|
Bu gün Xanım Zeynəbin (s.ə) vəfat günüdürXanım Zeynəbi Kubra hicrətin 6-cı ilində Mədinə şəhərində dünyaya gəlib. Hz.Zeynəb(s.ə) İmam Əlinin(ə) və Hz.Fatimənin(s.ə) üçüncü övladı idi. Zeynəb ərəb dilində "atasının zinəti" deməkdir. Rəvayətə görə, bu adı ona babası Hz.Muhəmməd(s) qoyub. Xanım Zeynəb(s.ə) 5 yaşına qədər Peyğəmbərlə(s) bir dövrdə yaşayıb. Buna görə də bəzi alimlər onun səhabə olduğunu qeyd edirlər. Hər kəsə qarşı şəfqətli olan Hz.Peyğəmbər(s) ilk qız nəvəsini sevərək əzizləyər və «tövsiyə edirəm hamı bu qıza hörmət etsin, o, Xədiceyi Kubra kimidir» deyərmiş. Xanım Zeynəbin(s.ə) uşaqlıq və gənclik dövrü müqəddəs Əhli Beyt(ə) ailəsində keçir və yetkilnik yaşına çatdıqda o, İmam Əlinin(ə) qardaşı oğlu Abdullah ibn Cəfərlə ailə həyatı qurur. Qeyd edək ki, tarixi mənbələrə görə, Xanım Zeynəbin(s.ə) həyat yoldaşı Abdullah ərəblər arasında ən dövlətli insanlardan biri olub. Müxtəlif mənbələrdə Abdullahın və həyat yoldaşının böyük səxavətləri haqqında məlumatlar yer alıb. Hicrətin 40-cı ili. Hz.Əli(ə) Kufədə şəhid olarkən Xanım Zeynəbin(s.ə) 35 yaşı vardı. Bu təqvimdən sonra onsuz da çətinliklərlə və təzyiqləri altında yaşayan Peyğəmbər(s) ailəsinin vəziyyəti bir qədər də pisləşir. İmam Həsənin(ə) və İmam Hüseynin(ə) dövründə Hz.Zeynəb(s.ə) hər zaman qardaşlarının yanında olur, onların qarşılaşdığı çətinlikləri bölüşürdü. Hicrətin 61-ci ilində – İmam Hüseyn(ə) Mədinəni birdəfəlik tərk edəndə onunla birlikdə Hz.Zeynəb(s.ə) də vardı… Bu o vaxt idi ki,İmam Hüseynin(ə) bir zamanlar oxşanıb, əzizləndiyi peyğəmbər şəhəri Mədinənin qapı-pəncərələri, küçə və dalanları, yeri, göyü və hətta daşları ağlayaraq bütün dövrlərin ən böyük şəhidini yola salırdı. Bu şəhər onun babası, atası, anası, qardaşı, özü və ailəsindən yalnız lütf və mərhəmət görmüşdü. Ölümə gedən karvanda iki oğlu ilə birlikdə, yaşı artıq 50-ni ötmüş Hz.Zeynəb(s.ə) də vardı. «Harada Hüseyn var, Kərbəla var, orada Zeynəb də var». İmam Hüseynin(ə) Kərbəlada qılınc gücünə qanla qırılacaq mübarizəsini Hz.Zeynəb(s.ə)sözlə davam etdirəcəkdi. Amma hələ buna qədər çox hadisələr baş verəcəkdi. Tarix şahidlik edir ki, Aşura gününə qədər Xanım Zeynəb(s.ə) hər zaman qardaşının yanında olaraq ona mənəvi dəstək verir, karvandakı qadınlara rəhbərlik edirdi. Aşura günü İmam Hüseyn(ə) sonuncu dəfə bacısı ilə görüşərək ona son sözlərini dedikdən sonra qayıtmayacağı döyüşə yollanır… Kərbəla Hz.Zeynəb(s.ə) üçün 7 qardaş, iki oğul, bir neçə qardaşoğlu və ümumilikdə 72 nəfər şəhidin itkisi demək idi. Amma bu itkilər Həzrət Fatimənin(s.ə) qızını sındıra bilmir.Çadırlar yandırıldıqda, qadınlar və uşaqlar əsir kimi Kufəyə aparıldıqda da Xanım Zeynəb(s.)mətanətli itirmir, köməksiz qadın və uşaqları himayə edirdi. Məhz onun təmkini və faciə qarşısında özünü itirməməsi səbəbindən şəhidlərin ailə üzvləri təhqir və alçaldılmalardan qorunur. Bir zamanlar atasının rəhbərlik etdiyi dövlətin paytaxtı indi Hz.Zeynəbi(s.ə) əsir kimi qarşılayır. Amma bu xatirələr, acı tale onu sındırmır. Kufəlilərə müraciət edərək onların dönüklüyünü, vəfasızlığını ən sərt şəkildə üzlərinə vurur. Yezidin Kufədəki valisi Übeydullah ibn Ziyad isə qazandığı «qələbəni» qeyd etmək üçün şəhər camaatını məscidə dəvət edir. Əksəriyyəti qadınlardan ibarət olan Kərbəla əsirlərini də bura gətirirlər. Məhz burada, ibn Ziyadın qarşısında Xanım Zeynəb(s.ə) özünün tarixi ifadəsini işlədir. Zəmanənin qəddar hökmdarının nümayəndəsi öz qələbəsini qeyd etmək, əsirləri alçaltmaq üçün şəhidləri təhqir edir, onları aşağılamağa çalışır. Bu həm də xeyirlə şərin qarşıdurması idi. «Mən Kərbəlada gözəllikdən başqa bir şey görmədim. Allah onların şəhadətini əvvəldən müəyyən etmişdi. Onlar da itaət edib öz axirət mənzillərinə yollandılar. Tezliklə Allah səni və onları Qiyamət günündə üzləşdirəcək, onlar səndən Allaha şikayət edib ədalət tələb edəcəklər. İndi fikirləş, gör o gün kim qalib gələcək». Zeynəbi Kubra(s.ə) bu ifadəni onun əzizlərini öldürmüş və qarşısında əsir kimi dayandığı şəxsin üzünə deyirdi. Bu sözlər indi yox, 7-ci əsrdə qəddar hakimiyyətin hökm sürdüyü bir dövrdə qadının dilindən söylənilirdi. Tarixi mənbələrdə qeyd olunur ki, Xanım Zeynəbin(s.ə) mübariz ruhlu çıxışından sonra Yezid pərt olaraq etdiyi cinayətin məsuliyyətini Kufə hakiminin üzərinə yıxır. Zeynəbi Kubranın(s.ə) çıxışı qılınc zərbələri qədər təsirli id.Onun fədakarlığı Kərbəla inqilabının mahiyyətini ortaya qoyur. Kərbəla şəhidlərinə ilk əza saxlayan da Xanım Zenyəb(s.ə) olub. İlk dəfə Əhli-Beyt(ə) ailəsini bir araya gətirib Kərbəla çölündə şəhidlərə məclis quran Xanım Zeynəb(s.ə) idi. Bununla da müsəlmanların 1400 ilə yaxındır davam edən Aşura məktəbinin əsası qoyulurdu. Tarixi mənbələrə görə, Mədinəyə köçən Zeynəbi Kubra(s.ə) olduğu bütün yerlərdə öz haqq səsini ucaldırdı. Amma onun bu fəaliyyəti, Mədinədə apardığı mübarizə yerli hakimlərin narahatlığına səbəb olur. Xanım Zeynəbdən(s.ə) Şama şikayət olunur. Yezidin əmri ilə Zeynəbi Kubra(s.ə) Mədinədən Şama sürgün olunur. İmam Hüseynin(ə) şəhadətindən bir il sonra - Hicrətin 62-ci ilində tarixin bu böyük qəhrəmanı Şamda vəfat edir. Bu gün Şam şəhərində böyük bir ziyarətgah var. Xanım Zeynəbin(s.ə) müqəddəs məqbərəsi. Dünyanın əksər nöqtələrindən müsəlmanlar bu məkanı ziyarət etməyə gəlirlər. Şamda Kərbəla savaşının «qalibləri» də basdırılıb. Amma onların məzarları və hökm sürdükləri saraylar bu gün xarabalıqdır. Zeynəb(s.ə) abadlığının kölgəsində itən xarabalıqlar. Bu, tarixin haqq və batilə verdiyi qiymətdir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 May, 2014 09:40 ⁄ Çap
Bu bölmədə7 Noyabr, 2024 Bu gün Xanım Zeynəbin (s.ə) mübarək mövlud günüdür14 Oktyabr, 2024 Bu gün xanım Fatimeyi-Məsumənin (s.ə) vəfat günüdür.12 Oktyabr, 2024 Bu gün İmam Həsən Əsgərinin (ə) mübarək mövlud günüdür21 Sentyabr, 2024 Bu gün əziz İslam peyğəmbəri Hz.Məhəmmədin (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövlud günüdür20 Sentyabr, 2024 Bu axşam Rəbiul-əvvəl ayının 17-si daxil olur - Günün əməlləri |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |