إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Hacı İlqar İbrahimoğlundan sabiq komitə sədri Rafiq Əliyevin ara qarışdıran açıqlamalarına sərt təpki gəldi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyev “Media forum” saytına müsahibəsində sensasion açıqlamalar verib. Təhsil müəssisələrində hicab probleminə münasibət bildirən keçmiş komitə sədri hicabın dinin əsas atributu olmadığını bildirib. R.Əliyevin ikinci belə açıqlaması İmam Mehdi (ə.f) ilə bağlı olub. “Şiələrin inamına görə, ”Quran”da İmam Mehdi (ə.f) barədə surə və ayələrdə işarələr var” sualına cavab olaraq R.Əliyev, “Mən, ümumiyyətlə, peyğəmbərlərin və imamların zühuruna və yer üzündə ədaləti bərpa edəcəyinə ümid bəsləmirəm. Bu, çətin problemdir. İnsan yaratdığı problemləri özü vaxtında həll etsə, daha real olar”, - deyə cavab verib.
Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin sədri Hacı İlqar İbrahimoğlu R.Əliyevin açıqlamasından təəccüblənmədiyini bildirir: “Azərbaycanda iki Rafiq Əliyev var. Biri ölkəmizin böyük ziyalısı, dünya səviyyəsində Azərbaycanı təmsil edən akademik Rafiq Əliyev. Bir çox məsələlərə gerçək ziyalı yanaşması var və biz onunla qürur duyuruq. Bir də keçmiş komitə sədri Rafiq Əliyev var. Çox böyük təəssüflə xatırlayırıq ki, Dini Komitəyə rəhbər gələndən sonra ölkədə İslam diniylə bağlı qeyri-peşəkar yanaşmanı başlatdı. O vaxt hicabla da bağlı yanlış mövqe sərgiləmək cəhdləri var idi. Din azadlığı, dini proseslərlə bağlı şəxsi mülahizələrini əsas tutaraq davranırdı. İndi yenidən oxşar mövqe səsləndirir. Mən təəccüblənmirəm. Rafiq Əliyevin mahiyyət etibarilə formalaşması Sovet dönəminə təsadüf edir. Onun İslam dininə yanaşması da Sovetin eynəyindən baxmaqla formalaşıb. Təbii ki, Sovet dövrü bitəndən sonra transformasiya prosesi getdi. Sovet təbliğatını aparan insanlar islamşünaslara, dinşünaslara çevrilməyə başladılar. Bəzən bu, uğurlu olurdu, ortada yaxşı nümunələr var. Bəzən isə qətiyyən uğurlu olmurdu”. 
R.Əliyevin hicabla bağlı fikirlərinə gəlincə, İ.İbrahimoğlu deyir ki, bu barədə ayrı-ayrı şəxslərin yox, İslam dininin və Azərbaycan Konstitusiyasının vahid fikri nəzərə alınmalıdır: “Hicab Quranın mahiyyətindən irəli gələn məsələdir. Bizim Konstitusiyaya görə də qorunmalı olan dəyərdir. Ona görə də kimlərinsə şəxsi mülahizələrlə çıxış etməsini dramatikləşdirmək istəməzdim. Bu, Rafiq Əliyevin ənənəvi yanlış mülahizələrinin davamıdır”. 
Keçmiş komitə sədrinin ikinci açıqlamasına da münasibət bildirən İ.İbrahimoğlu bu fikirlə də razılaşmadığını deyir: “İnancımıza görə insan iradəvi həyatını qurmalı və yaşamalıdır. Bu çalışmaların, mübarizənin, insanların kamilləşməsinin fonunda da İmam Mehdinin (ə.f) gəlişinin müstəvisi formalaşır. Azərbaycan xalqının mental olaraq İmam Mehdinin (ə.f) gəlişinə inamı olub. Eyni zamanda cümhuriyyət baniləri də bu inanca sahib olublar. Hörmətli Məhəmməd Əmin Rəsulzadənin ”Əsrimizin Səyavuşu” əsərində səslənən “Mehdiyə (ə.f) inanırıq” bəyanatı da bunun bir təsdiqidir. Mehdi Sahib-əz-Zamanın (ə.f) gəlişinə inanmaq - problemləri o dövrə saxlamaq anlamına gəlmir. Əksinə, o dövrün gəlişinin intizarında olaraq üzərinə düşəni etmək, içindəki potensialı daha da artırmaqdır”.

 Azadlıq qəzeti-Azadliq.info

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 Sentyabr, 2011  23:00 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!