إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Haqq və batil savaşı

Zalıma meydan verən xalqdır

İslam baxımından tarixə hərəkət verən aqqla batilin mübarizəsidir. İslam tarixi prosesin inkişafını bu iki qüvvənin mübarizəsində görür. Burada bir cəhəti qeyd etmək lazımdır ki, Allah çox vaxt möcüzə ilə iş görmür, Allah bu mübarizəni təbii axarına buraxıb. Bəzən sual yaranır ki, Allah niyə imkan verdi ki, Əlinin(ə) başını yarsınlar? Allah niyə imkan verdi İmam Hüseyni(ə) və onun səhabələrini öldürsünlər? Bəli, Allah imkan verir çünki, Allahın sünnəti belədir, bu mübarizə gərək təbii yolla inkişaf etsin.

Haqla batilin savaşında iki cərəyan qarşı-qarşıya olur. Biz elə başa düşməyək ki, 4-5 adam təsadüfən mübarizə meydanına girib, Haqla vuruşmaq istədilər və Peyğəmbərin (s) işinə zərər yetirmək istəyərkən məsumlar onların qarşısında durdular. Xanım Zəhranın (s) müsibətini 4-5 adam yaratmadı, bu 4-5 zalımlın işinin məhsulu deyildi. Həmin 4-5 adam xalqın təbii numayəndələri, xalqın elçiləri idi. Haqq-batil davasında ancaq zirvələr görünür. Uzaqdan yalnız dağın zirvəsi görsəndiyi kimi, haqq-batil davasında da yalnız Hüseynlə(ə) Yezid, Əli(ə) ilə Müaviyə görünür. Lakin dağın ətəkləri də var, Haqq dağının da, batil dağının da. Bu mübarizənin zirvəsində həmin 4-5 nəfər idisə, onun ətəyində Mədinə camaatı dayanmışdı. Biz Xanım Zəhranın(s.ə) evinin yandırılmasına əmr edənləri görürük, bunun arxasında dayanan xalqı isə yox. Onlara o meydanı verən həmin xalqdır, xalq düz olsa idi, zalım o işlərə cürət etməzdi.

Cəmiyyətdə zülm varsa, cəmiyyətdə kimsə kiməsə zülm edirsə günahı ilk növbədə xalqda axtarmaq lazımdır. Batil çox zaman xalqın nümayəndəsidir. Xanım Fatimeyi-Zəhranın(s.ə) müqabilində biz kimlərisə yox, Mədinə xalqını görməliyik. Bu mübarizəni fərdlərlə məhdud eləmək olmaz, bu mübarizədə haqq cəbhəsi ilə batil cəbhəsi üz-üzə dayanıb. Bir alçaq adam gəlib Xanım Fatimeyi-Zəhraya(s.ə) zülm edirsə, bu nəyin nəticəsidir? Xalqın əksəriyyətinin alçaqlığının. Prosesin qaynağı xalqın əksəriyyətidir. Ona görə də İam Hüseyn(ə) xalqı günahlandıraraq deyir: “Siz belə etdiniz ki, Yezid sizə mübtəla oldu”. Yezidin müsəlmanlara hakim olmasının kökünü elə müsəlmanlarda axtarmaq lazımdır. Allah xalqa yaxşı olub-olmamaq ixtiyarı verib. Bu ixtiyar xalqın özündədir ancaq xalq pis olandan sonra daha Yezidin hakim olub-olmaması xalqın əlində deyil. Bu, Allahın dəyişilməz qanunudur: xalq pis olarsa, Yezid onların başında oturar və onlara imam Hüseyni(s) öldürməyi əmr edər, onlar da tabe olarlar. Cəmiyyət nə vəziyyətdədir ki, Xanım Fatimeyi-Zəhranın(s.ə), Peyğəmbərin(s) ən əziz insanının evinə hücum çəkirlər. Xalqın az hissəsi Hz.Əliy (ə) dəstək verdi (5-12 nəfər), çoxu isə sakit oturdu, sakit oturmaqlarıyla da zülmə şərait yaratdılar. Cahillik də onları üzürlü etmir, çünki bəzən cahilliyin qaynağı qəlbi xəstəlikdir. Mədinə camaatının da əksəriyyəti qəlbi xəstəliyə düçar olmuşdu, cəhaləti qəlblərindən qaynaqlanırdı, bilməməzlikdən yox.

Xanım Fatiməni(s.ə) qapısının yandırılması əmr olunanda  camaat dedi: “Fatimə evdədir! Sən Fatimənin olduğu evi yandırmağa əmr edirsən?” Dedi: “Evdə kimin olub-olmamasının fərqi yoxdu! Deyirsiz Fatimə evdədi, bilirəm. Bununla belə əmr edirəm gedin qapını yandırın!” O bilirsiz niyə elə cəsarətlə qışqıra bilir? Ona görə ki, şəraiti, xalqı yaxşı tanıyır. Əli ilə(ə) Xanım Fatimə(s.ə) yaxşı bilir ki, onlarla mübarizə aparan 1-2 nəfər deyil və xalqın böyük əksəriyyətindən qaynaqlanan bir cərəyanla qarşı-qarşıyadırlar. Onların müqabilində İslam libasına bürünmüş küfr cərəyanı durur. Hz.Əli (ə) Peyğəmbər(s) hərəmindən çıxanda əlini göyə qaldırıb deyir: “İlahi şahid ol ki, mənim 40 nəfər adamım olsaydı, mən bu zülmə dözməzdim”. 40 nəfər adamla bu işi görmək olar? Bəli, haqqın tərəfdarlarının 40 nəfərə qədər sayı olsa, o zaman batillə savaşa girər. 40 də nəfər kifayətdir. Bir cəmiyyət 40 nəfər yaxşı adam yetişdirə bilibsə, deməli cəmiyyətdə hansısa keyfiyyət göstəricisi var.

Qeyd olunduğu kimi, adətən biz dağın zirvəsini görürük. Lakin İmam Hüseynin(ə) düşməni 30 minlik əli silahlı qoşun deyil. Kufədə evdə sakit oturub bu 30 minə şərait yaradanlar var idi, onlar da Yezidin cərgəsindədilər. Kim öz sükutuyla, öz imansızlığıyla, zəifliyi ilə zülmün inkişaf etməsinə zəmin yaradıb ,İ mam Hüseynin (ə) qanına şərikdir.

Haqq-batil davasında bir məqam da var: bu mübarizə çox vaxt şəffaf olmur. Çox zaman batil haqq söz danışa-danışa haqqa qarşı hücuma keçir. Batilin tərəfdarları haqq söz deyə-deyə haqqla vuruşur. Bu baxımdan Xanım Zəhranın(s.ə) qiyamı ən qarışıq qiyamdır. Çünki, o zamanın batili haqqdan çox istifadə edirdi. Tarixdə bir dəfə şəffaf haqq-batil mübarizəsi olacaq, o da İmam Zaman(ə.f) dövründə. Batil daha haqqın arxasında gizlənməyəcək, ona görə deyirlər ki, cəmi bir dəfə haqla batil öz həqiqi libasında üz-üzə dursalar, haqqın batilə qələbə çalmasına kifayətdir. Batili yaşamağa vadar edən odur ki, həmişə haqqın libasına girir. Xanım Fatimeyi-Zəhranın(s.ə) mübarizəsi də bu baxımdan şəffaf deyildi.

Material Hacı Şahin Həsənlinin 2009-cu ildə Əyyami-Fatimiyyədə etdiyi xütbə əsasında hazırlanıb

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Aprel, 2010  06:44 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!