|
• Mənəviyyat • Mənəviyyatİslamda tarixşünaslıq elmi və ilk müsəlman salnamələriMüsəlmanların tarix mövzusunda qələmə aldıqları ilk kitablar «sirə», yəni Həzrəti Muhəmməd Peyğəmbərin (s) tərcümeyi-halı janrında olmuşdur. Sirələrdə Peyğəmbərin doğumundan başlayaraq vəfatına kimi həyatı araşdırılır, apardığı müharibələr təsvir edilir, o həzrətlə bağlı bütün lazımi informasiyalar (həyat yoldaşları, övladları, yaxın qohumları və səhabələri, hətta atları, silahları və s. barədə) verilirdi. İlk mükəmməl sirənin müəllifi Əbu Abdullah Muhəmməd ibn İshaq Mütəllibi Mədəni sayılır. O, hicri 85/miladi 704-cü ildə Mədinədə doğulmuş, 30 yaşında Misirə gedərək İsgəndəriyyə alimləri ilə görüşmüş, geri qayıdarkən Kufə, əl-Cəzirə, Rey, Yəmən və s. yerlərin elm adamlarını ziyarət etmişdi. Bağdaddan keçərkən, İbn İshaqı Abbasi xəlifəsi Mənsurla görüşdürürlər. Mənsur öz oğlu və vəliəhdi Mehdidən ötrü Həzrət Adəmdən (ə) öz dövrünə kimi baş vermiş hadisələri əhatə edən bir tarix kitabı yazmağı ona sifariş edir. İbn İshaq xəlifənin sifarişini yerinə yetirir. Lakin kitabın həcminin böyüklüyü Mənsuru narazı salır və o, müəllifə əsəri ixtisar etməyi tapşırır. İbn İshaq kitabı ixtisar edir. Mənsur əsərin ilkin variantını kitabxanaya qoyur, ixtisar olunmuş variantı isə Mehdiyə bağışlayır. Bəziləri İbn İshaqın öz əsərini bundan əvvəl – Misirdə olarkən yazdığını iddia edirlər. İbn İshaq hicri 150-153/miladi 767-770-ci illər arasında Bağdadda vəfat etmişdir. İbn İshaqın kitabını təqribən 50 ildən sonra Əbu Muhəmməd Əbdülməlik ibn Hişam Himyəri adlı bir tarix alimi yenidən işləmişdir. Bəsrədə doğulub, sonradan Misirə köçən İbn Hişam ərəb qrammatikasını və ənsab elmini (qəbilələrin əsil-nəcabəti və qolları barədə elm) mükəmməl mənimsəmişdi. O, İbn İshaqın kitabından Peyğəmbərin həyatına aid olan bölümü götürərək, bəzi mövcud qeyri-dəqiqlikləri islah etdi, artıq bildiyi hissələri əsərdən çıxarıb, lazım olan yerlərə öz əlavələrini artırdı. Beləliklə, İbn İshaqın kitabından xeyli fərqlənən yeni bir əsər meydana gəldi. Bu kitab tarixə İbn Hişamın «əs-Sirətun-nəbəviyyə» (Peyğəmbərin həyatı) əsəri kimi daxil oldu. Həzrəti Muhəmməd Peyğəmbərin (s) həyatından bəhs edən kitablar arasında Vaqidinin «Məğazi» əsəri xüsusi diqqətə layiqdir. Əbu Abdullah Muhəmməd ibn Ömər ibn Vaqid Mədinədə anadan olmuş, lakin Bağdadda yaşayıb orada da vəfat etmişdir. Vaqidi mükəmməl hafizəyə malik idi, tarix və rical mövzusunda yorulmadan tədqiqat aparırdı. Deyilənlərə görə, hərəsini iki nəfərin güclə qaldıra bildiyi 600 sandıq dolusu kitabı var imiş. Öz hafizəsi haqqında belə deyirmiş: «Camaatın kitablarındakı məlumatlar hafizəsində olanlardan çoxdur, mənim isə hafizəmdəkilər kitablarımda yazılanlardan daha artıqdır». Vaqidinin diqtələrini qələmə almağa təhkim olunmuş iki katib gecə-gündüz onun yanından kənara çəkilmir və söylədiklərini yazıya köçürürdü. Vaqidinin «Məğazi» əsəri Həzrəti Muhəmməd Peyğəmbərin (s) zamanında baş vermiş döyüşlərin təsvirini əhatə edir. «Məğazi» ilkin tarixi qaynaqlardan olmaqla yanaşı, məlumatlarının dəqiqliyi baxımından çox mötəbər sayılır. Bundan əlavə, Vaqidi Afrika, əl-Cəzirə, İraq, Şam və Misir bölgələrinin fəth olunma tarixi barədə ayrı-ayrılıqda müstəqil kitablar yazmışdır. Onun Quran elmləri və rical mövzusunda da əsərləri vardır. «Mədaini» kimi tanınan Əbül-Həsən Əli ibn Muhəmməd əslən bəsrəli olsa da, Mədaində yaşamış və Bağdadda vəfat etmişdir. O, Abbasilər dövlətinin və müsəlman fəthlərinin tarixini, xəlifələrin, məşhur şairlərin və qadınların tərcümeyi-halını, Peyğəmbərin ana-nənələrinin, Əbu Talibin övladlarından şəhid olanların həyatını qələmə almış, Peyğəmbərin, Həzrəti Əlinin (ə) xütbə və məktublarını toplamışdır. Abbasilər xilafətinin əvvəllərində tarixçi alimlərin bir çoxu «futuhat» janrında kitablar qələmə alırdılar. Onlar müsəlman ordusu tərəfindən məmləkətlərin fəth olunmasını, habelə, Bizansla müharibələrin tarixini salnamə şəklində qeydə almışlar. Bu tarixçilər nəslinin ən görkəmli nümayəndəsi Əhməd ibn Yəhya Bəlazuri idi. Bəlazuri Mütəvəkkilin və ondan sonrakı bir neçə xəlifənin himayəsi altında Bağdadda fəaliyyət göstərirdi. O, fars dilini mükəmməl bilir, bu dildən kitabları ərəbcəyə tərcümə edirdi. Bəlazurinin ən məşhur əsərləri «futuhul-buldan» («Şəhərlərin fəthi») və «Ənsabul-əşraf»dır («Şərəfli insanların əsil-nəcabəti»). «İbn Əsəm Kufi» kimi tanınan Əbu Muhəmməd Əhməd (və ya Muhəmməd) ibn Əli Kufi məşhur tarixçilərdəndir. Onun «ət-Tarix» və «əl-Futuh» (fəthlər) əsərləri dəyərli mənbələrdən sayılır. «Ət-Tarix» kitabında Məmunun hakimiyyətindən başlayaraq, Müqtədirin xilafətinin sonuna kimi ötən 100 illik dövr ərzində baş vermiş hadisələr işıqlandırılır. Bəzi tədqiqatçılar bunu müstəqil kitab deyil, müəllifin «əl-Futuh» əsərinin əlavəsi kimi qəbul edirlər. «Əl-Futuh» kitabı isə İslamın ilk dövrlərindən Harun ər-Rəşidin hakimiyyət illərinə kimi baş vermiş fəthlər barədə məlumatları özündə əks etdirir. Sonuncu əsərdə Azərbaycanla bağlı maraqlı məqamlara da işarə olunmuşdur. İbn Əsəm şiə əqidəsini daşıyırdı. Öz əsərlərində daha çox şiə rəvayətlərinə müraciət etməsi də onu sair tarixçilərdən fərqləndirir. Müəllif tarixi hadisələri cəlbedici üslubda, hekayə şəklində təsvir edirdi. Daha bir tarixçi – Əbu Muhəmməd Abdullah ibn Muslim ibn Quteybə Dinəvəri əslən xorasanlı olsa da, İraqda doğulmuşdu və Bağdadda dərs deyirdi. O, ərəb dili və ədəbiyyatını, fiqh və təfsiri mükəmməl mənimsəmişdi. Bir müddət Dinəvər şəhərində qazılıq etdiyi üçün, bu ləqəblə tanınırdı. Quran kəlimələrinin və çətin hədislərin izahı, şairlərin tərcümeyi-halı barədə kitabları vardır. Dinəvəri ərəb filologiyasında Bağdad qrammatika məktəbinin əsasını qoymuşdur. Onun «əl-Məarif» əsəri ən qədim tarix mənbələrindən sayılır. Lakin müəllifə dünya şöhrəti gətirən «əl-İmamə vəs-siyasə» kitabı olmuşdur. Xilafətin tarixinə, xəlifəlik qaydalarına və hakimlik şərtlərinə həsr olunmuş bu əsəri haqlı olaraq, ən dəyərli tarixi mənbələr sırasına aid edirlər. «Dinəvəri» ləqəbi ilə tanınan daha bir alim Əbu Hənifə Əhməd ibn Davud olmuşdur. O, ən müxtəlif elm sahələrində eyni səviyyədə bacarıq nümayiş etdirirdi. Dinəvəri ərəb dilçiliyi, məntiq, nücum, hesab, həndəsə, tarix, botanika və fəlsəfə mövzularında dəyərli əsərlərin müəllifidir. Hərtərəfli istedadına və ensiklopedik biliyinə görə, çoxları onu Nəsrəddin Tusi ilə müqayisə edirlər. Dinəvəri İsfahan şəhərində rəsədxana tikdirmişdi və orada astronomik cədvəllərin tərtibi ilə məşğul olurdu. Onun botanikaya aid verdiyi məlumatlar xüsusilə qiymətli sayılır. Tarix mövzusunda qələmə aldığı «əl-Əxbarut-tival» kitabı dünyanın yaranışından Abbasi xəlifəsi Mötəsimin hakimiyyətinin sonuna kimi keçən müddət ərzində baş vermiş hadisələrdən bəhs edir. Kitab tarixçilər üçün əvəzsiz mənbə rolunu oynayır. Məlum olduğu kimi, ərəblər öz soy köklərini həmişə mühüm məsələlərdən hesab etmiş, hansı qəbiləyə mənsub olmaları ilə öyünmüşlər. Onların arasında ənsab (əsil-nəcabət) elmi geniş rəvac tapmışdı. Ənsab elmi öz tədqiqatçısından güclü hafizə və çalışqanlıq tələb edir. Həqiqətən, hər bir ərəb qəbiləsinin ən azı bir neçə yüz illik tarixini, qəbilələrin nəsil şəcərəsində mövcud olan şəxslərin müfəssəl tərcümeyi-halını, qəbilə qollarının təsnifatını yadda saxlamaq asan iş deyildir. Ənsab elmi ilə məşğul olan şəxsləri «nəssabə» adlandırırdılar. İlk Abbasi dönəmində yaşamış ən məşhur nəssabələr sırasında Kəlbi və İbn Kəlbi özünəməxsus yer tuturlar. Əbu Nəsr Muhəmməd ibn Saib Kəlbi həm təfsir, həm də ənsab və tarix elmlərində bacarıq sahibi idi. O, ənsab barədə biliklərini Əbu Saleh adlı alimdən, o da Həzrəti Əlinin (ə) böyük qardaşı Aqil ibn Əbu Talibdən (ə) öyrənmişdi. Kəlbinin ənsab mövzusundakı əsərləri günümüzə qədər gəlib-çatmamışdır. Kəlbi hicri 146 və ya 148-ci ildə (miladi 763-764 və ya 765-766) Kufədə vəfat etmişdir. Onun ən istedadlı tələbələrindən biri öz oğlu, «nəssabə» və «İbn Kəlbi» ləqəbli Əbul-Munzir Hişam ibn Muhəmməd Kufi idi. İbn Kəlbi müstəsna hafizəsi ilə seçilirdi. Özünün dediyinə görə, Qurani-Kərimi cəmi üç günə əzbərləyibmiş. Kəlbi deyir ki, xəstəlik üzündən bütün yaddaşımı itirmişdim. İmam Sadiq (ə) mənə bir qədəh su içirtdi. O həzrətin bərəkətindən bütün hafizəm bərpa olundu. İbn Kəlbi 150-dən artıq kitabın müəllifidir. O, Şam, İraq və İran torpaqlarının fəthi, Qureyş qəbiləsinin, Yəmən hökmdarlarının, Əshabi-Kəhfin, Loğmanın, Museyləmətul-Kəzzabın (peyğəmbərlik iddiası etmiş yalançı) tarixi, Cəməl, Siffeyn və Nəhrivan müharibələrinin gedişi, «hakəmeyn» hadisəsi, İmam Əlinin (ə) və İmam Hüseynin (ə) şəhadəti, Peyğəmbərin ana-nənələri və həyat yoldaşları, xəlifələrin övladları, Qureyşin əsil-nəcabəti, ərəblərin dini, ərəb bazarları və s. mövzularda öz qələmini sınamışdır. Hişam hicri 206-cı ildə (miladi 821-822) vəfat etmişdir. Daha bir məşhur salnaməçi Əbu Mixnəf Lut ibn Yəhya Əzdi İmam Sadiqin (ə) səhabələrindən idi. O, Xorasan, Şam və İraq torpaqlarının fəthi, İmam Əlinin (ə) Cəməl, Siffeyn və Nəhrivan müharibələri, Səqifə əhvalatı (Əbu Bəkrin xəlifə seçkisi), xəlifə Osmanın, İmam Əli (ə), İmam Həsən (ə) və İmam Hüseynin (ə) şəhadətləri barəsində müstəqil kitablar yazmışdır. Əbu Mixnəfin Aşura faciəsindən bəhs edən «Məqtəlul-Hüseyn» əsəri daha məşhurdur. Onun digər əsərləri kimi, bu kitab da itmiş, yalnız bəzi hissələri Təbəri tarixinin səhifələrində iqtibas şəklində günümüzə qədər gəlib çatmışdır. Deyilənlərə görə, Əbu Mixnəf İraqın, Vaqidi Hicaz bölgəsinin, Mədaini də Xorasan, Hindistan və İranın tarixini daha yaxşı bilirmişlər; Şam fəthləri barədə isə hər üçünün məlumatı eyni səviyyədə imiş. Əbu Mixnəfin tələbəsi Əbul-Fəzl Nəsr ibn Məzahim Təmimi Kufədə ətir alveri ilə məşğul idi. Bununla yanaşı, tarixi mövzuda salnamələr də yazırdı. Sonralar Nəsr Bağdada köçüb, orada məskunlaşdı. Onun tarixi hadisələr barədə verdiyi məlumatlar təəssübdən uzaq və realdır. Buna görə də tədqiqatçılar Nəsr ibn Məzahimin kitablarını mötəbər mənbə kimi dəyərləndirirlər. O, Cəməl və Siffeyn müharibələri, İmam Hüseynin (ə) şəhadəti, Muxtarın qiyamı və s. mövzularda dəyərli əsərlər yaratmışdır. Bunlardan ilk ikisi daha çox şöhrət qazanıb. Natiq Rəhimov Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Oktyabr, 2009 04:05 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |