إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Bu gün İmam Müseyi Kazım(ə)ın şəhadət günüdür

"Kiminsə onun barəsində xoşagəlməz sözlər deməsini eşitsəydi, ona içində min dinar olan kisə göndərərdi."

O Həzrətin adı Musa ,ləqəbi Kazim anası Həmidə adlı çox fəzilətli bir qadın, atası isə altıncı İmam Həzrət Sadiq (əleyhissəlam) olmuşdur. İmam Kazim (əleyhissəlam) hicrətin yüz iyirmi səkkizinci ilində (Mədinənin yaxın kəndlərindən biri olan) Əbva adlı bir yerd dünyaya gəlmiş hicrətin yüz səksən üçüncü (başqa bir versiyaya görə isə yüz səksən altıncı) ilində şəhid olmuşdur.

İmam Kazim əleyhissəlamın müasiri olmuş xəlifələr

Hicrətin yüz qırx səkkizinci ilində İmam Sadiq (əleyhissəlam) şəhid olduqdan sonra İmam Kazim əleyhissəlamın İmamlıq dövrü başlamışdır. O Həzrət İmam olduğu bu otuz beş (ya da otuz səkkiz) il ərzində aşağıda adları çəkilmiş xəlifələr onun müasiri olmuşdur:

Mənsur Dəvaniqi (137-158 h.q);

Məhəmməd − Məhdi adı ilə tanınmış (158-169);

Musa − Hadi adı ilə tanınmış (169-170);

Harun Ər-Rəşid (170-193).

İmam Sadiq (əleyhissəlam) şəhid olan zaman Mənsur Dəvaniqi öz hakimiyyətinin qüdrətli dövrünü yaşayırdı. Mənsur elə bir şəxsiyyət idi ki, öz hakimiyyət dayaqlarını möhkəmləndirməkdən ötrü saysız-hesabsız insanları qətlə yetirirdi. O,bu işdə təkcə şiələri deyil,eləcə də, onunla müxalif olan sünni məzhəbinin fəqih və digər böyük şəxsiyyətlərinə ağır əzablar verirdi. Belə ki,Əbu Hənifəni (Abdullahın oğlu və İraqda Abbasilər qiyamının müxaliflərinin başçısı olan) İbrahimi himayə edərək onun (Mənsurun) əleyhinə fətva verdiyinə görə şallaq vurduraraq həbs etdirmişdi.

İmam Kazim (əleyhissəlam) atasının vəfatından sonra iyirmi yaşında İslam hökumətinin (bütün xilafət ərazisinin) xəlifəsi sayılan belə bir zalım hakimlə üzləşmişdi. Mənsur (Mədinə hakimi olan) Məhəmməd ibn Süleymandan İmam Sadiq əleyhissəlamın şəhadət xəbərini eşitdikdən sonra ona bir məktub yazıb bildirdi ki, əgər Cəfər ibn Məhəmməd (İmam Sadiq (əleyhissəlam)) öz yerinə bir nəfər canişin təyib edibsə, onu çağırtdır və boynunu vur! Çox çəkmədi ki, Mədinə hakimi Bağdada (Mənsura) aşağıdakı məzmunda bir məktub yazdı: "Cəfər ibn Məhəmməd rəsmi şəkildə yazmış vəsiyyətnaməsində beş nəfəri öz canişini təyin etmişdir. O beş nəfər bunlardır:

Dövrün xəlifəsi – Mənsur Dəvaniqi;

(Mədinə hakimi və məktubu yazanın özü) Məhəmməd ibn Süleyman;

Abdullah ibn Cəfər ibn Məhəmməd (İmam Kazim əleyhissəlamın böyük qardaşı);

Musa ibn Cəfər (İmam Kazim (əleyhissəlam));

Həmidə (İmam Sadiq əleyhissəlamın həyat yoldaşı);”

Mədinə hakimi bunları yazdıqdan sonra qeyd etmişdi ki, bunlardan hansını çağırıb boynunu vurdurum?

Vəziyyətin belə alınacağını gümanına belə gətirməyən Mənsur həddən artıq bərk qəzəblənib deyir ki, bunları öldürmək olmaz!

İmam Sadiq əleyhissəlamın bu vəsiyyətnaməsi tamamilə siyasi bir hərəkət idi. Çünki İmam Sadiq (əleyhissəlam) özündən sonrakı İmamı və öz canişinini qabaqcadan  tanıtdırmışdı. lakin Mənsurun bu cür təhlükəli planlarından xəbərdar olduğu üçün yeddinci İmamın canını qorumaq məqsədilə vəsiyyətini bu şəkildə yazmışdı.

Mənsur öldükdən sonra onun Məhdi adı ilə tanınmış oğlu Məhəmməd hakimiyyət başına gəlir. Məhdi ilk xəlifəlik çağlarında camaatın gur alqışları ilə üzləşdi. Çünki o hakmiyyətə gəldiyi ilk vaxtda "Yaşıl bağ”da camaat qarşısında ümumi əfv etmə (amnistiya) qərarı çıxarıb bütün siyasi məhbusları (istər Bəni-Haşimdən olsun istərsə də qeyri Bəni-Haşimdən) azad edərək camaatın əzab-əziyyətinə və qırğınına son qoydu. Həmçinin, atası Mənsurun camaatdan müsadirə etdiyi  əmlakı öz sahiblərinə qaytardı və beytül-maldan olan gəlirin əksəriyyətini camaat arasında bölüşdürdü.

Görkəmli tarixçi Məsudinin yazdığına əsasən, Mənsurun camaatdan zorla topladığı əmlakın dəyəri altı yüz milyon dirhəm və on dörd milyon dinar idi. Bu məbləğ Mənsurun xəlifə olduğu müddətdə yığdığı torpaq vergisi və kəndlilərdən aldığı vergidən əlavə idi. Yığılan bu əmlak Mənsurun əmrinə əsasən, "məzlumların beytül-malı” adı ilə xüsusi yerdə saxlanıldığından və hər əmlakın üstündə onun sahibinin adı yazıldığından Məhdi onların hamısını ayırıb öz sahiblərinə ya da onların varislərinə qaytardı.Onun belə bir addım atmasından məqsəd  hakimiyyət başına gələrkən  hakimlərə qarşı  etirazların qarşısını alıb nisbi sakitlik yaratsın. Bir sözlə, bu azadlıq, əmniyyət və iqtisadi rifah cəmiyyətdəki müxtəlif dəstələrin razılığına səbəb olaraq ictimai və iqtisadi həyatda yeni bir mərhələ açır.

Məhdinin rəftarı atası Mənsurdan müxtəlif cəhətlərə görə fərqlənirdi. Ancaq onların hər ikisinin müştərək bir cəhəti var idi ki, o da hər ikisinin Ələvilərə (Əli əleyhissəlamın nəslindən olanlara) qarşı həddən artıq təzyiq göstərməsi idi. Məhdi də Mənsur kimi Bəni-Haşimə qarşı olunan təzyiqlərdə əlindən gələni əsirgəmir hətta bəzi vaxtlar onları Mənsurdan da çox təzyiqlərə məruz qoyurdu. Əli əleyhissəlamın övladlarını hər an öz hökuməti üçün təhlükə hesab edən Məhdi onların başçılığı ilə olan hər hansı bir etirazın qarşısını almağa çılışırdı.

Hicrətin yüz altımış doqquzuncu ili İslam tarixi üçün  qeyri-sabit və qəmli bir il olmuşdur. Çünki həmin il Məhdi Abbasinin ölümündən sonra onun kefcil və məğrur oğlu Hadi Abbasi hakimiyyətə gəlir. Onun hakimiyyət dövrü İslam cəmiyyəti üçün baha başa gələn acı hadisələr dövrü olmuşdur.

O  hakimiyyətə gəldiyi ilk çağlardan Bəni-Haşimdən olanları ciddi təzyiqlərə məruz qoyub atası Məhdinin dövründən onlar üçün beytül-maldan ayrılmış hüququ kəsdi. Həmçinin, onları təqib edərək onlarda bərk qorxu yaratmış və əmr vermişdi ki,onları harada tutsalar, Bağdada göndərsinlər.Bu təhdidlərə İmam Kazim (ə) soyuqqanlı yanaşsa  Peyğəmbər ailəsi və o Həzrətin tərəfdarları çox qorxuya düşdülər. Ancaq Hadi öz çirkin məqsədini həyata keçirməmiş ömrü sona yetdi və onun ölüm xəbəri Mədinədə sevinc və fərəh ruhiyyəsi yaratdı.

Əsrlərlə İslam adı altında müsəlmanlara hakim kəsilmiş Əməvi və Abbasi xəlifələri öz hakimiyyət dayaqlarını möhkəmlətmək və camaat arasında nüfuzlarını artırmaq üçün qəlblərə mənəvi nüfuz tapıb camaatın yanında etimadlarını doğrultmaq fikrində idilər ki, bəlkə bu yolla müsəlmanlar onların hakimiyyətini sidq ürəkdən qəbul edib onlara itaət etməyi özlərinə şəri bir vəzifə bilsinlər.

Bu məsələ Abbasi xəlifələri arasında hamıdan çox Harun ər-Rəşidin dövründə özünü göstərmişdir. Hökumət dairəsinin bu qədər genişliyi və həmçinin, imkanlarının çox olmasına baxmayaraq, qəlblərin hələ də, İmam Museyi-Kazim əleyhissəlamla olmasını bilən Harun bu məsələdən çox narahat olur və o Həzrətin mənəvi nüfuzunun azalması üçün gizli hiylələrini işə salırdı. "Camaat öz xüms-zəkatını gizli şəkildə Musa ibn Cəfər əleyhissəlama verir və bu hərəkət ilə həqiqətdə onun xəlifə olduğunu rəsmiyyətlə tanımış Abbasi hökumətini isə qeyri-qanuni hökumət bilir” - xəbərinin hər gün Haruna çatdırılması onun üçün dözülməz idi.

Əməvi xəlifələri (Müaviyə və digər bir-iki xəlifə istisna olmaqla) dini alimlərlə bir o qədər də, əlaqə saxlamır, onların işinə qarışmırdılar. Onlar ancaq ölkədaxili qiyamları yatırtmaq, xarici qələbələr əldə etmək, ölkənin maliyyə işlərini tənzimləmək və bu kimi siyasi işlərə nəzarət edir, İslam alimlərini (adətən) başlı-başına buraxırdılar. Buna görə də, onların hökumətinin dini cəhəti olmamışdır. Ancaq elə ki Əməvi sülaləsi öz yerini Abbasi sülaləsi ilə əvəz etdi, məsələ tamamilə dəyişdi. Hökumət özünə dini cəhət kəsb edir, məzhəbi amillərdən hökumətin xeyrinə istifadə etmək siyasəti və özünü dindar kimi göstərmək, dini alimlərlə əlaqə saxlamaq xüsusən, ilkin Abbasi xəlifələrinin dövründə adət halına çevrilir. Bunun səbəbi o idi ki, Abbasi xəlifələri siyasi rəhbər olmaqla yanaşı camaatın hörmətini qazanmaq üçün həm də özlərini din adamı kimi tanıtdırmaq istəyirdilər. Məhz bu səbəbə görə Osmanlı imperiyası kimi qeyri-ərəb hökumətlər şəri cəhət daşıdıqları üçün digər hökumətlərdən çox yaşamışlar...”

Abbasi xəlifələri arasında Harun qədər bu məsələyə diqqət yetirən və istifadə edən olmamışdır. O çalışırdı ki,bütün hərəkət və işlərinə dini rəng versin. Harun bütün cinayət və əyyaşlıqlarının üstünü din adı ilə örtür, hərəni bir bəhanə ilə şəriət çərçivəsinə daxil edirdi.

Harun öz hakimiyyəti dövründə hesab edirdi ki, İmam Museyi-Kazim (ə) böyük var-dövlətə sahib olub öz ətrafına müxalif qüvvələri toplayacaq. Əhalinin böyük hissəsinin öz xüms və zakatlarını İmama (ə) verdiklərini xəlifə çox yaxşı bilirdi. Bu səbədən, Harun Mədinəyə səfəri zamanı İmam Kazimi (ə) həbs etmək qərarına gəlir. Mədinə valisinə tapşırıldı ki, İmam (ə) Bəsrəyə göndərilib orada həbs olunsun. Bir il Bəsrə zindanında qaldığı müddət İmam (ə) Bəsrə valisini öz əxlaqı və mənəviyyatı ilə o qədər təsirləndirmişdi ki, vali xəlifənin İmamı (ə) öldürmək əmrinə qarşı çıxdı. Bundan sonra xəlifənin tapşırığı ilə İmam Kazimi (ə) Bağdada aparıb burada həbsdə saxladılar. Zindanın rəisi Bəsrə valisi kimi İmamın (ə) mənəviyyatının təsirinə düşərək, xəlifədən onu başqa zindana köçürülməsini xahiş etdi. Zindanların dəyişilməsinin səbəbi bundan ibarət idi ki, Harun zindan qarovulçularından İmamı (ə) öldürmələrini tələb etdikdə onların heç biri bu işi görməyə razı olmurdu. Üçüncü zindanın sahibi Sind (l.ə) İmamı (ə) zəhərləməyə razı oldu və hicri 183-cü ildə 55 yaşında İmam Musa ibn Cəfər Kazim (ə) şəhadətə çatdı.

Harun yalançı şahid gətirməklə çalışdı ki, İmamın (ə) zindanda öz əcəli ilə öldüyünü isbat etsin və bu hiylə ilə də həm özünə bəraət qazansın, həm də İmamın (ə) tərəfdarlarının üsyanının qarşısını alsın. Lakin onun bu hiyləsi baş tutmadı və nəhayət Harunun qohumlarından olan Süleymanın cəhdləri nəticəsində Bağdadda üsyan baş verdi ki, bu da İmamın (ə) mütəhhər cəsədinin gizlincə dəfn edə bilmələrinə, eləcə də Harunun özünün də əzadarlara qoşularaq dəfn mərasimində iştirak etmək məcburiyyətində qalmasına səbəb oldu. Nəhayət, İmam (ə) xalqın matəm və əzası altında İraqda Kazimeyndə torpağa tapşırıldı. O həzrətin məzarı bu gün də müsəlmanların ziyarətgahıdır.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 May, 2014  13:16 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!