إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Həzrət İbrahimin(ə) izi ilə

İbrahim(ə) məqamı

Həccin tarixçəsi

Müqəddəs Kəbə evinin tarixi Hz.Adəmin(ə) dövründən başlasa da Həcc əməlinin kökləri  Hz.İbrahimin(ə) macərası ilə bağlıdır. İbrahim(ə) peyğəmbərin xanımı Sara ilə uzun illər övladı olmurdu. Allahın möcüzəsi ilə qoca yaşlarında ikən Hz.İbrahim(ə) digər xanımından, Hacərdən İsmayıl adlı övlada sahib olur. Uzun illərdən sonra ata olan Hz.İbrahimin(ə) Hz.İsmayıla(ə) qarşı olan məhəbbətini anlatmaq etmək çox çətindir. Allah İbrahimin(ə) məqamını artırmaq və bəndəsinin Özünə qarşı olan məhəbbətini imtahan etmək üçün peyğəmbərinə əmr edir ki, Hacərlə südəmər İsmayılı(ə) Ərəbistan səhralığına, Kəbə evinin yanına aparsın və orada onları tək qoysun. İbrahim(ə) Allahın əmrinə tabe olur və xanımı ilə oğlunu Misirdən indiki Məkkə ərazisinə gətirir. Hacər Allaha müti bəndəliyini sübut edərək İbrahimin(ə) tapşırığına etiraz etmir və tabe olur.

Körpə oğlu ilə qızmar günəş altında səhralıqda tək qalan ana övladının susuzluğunu yatırtmaq üçün su axtarmağa başlayır. Səfa və Mərvə dağları arasında su mənbəyi tapmaq üçün qaçan Hacər əlləri hər yerdən üzüldükdə belə Allahdan ümüdünü kəsmir və su tapmaq üçün səylərini davam etdirir. Nəhayət Hz.Cəbrayıl(ə) nazil olur və Hacərin bu cür davranışına, Allahdan ümüdünü kəsməyib və səylərini davam etdirdiyinə görə Hz.İsmayılın(ə) ayaqlarını yerə vurduğu yerdə bir bulağın qaynamağa başladığını xəbər verir. Beləliklə, Allah Hacərə heç gözləmədiyi bir yerdən su yetirir. Daha sonra yaxınlıqda yerləşən qəbilələr bu bulağın başına toplaşır və yaşayış məskəni salırlar. Bu gün də hacılar Səfa və Mərvə dağları arasında qaçırlar ki, Hacər kimi ümüdləri hər yerdən kəsilsə də Allaha təvəkkül etdiklərini göstərsinlər.

İllər ötür və İsmayıl(ə) yeniyetmə dövrünə qədəm qoyduqda Allah İbrahimə(ə) əmr edir ki, qayıtsın Məkkəyə. Qoca yaşında övlad sahibi olan övladından doymayan və uzun illər ondan ayrılan ata ailəsinin yanına qayıdır. Ancaq İbrahimin(ə) imtahanları bunlarla bitmir. Alla İbrahimə(ə) əmr edir ki, sevimli övladını Onun yolunda qurban kəssin. Bu yerdə də Hz.İbrahim(ə) Allaha eşqini və bağlılığını sübut etmək üçün əmrə tabe olur. Oğlunu Məkkənin yaxınlığında yerləşən Mina çölünə qurban kəsməyə aparan İbrahimin(ə) qarşısına İblis çıxır. Hazırda “Camarat” adlanan bir yerdə Şeytan İbrahimi(ə) vəsvəsə edir və ona müxtəlif sözlər deyərək Allahın bu cür ağır əmrindən yayındırmağa çalışır. İbrahim(ə) əlinə daş götürüb şeytana daş atır. Bu hadisə üç dəfə təkrar olunur və şeytan məyus olub geri çəkilir. Bu gün də hacılar Camaratda üç sütunu daşlamaqla Allaha itaətdən yayındıran şeytanı və nəfslərini özlərindən qovduqlarını göstərirlər. Nəhayət Minaya yetişdikdə Hz.İbrahim(ə) oğluna hər şeyi danışır və İsmayıl(ə) Allahın əmrinə tabe olaraq atasını onu qurban kəsməyə təşviq edir. Ancaq İbrahim(ə) bıçağı oğlunun boğazına çəkdikdə bıçaq kəsmir və Allah ona qoç göndərir və oğlunun yerinə həmin qoçu kəsməyi əmr edir. Bununla da Allah başa salır ki, O İbrahimin(ə) qəlbindən ilahi məhəbbətdən başqa bütün məhəbbətlərin çıxmasını istəyirdi və əslində İbrahim(ə) oğluna olan məhəbbətini qurban gətirməli idi. Bu gün də hacılar qurban kəsməklə dünya ilə bağlılıqlarını kəsdiklərini göstərirlər.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Noyabr, 2009  07:11 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!