إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Aydın Əlizadə -Radikal sələfilərin yalnız yarısı mövcud məscidlərə ibadətə gəlir və zahiri görünüşlərindən tanınırlar

Trend” İnformasiya Agentliyinin mətbuat mərkəzində “Azərbaycanda dini durumun təhlili və dünyəvilik prinsiplərinin qorunması perspektivləri” mövzusunda fəlsəfə elmlər doktoru, ekspert Aydın Əlizadənin brifinqi keçirilib

İslamazeri.az-ın müxbirinin konfransdan verdiyi məlumata görə, ekspert çıxışı zamanı bildirib ki, dini durumda əsas narahatlıq yaradan problemli hal, dini zəmində olan radikal təfəkkürdür: “Radikal baxışlar İslamın bütün məzhəblərində vardır. Bu gün Azərbaycanda daha çox sələfi radikalizmi barəsində danışırlar və bunun üçün çoxlu səbəblər vardır. Buna görə də bu brifinq sələfi radikallığı nümunəsində ümumiyyətlə ifratçı baxışlarla mübarizənin formaları və metodlarına həsr olunur”.

A.Əlizadə qeyd edib ki, sələfilər cəmiyyətdə çox vaxt “vahhabi” adı ilə tanınırlar və bu cərəyana məxsus dindarların sayı yalnız son 5 ildə 100% artaraq 70 min nəfərə çatmışdır (bütün qruplar üzrə).
Ekspert deyib: “Təbii ki, bunların bir çoxu qanuna hörmətlə yanaşan sıravi Azərbaycan vətəndaşlarıdırlar. Ancaq onların arasında bir çox radikal qruplar da vardır. Onların sayının nisbətdə az olmasına baxmayaraq, onlar dövlət, eləcə də insanların həyatı və sağlamlığı üçün təhlükəli ola bilərlər. Hazırkı artım sürəti saxlanarsa yaxın gələcəkdə radikal sələfi cərəyanları dini zəmində cəmiyyət üçün ən təhlükəli qruplar halına gəlib çıxacaqdır. Mətbuatda da eşitdiyiniz kimi hazırda sələfiliyin ardıcılları bir biri ilə rəqabət aparan 3-4 müxtəlif qruplara bölünüblər. Bunların bir çoxu mötədil sələfidir. Radikal qollara isə təkfirçi, xəvaric, cihadçı kimi tanınan qruplar aiddirlər. Onların iş metodunda fərqlər olsa da son nəticədə hamsının məqsədi eynidir: şəriət dövlətinin qurulması. Sadəcə bəzi qruplar bunu dərhal cihad yolu ilə, bəziləri isə ilkin mərhələdə “dəvət”, sonda isə cihadla həyata keçirmək tərəfdarlarıdırlar. Həmin radikal qruplar ciddi ierarxiya və gizli şəbəkələrə malikdirlər”.

A.Əlizadə xüsusi ilə vurğulayıb ki, radikal sələfilərin yalnız yarısı mövcud məscidlərə ibadətə gəlir və zahiri görünüşlərindən tanınırlar (qısa şalvar və uzun saqqal). Digər yarısı ümumiyyətlə məscidlərdən kənarda mövcud olan gizli toplantı yerlərində yığılır, ciddi ierarxiyaya və gizliliyə riayət edir, görünüşdə isə digər vətəndaşlardan çox az fərqlənirlər. Buna görə də onları müəyyən etmək ən çətin hal olur.

“Sələfi radikallarının əsas hədəfləri ənənəvi sünni və şiə cərəyanları ilə mübarizə və onların zəiflədilməsi, polis orqanlarında, eləcə də mərkəzi və yerli icra hakimiyyət orqanlarında öz adamlarını yerləşdirməklə onların ələ alınmasıdır”, - ekspert deyib.

Onun sözlərinə görə, sələfilər üçün toplanan ümumi illik maliyyə təxminən 5 milyon dollar həcmindədir. Bu məbləğə həm xaricdən göndərilən yardımlar, həm biznes strukturlarına yatırılmış maliyyə və sələfilərin özlərinin idarə etdiyi biznes əməliyyatlarndan gələn gəlir, həm də zəkat formasında vəhhabi üzvlərdən yığılan vəsaitlər daxildir. Bu pulların hamısı təbliğata, nəşr vəsaitlərinə, “dəvətçi”lərin əmək haqların, bir sıra hallarda məsul şəxslərin ələ alınmasına və s. sərf olunur.

Aydın Əlizadə bildirib ki, şeyxulislam əleyhinə və “nurçuluq” adı ilə ortaya atılan isterik materiallar da radikal qrupların media xidmətləri tərəfindən başladılan oyundur. “Məqsəd isə diqqəti özlərindən yayındırmaqdır”, - ekspert söyləyib.

“Sələfilərin yaxşı təşkil olunmuş peşəkar media qrupları mövcuddur. Onlar həm ağ, həm də qara piarın bütün formalarından istifadə edirlər. Onların işlətdiyi 20-dən artıq sayt mövcuddur. Sələfiliyin radikal qruplarının qara PR-ının əsas xüsusiyyətləri adsız emayl və saxta FB profillərindən istifadə edərək başqalarına böhtan atmaqdan və gündəmi başqa istiqamətə yönəltməkdən ibarətdir. Əsas hədəf isə adətən radikal sələfiliyə qarşı çıxan bütün şəxslər və qurumlar olur”, - ekspert deyib.

O bildirib ki, eyni zamanda dini radikalizmin səbəbləri kimi təkcə xaricdən dəstəklənən təbliğat və radikal qruplara gənclərin cəlb edilməsi üçün ayrılan maliyyə vəsaitləri deyil, həmdə nəsillərin dəyişməsi, cəmiyyətdəki sosial ədalətsizlik halları, insanların psixoloji problemləri, geriçi xalq adətləri, işsizlik və yoxsulluq, dövlətin radikal dini təbliğata qarşı öz ideologiyasını qoya bilməməsi də göstərilə bilər. Problemlərdən çıxış yollarının istiqamətləri isə dövlətin sosial ədalət prinsiplərinin keşiyində durmasında, insanların psixoloji durumunun düzəldilməsində, ziyanlı və geriçi xalq adətlərinə qarşı maarifçilik siyasətinin aparılmasında, dövlətin öz ideoloji əsalarını nəzəri cəhətdən formalaşdırıb, onları düşünülmüş şəkildə təbliğ etməsində görülə bilər. Bununla bərabər, radikallığın qarşısının alınması üçün artıq sınanmış vasitələr olan dini ədəbiyyata və dini icmalara dövlət nəzarətini gücləndirmək lazımdır.

A.Əlizadə qeyd edib ki, zərərli və əsas mahiyyətini itirmiş xalq adətlərinə qarşı maarifçilik prinsipləri inkişaf etdirilməlidir. Əhəmiyyyətini itirmiş milli adətlərin və öyrəncəli həyat tərzini sarkastik, satiristik, ironik şəkildə tənqid edən resurslar olmalıdır. Ali məktəblərdə fəlsəfə kurslarında sekulyarlığa və dünyəviliyə daha çox tədris saatı ayrılmalı, Azərbaycan dövlətçiliyinin fəlsəfəsi tədris edilməlidir.

Ekspert hesab edir ki, bütün bu hallar dövlətgin dünyəviliyinə zərbə vurur, onu sarsıdır. Dövlət gərək dünyəvilik və sekulyarizm ideya əsaslarını konseptual şəkildə işləyib ortaya qoyub ona ciddi əməl etsin ki, dini sahədə olan bu problemlər cəmiyyətdə qarşıdurma həddinə çatmasın.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Mart, 2014  14:15 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!