إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Islam dünyası, elmi nailiyyətlər, tarix və günümüz

Britaniyanın məşhur "The Independent" qəzeti müsəlman dünyasının Avropa və dünyanı dəyişən ixtiralarından yazıb. Məqalədə qəhvə, cərrah alətləri, diyircəkli qələmin kəşfi və s. ixtiralar öz əksini tapıb.

Bu haqda AnsPress məlumat yayıb. Britaniya qəzetinə istinadən verilən bu məlumatda bildirilir ki, dünyada ilk dəfə işığın gözə girərək qırılması nəticəsində ətrafı gördüyümüzü 10-cu əsrdə yaşayan müsəlman alim İbn Heysəm tapıb.

Şahmat ilk dəfə İranda formalaşmağa başlayıb və buradan Qərbə yayılıb. İspanlar 10-cu əsrdə Əməvilərin sayəsində şahmatla tanış olublar.

Vriqht qardaşlarının ilk uçma sınağından min il öncə, 852-ci ildə Abbas İbn Firnas adlı bir ərəb taxta qanadlarla məscid minarəsindən uçmağa cəhd edib. Doğrudur, o, uça bilməyib. Amma qanadların yaratdığı paraşüt effekti sayəsində yerə qəzasız enə bilib. İbn Firnas 70 yaşında ipək və qartal tükləri ilə yenidən uçmağa cəhd edib. Bu zaman o, 10 dəqiqə havada qalıb.

Xaç yürüşlərində müsəlmanları dəhşətə gətirən xristian əsgərlərin vəhşiliyindən çox onların yuyunmaması və bədənlərindən pis qoxu gəlməsi olub. Sabun qədim Misirdə də var idi. Amma müsəlman ərəblər ona xoş ətirli yağlar əlavə edərək müasir sabunu yaratmışlar. Şampun da elə müsəlmanların icadıdır. Bu məhsul İngiltərəyə ilk dəfə 1759-cu ildə gəlib.

Mayelərini qaynama temperaturuna görə bir birindən ayrılmasını müsəlman alim Cabir ibn Həyyan kəşf edib. O, müasir kimyanın qurucularından sayılır.

Minlərlə insanın həyatını xilas etmək üçün istifadə edilən ilk cərrah alətləri də müsəlmanların ixtirasıdır. Əl-Zəhravinin dizaynı olan 200-ə yaxın alətdən günümüzdə də istifadə edilir. Heyvan bağırsağından hazırlanan iplərlə olan tikişlərin tez zamanda itdiyini də o kəşf edib.

Külək dəyirmanı ilk dəfə İranda kəşf edilib, daha sonra bütün müsəlman aləminə yayılıb. Avropada ilk külək dəyirmanı bundan 500 il sonra istifadə edilib.

İlk peyvənd İslam dünyasında istifadə edilib. Çiçək xəstəliyinə qarşı peyvəndin Avropada istifadəsindən 50 il öncə ondan Osmanlıda istifadə edilirdi.

İlk diyircəkli qələm 953-cü ildə kəşf edilib. Qələm əllərini mürəkkəblə çirkləndirmək istəməyən Misir sultanının istəyi ilə hazırlanıb.

Cəbr və triqonometriya İslam dünyasından Avropaya yayılıb.

Doqquzuncu əsrdə çox sayda İslam alimi dünyanın günəş ətrafında döndüyünü deyirdi. Yəni Qalileydən 500 il öncə.

"The Independent" qəzeti bu və bir sıra digər məlumatları yayaraq, müsəlman alimlərin dünya elminə bəxş etdiyi töhfələri sadalayıb. Şübhəsiz ki, bütün bu kəşflərlə hər bir müsəlman bu gün də qürur duya bilər. Amma oxucularımızın diqqətini başqa bir məqama cəlb etmək istərdik.

Yuxarıdakı kəşflərin hamısı keçmiş dövrlərə aid elm və texnologiyanın inkişafını əks etdirir. Həqiqətən də, orta əsrlərdə İslam aləminin elmi nailiyyətləri dünya elmi üçün bir təkan mənbəyi olub. Amma elm və texnologiyaların inkişafı bununla tamamlanmayıb axı!

Dünya elmi öz inkişafını durmadan davam etdirir. Sadalanan nümunələrdən sonrakı tarixdə, xüsusilə Avropada intibah dövründən sonra Qərbdə elmi sıçrayış baş verir və günümüzədək də yeni-yeni elmi kəşflər, ixtiralar ortaya qoyulur. Günümüzdə hər birimiz həmin elmi-texniki nailiyyətlərin məhsullarından bol-bol istifadə edirik. Ətrafımıza nəzər salaq: elektrik enerjisi, soyuduğu, kondisioner, avtomobil, telefon, televizor, peyk ötürücüləri, təyyarə, qatar, elə qarşımızdakı kompüter və daha nələr və nələr. Bunların hamısı həyatımızın zərurətidir və istisnasız, hamısının müəllifləri qeyri-müsəlmanlardır. Bu, danılmaz bir həqiqətdir!

Belə görünür ki, biz müsəlmanlar öz tariximizlə fəxr etməklə kifayətlənirik. Həyat isə durmadan irəliləyir. Elə elm və texnologiyalar da. Müsəlmanlar isə bu axarda demək olar ki, gözə dəymirlər. Baxmayaraq ki, dinimiz elm öyrənməyə, elmə yiyələnməyə xüsusi önəm verib və müsəlmanları elmə yiyələnməyə səsləyib.

Həzrət Məhəmməd peyğəmbər (s) buyurub: “Kim elm axtarmaq yolu ilə getsə, Allah onu cənnətə aparar... Alimin abiddən üstünlüyü on dördüncü gecədə ayın ulduzlardan üstünlüyü kimidir. Həqiqətən alimlər peyğəmbərlərin varisləridirlər. Çünki peyğəmbərlər dinar, dirhəm irs qoymurlar, onların irsi elmdir. Kim ondan bəhrələnərsə, çoxlu nəsib əldə etmiş olar” (Üsuli-Kafi, c. 1, s.95-96).

Başqa bir hədisdə buyurub: “Elm axtarışında olmaq hər bir müsəlmana vacibdir. Həqiqətən Allah elm axtaranları sevir” (Üsuli-Kafi, c.1, s.83).

 

Bu hədislər yalnız orta əsrlər üçün buyurulmayıb. Müsəlman olan hər bir kəs hər bir dövrdə Həzrət Peyğəmbərin (s) burada dediklərini rəhbər tutaraq, elmə yiyələnməyi özünə ilahi bir vəzifə saymalıdır.

Müasir dövrümüzdə elmdə ilk sözü deyən dünyada söz sahibi olur. Elə isə, qürur duyduğumuz tarixi nailiyyətləri günümüzə daşımağı bacaraq - elmə yiyələnək ki, təkcə tariximizlə deyil, bugünümüzlə də qürur duyaq!

mənbə islam.az

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 İyun, 2014  16:14 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!