublar.

Doğrudur, nə Kərbəla faciəsi, nə digər xilafət qətliamları videolentə alınmayıb. Amma 21-ci əsrdə elan edilmiş İslam xilafəti öz mənəvi sələflərinin ənənəsinə sadiq qalaraq, günümüzdə həmin faciələri gözümüz önündə canlandırır. Canlandırır və videolentə alır, bütün bəşəriyyətə görk olaraq, nümatiş etdirir. Aləmlərə rəhmət olaraq göndərilmiş Peyğəmbərin (s) gətirdiyi din adı ilə, insanlığa qarşı cəbhə açıb savaşır.

Beləcə, Kərbəla faciəsi təkcə tarix deyil, elə günümüzün reallığına çevrilir. "Hər yer Kərbəladır, hər gün Aşuradır" şüarı Yezid xilafətinin mənəvi varisləri vasitəsilə gündəmdə qalır. Bütün bəşəriyyət də bu faciələrin canlı şahidinə çevrilir.

Elə bu günlərdə dövrümüzün "İslam xilafəti" tərəfindən törədilən daha bir qətliamın vidoesu ortaya çıxıb. ANS PRESS-in məlumatına görə, videoda İraq əsgərləri olduğu iddia edilən bir dəstə gəncin yük maşınlarına doldurularaq boş bir əraziyə aparıldığı və avtomat silahlarla qətlə yetirildiyi əks etdirilir. Videonu sosial şəbəkəyə yerləşdirən İŞİD təmsilçisi üzərinə “fərari Maliki əsgərlərinin edamı” sözlərini yazıb.

Əli bağlı gənclər "İslam xilafətinin" yaraqlılarından aman istəyirlər. Yalvarıb, onları azad buraxmalarını diləyirlər. Amma xilafət əsgərləri onların başına atəş açaraq bir-bir qətlə yetirir. Bəzilərini isə başlarından güllələyərək çaya atırlar. Əlbəttə, bütün bu səhnələr dini şüarlar sədaları fonunda canlandırılır. Beləliklə, tarixən olduğu kimi, günümüzdə də "İslam xilafəti" öz varlığını din adı ilə qan və qətllər üzərində qurur. Bir daha və dönə-dönə sələfləri olan Yezid xilafətinə sadiq olduqlarını nümayiş etdirmək üçün, "hər günün Aşura" olduğunu sabit etmək üçün.

Mənbə:
İslam.az-   E.M.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 İyul, 2014  17:02 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!