إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Həcc mərasimi

Həcc ziyarətinin qaydaları

İslam peyğəmbərinin(s) zühurundan sonra Allah müsəlmanlara heç olmasa ömürlərində bir dəfə Həcc ziyarətinə getməyi vacib buyurmuşdur. Hər kəsin maddi və fiziki durumu Həcc səfəri etməyə imkan verirsə bu ibadəti yerinə yetirilməlidir. Əks təqdirdə günah etmiş olur. Allah qarşısında yerini yetirilən bütün əməllər kimi də Həcc də dəqiqliklə icra olunmalıdır. Həcc yalnız Kəbəni ziyarət etmək demək deyil. Bu həm də müəyyən ayinlərin şəriətdə göstərilən qaydalar əsasında yerinə yetirilməsidi və hansısa əmələ riayət olunmasa, Həcc batil olur. 

Həcc iki hissədən ibarətdir: Təməttö ümrəsi(Ümrə) və Təməttö həcci(Həcc). Birinci Təməttö ümrəsi yerinə yetirilir.

Məkkəyə bütün istiqamətlərdən gedən yollarda “miqat” məscidləri var. Miqatda Həcc mərasiminin birinci əməli yerinə yetirilir – ehram bağlanır. Ehram üzərində tikiş olmayan iki parçadan ibarətdir. Onlardan biri ilə bədənin aşağı hissəsi, digəri ilə isə yuxarı hissəsi örtülür. Bu cür ehram kişilərə vacibdir, qadınların isə öz paltarları onların ehramı sayılır. Bəyənilir ki, ehram bağlanmamışdan öncə qusl edilsin. Daha sonra Təməttö ümrəsinin yerinə yetirilməsi üçün ehramın bağlanması niyyət edilir, ehram bağlanılır və təlbiyə deyilir: “Ləbbəyk, Allahummə ləbbəyk, ləbbəykə la şərikə ləkə ləbbəyk. İnnəl-həmdə vən-nimətə ləkə vəl-mulk, la şərikə ləkə ləbbəyk!” (İlahi, Sənin dəvətinə cavab verdim və qəbul etdim. Qəbul etdim, ey şəriki olmayan, qəbul etdim. Həqiqətən həmd, nemət və hər şey Sənə məxsusdur. Sənin şərikin yoxdur, dəvətini qəbul etdim!). Ümrə başa çatmayınca insan ehram halında olur ki, bu halda bəzi halal işlər də haram olur. Miqatdan Məkkəyə yola düşən hacılar Məscidül-hərəmə, yəni Kəbə evinin yerləşdiyi məscidə çatdıqda ümrənin digər əməllərini yerinə yetirirlər. Beləki, dəstəmaz alındıqdan sonra müqəddəs Kəbənin ətrafında yeddi dəfə dövr edilir. Buna “təvaf “ deyirlər. Təvaf edildikdən sonra Məqami-İbrahimin(Həzrət İbrahimin(ə) ayaq izləri) arxasında iki rikət təvaf namazı qılınır. Namazdan sonra hərəmin yanında yerləşən Səfa ilə Mərva yüksəklikləri arasında yeddi dəfə dolanmaq lazımdır. Buna “səy” deyilir. Səy bitdikdən sonra saçdan və ya dırnaqdan bir az kəsilir. Buna isə “təqsir” deyilir, yəni insan özünün naqisliyini ifadə edir. Təqsirlə ümrə bitir və insan ehram vəziyyətindən çıxır.

Qurban bayramı ərəfələrində Təməttö Həcci başlayır. Bunun üçün yenə də Məkkədə ehram bağlanılır və təlbiyə deyilir. Yaxşıdır ki, hacılar Qurban bayramından bir neçə gün əvvəl Mina çölünə getsinlər. Qurban bayramından əvvəlki günü, yəni “Ərəfə” günü hacılar Ərəfat yüksəkliyinə gedirlər. Rəvayətlərə əsasən, Ərəfat çölündə Allah Adəmin(ə) tövbəsini qəbul edib. Zöhr azanından axşam azanına qədər Ərəfatda qaldıqdan sonra Müzdəlifə vadisinə doğru hərəkət edirlər. Müzdəlifənin digər adı Məşərdir.  Ərəfat da Məşər də inasanın öz yaradlışı barədə təfəkkür etmək üçün ən münasib yerlərdir. Xüsusən onu nəzərə alsaq ki, hər iki məntəqənin adı təfəkkürlə bağlıdır. Ərəfat sözü mərifət sözü, Məşər isə şüur sözü ilə eyni kökdəndir. Müzdəlifədə yalnız qurban bayramının səhəri, sübh azanından gün çıxana qədər qalmaq vacibdir. Bu arada şeytana atılacaq daşlar yığılır. Günəş çıxandan sonra Müzdəlifədən Mina vadisinə tərəf yola düşürlər. Minada “Camarat” adlı bir yerdə üç sütün yerləşir. Onlara kiçik, orta və böyük cəmərə deyilir. Şeytanın bağlandığı sütunların rəmzi olan cəmərələrin hər birinə yeddi daş atıldıqdan sonra qurbangahda qurban kəsilir. Sonda saçların qırxılması ilə (“həlq”) ehram halından çıxmış olurlar. Amma yenə də halal bəzi əməllər(ətir iyləmək və cinsi yaxınlıq) haram sayılır. Həlq etmək istəməyənlər təqsir də edə bilərlər. Ancaq qadınlara həlq haram oduğundan onlar təqsirlə kifayətlənirlər. Qurban bayramından sonra Minada keçirilən daha iki gün ərzində hacılar cəmərələrə daş atmağa gedirlər. Üçüncü gün, şeytana daşatmadan sonra  zəvvarlar Məkkəyə dönüb Kəbəni təvaf edirlər. Eynən ümrədəki kimi, təvaf edilir, təvaf namazı qılınır və səy edilir. Bundan sonra ətir iyləməyə icazə verilir. Həcci başa vuran son əməl “Nisa” təvafıdır ki, o da digər təvaflar kimi yerinə yetirilir və “Nisa” təvafının namazı qılınır. Bundan sonra bütün qadağalar aradan götürülür.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Noyabr, 2010  07:43 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!