إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Hacı Şahin Həsənlilə Hecc sonrası müsahibe

 

Ahlibeyt.az saytı Həcc ziyarəti sonrası ilahiyyatçı-alim Hacı Şahin Həsənlidən müsahibə götürüb. Müsahibəni sizə təqdim edirik :

Ahlibeyt.az: Salam Hacı, vətənə xoş gəlmisiz, Allah Sizin və bütün zəvvarlarımızn ziyarətini qəbul etsin.

H.Ş. : Əleykəssalam, çox sağolun. Allah Məkkə və Mədinə arzusunda olanlara bu əzəmətli ziyarəti nəsib etsin.

Ahlibeyt.az: Bildiyimiz kimi, Siz neçənci dəfədir ki, Həcc ziyarətinə yola düşmüsüz. Bu dəfəki səfəriniz bir neçə özəlliklərlə yadda qaldı – ilk dəfə bir neçə qrupa başçılıq edirdiz, ilk dəfə Məkkədə seçkilərin şahidi olduz, ilk dəfədir ki, milli mediada ziyarət bu qədər işıqlandırıldı. Bu mövzulara toxunacayıq. Lakin ilk növbədə ziyarətin təşkilatçılığı barədə Sizə sual vermək istərdik. Zəvvarlarımızın qaldıqalrı şərait necə idi?

H.Ş.: Artıq neçə ildir ki, bir ardıcıl olaraq hər il Həcc səfərinə gedir və əziz zəvvarlara bacardığımız qədər xidmət edirik. İldən-ilə zəvvarların şəraiti yaxşılaşır, təşkilatçılıq daha yüksək səviyyəyə çatdırılır. Bu ildə, Allaha şükür olsun ki, ciddi narahatçılıqlar olmadı. Biz də bacardığımız qədər çalışdıq ki, ayinlər dəqiq yerinə yetirilsin və zəvvarların boynuna kəffarə gəlməsin. Zəvvarlarımız Məkkədə ikən Şəbi-Abu Talibdə xanım Xədicə (s), Həzrət Əbu Talib (ə) və bir sıra böyük şəxslərin ziyarətinə gedə bildilər. Otelimiz hərəmdən bir qədər uzaq olsa da, hər gün pulsuz avtobuslar zəvvarlarımızı hərəmə aparırdı ki, bu da əməllərin asan icra olunması üçün olduqca mühüm idi. Bundan əlavə zəvvarlarımızın iştirakı ilə məclislər təşkil olunur, Həccin fəlsəfəsi və əhəmiyyəti barədə moizələr edilirdi. Vacib əməllər qrup şəkilində yerinə yetirilirdi ki, zəvvarlarımız çaşmasınlar.

Ahlibeyt.az: Həcc mövsümündə dünyanın dörd bir yanından müsəlmanlar Allah evinin ziyarətinə gəlir. Müsəlmanlar arasında nə qədər oxşarlıq və ya nə qədər fərqlər görə bildiz?

H.Ş.: Allah evinin hər bir qonağı millətindən, dərisinin rəngindən, dilindən və məzhəbindən asılı olmayaraq möhtərəmdir. Burada müxtəlif səviyyəli mədəniyyətə malik insanları gördük - ucqar Afrika kəndindən tutmuş dünya miqyaslı meqapolislərin sakinlərinə kimi. Hamı da bir axına qoşulub çiyin-çiyinə Kəbəni təvaf edirdi. Olduqca təsirli və ibrətamiz mənzərədir. Hamını birləşdirən ilahi məhəbbət idi. Lakin bununla belə, davranışda, özünü idarə etmədə insanlar fərqlənirdilər. Hər kəs ölkəsindəki həyat tərzini özü ilə Məkkəyə daşımışdı. Bu baxımdan öz davranışlarına görə bizim zəvvarlar müsbət mənada xeyli fərqlənirdilər. Həm rəftarlarındakı mülayimlikləri, həm təmizlikləri, həm müqəddəsata hörməti, həm ibadətlərin dəqiqliyi ilə bizim zəvvarlar bir çoxlarından seçilirdilər və daha məsuliyyətli davranırdılar.

Ahlibeyt.az: Hacı, milli mediyada, xüsusilə də televiziyada Həcc ziyarətinin geniş işıqlandırılmasını necə dəyərləndirirsiz? Bu seçkilərlə bağlı idi, yoxsa yerli telekanallar Həccə maraq göstərməyə başlayıblar?

H.Ş.: Həcc əzəmətli bir ayindir və müsəlman ölkəsində bu müqəddəs ziyarətin işıqlandırılması müsbət bir haldır. Biz hər il Həcci işıqlandırmağa gələn müxtəlif ölkələrin jurnalistlərini görürdük. Allaha şükür ki, bu il də bizim jurnalistlər Həccin işıqlandırılmasına diqqət yetirdilər. İnsanlar müqəddəs torpaqları görür, ziyarət barədə təsəvvürə yiyələnirdilər. Bundan əlavə zəvvarların yaxınları mütəmadi məlumat alırdılar. Bu fəallığı prezident seçkiləri ilə əlaqələndirə bilərik, lakin özünüz də gördüyünüz kimi Həccin özü barədə də geniş reportajlar hazırlandı. Ümid edirik ki, bundan sonra hər il bizim jurnalistlər Həcci işıqlandırmaqda daha fəal olacaqlar.

Ahlibeyt.az: Prezident seçkilərinə toxunmuş ikən... Facebook səhifənizdə seçkilərin şəkillərini paylaşmışdız. Seçkilər necə keçirildi, zəvvarlar nə qədər fəal idilər?

H.Ş.: Biz həmişə bildirmişik ki, dindarlar bu ölkənin vətəndaşları olaraq heç zaman siyasi proseslərə biganə olmamalıdırlar. Xüsusən də, ölkə üçün taleyüklü olan seçkilərə. Seçmək və seçilmək hər bir müsəlmanın haqqı və vəzifəsidir. Biz də bu vəzifəmizə əməl edərək, Azərbaycan Respublikasının vətəndaşı olaraq seçkilərə qatıldıq. Seçki zamanı kiməsə təpki göstərildiyini də görmədik. Seçki elə bizim qaldığımız oteldə təşkil olunduğu üçün prosesi müşahidə etmək asan idi. Düzünü desək zəvvarlarımız burada da öz mədəniyyəti, bu dəfə siyasi mədəniyyəti ilə fərqləndilər. Kimin kimə səs verəcəyini yaxud verdiyini soruşmurdular, başqasının fikrinə təsir etməyə çalışmırdılar. Hətta bizdən məsləhət almaq istəyənlərə birmənalı şəkildə bildirirdik ki, bu hər kəsin özəl işidir. Fəallığa gəlincə isə, artıq günorta çağlarında zəvvarların çoxu səs vermişdi. Hətta yaşlı xanım zəvvarların belə şövqlə seçkilərə qatılacaqlarını heç gözləmirdik.

Ahlibeyt.az: Bildiyimiz qədər Həcc ziyarətinə müxtəlif təriqətlərin nümayəndələri getdikləri üçün bəzən dini dözümsüzlüklə rastlaşmaq mümkündür. Belə hallara şahid olduzmu?

H.Ş.: Əfsuslar olsun, XXI əsrdə belə dini dözümsüzlük hələ də aktual qalmaqdadır. Təkfirçi təriqətlər bütün dinlərdə olduğu kimi, İslamda da mövcuddur. Həqiqətən də biz belə təriqətlərin nümayəndələrinə rast gəldik, onların həm sünnü, həm şiə məzhəbindən olan zəvvarlara qarşı dözümsüzlüyünü, həqarətli davranışlarını gördük. Təbii ki, Həcc İslami vəhdətin rəmzi olduğu üçün, şükür Allaha ki, bizim zəvvarlar olduqca məsuliyyətli davrandılar və provakasiyalara rəğmən hər hansı bir ciddi insident yaşanmadı. Radikallığın mövcudluğu bizə bir şeyi başa saldı – təkfirçilik məzhəb və din tanımır. Ümumi təhlükə qarşısında biz sünnü və şiələrin bir cərgədə olduğunu, bir birini dəstəklədiyini gördük. Elə olurdu ki, bir şiə zəvarın müdafiəsinə sünnü, bir sünnü zəvvarın müdafisəinə şiə qalxırdı. Bu hadisələr vəhdətin nə qədər mühüm və zəruri olduğunu, habelə vəhdətin mümkünlüyünü göstərdi.

Ahlibeyt.az: Əslində bu sualı əvvəlcədən düşünmürdük. Lakin, son günlərdə Sizin ünvanınıza səslənən təhdidlərlə bağlı fikirlərinizi öyrənmək istərdik.

H.Ş.: Düzünü desək, özümüz bu xəbəri sonradan öyrəndik. Bu təhdid şəxsən özümə qarşı olsa idi, narahat olmazdım. Lakin, təhdid olunan Azərbaycanda dini mühitdəki sabitlikdir. Bu provakasiya ölkəmizdə məzhəblərarası qarşıdurma qızışdıra bilər. Başqa sözlə bu həm də dövlətçiliyimizə qarşı olan bir təhlükədir. Şükr ki, bu dəfə də dindarların müdrik mövqeyini gördük – məzhəbindən asılı olmayaraq müsəlmanlardan bizə dəstək gəldi. Onların hər birinə, habelə bizə dəstək olan bütün ictimai xadimlərə və media mənsublarına da öz təşəkkürümüzü bildiririk. Bizim fəaliyyətimiz həmişə müsəlmanların birliyinə köklənib, çalışmışıq ki, bu şərəfli işə öz töhfəmizi verək. Azərbaycandakı dinlərarası münasibətlərin dəyərini bilməliyik, vəhdətimizi qorumalıyıq. Hansısa təkfirçi, radikal yığınağına bu atmosferi pozmağa imkan verməəliyik. Onların onsuzda heç bir sosial bazaları yoxdur, elə bu səbəbdən də gündəmə gəlmək üçün belə təxribatlara əl atırlar.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Oktyabr, 2013  23:50 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!