Hazırda qəməri təqvimlə Zul-qədə ayıdır. Zul-qədə dörd haram aylardan biridir. Digər haram aylar zul-hiccə, məhərrəm və rəcəb sayılır. Quranda haram aylar haqqında buyurulur:
“Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın Kitabında on ikidir. Onların dördü haram aylardır.” (Tövbə:36)
Allah-taala haram ayların hörmətini saxlamağı vacib edib. Həzrət İbrahim (ə) və Həzrət İsmailin (ə) dövründə bu aylarda müharibə haram edilib və İslamın zühur etdiyi vaxta qədər də ərəblərin arasında bu qayda adət-ənənə şəkilində yaşayıb. Qurani-Kərim də bu adəti yenidən təsdiqləyib.
Bu aylar ona görə haram sayılır ki, məcbur olub müharibə edən tərəflərə sülh barədə düşünmək fürsəti verilsin. Yəni bu aylarda müharibələrin dayandırılması ümumiyyətlə müharibənin sona çatmasına imkan yaratsın. Habelə, insanların həcc əməllərinin yerinə yetirməsi, ibadətlə rahat məşğul olması, ticarətə və iqtisadiyyata vurulan ziyanın aradan qaldırılması kimi amillər də bu aylarda savaşın qadağan edilməsinin səbəblərindəndir. Təbii ki, əgər qarşı tərəf haram ayların ehtiramını saxlamaqdan imtina edərsə, onda bu qadağa aradan götürülər.
Həzrət Peyğəmbərin (s.a.a.s.) tövsiyəsi ilə zul-qədə ayında iki əməli yerinə yetirmək yaxşı olardı:
1. Hər bazar günü (gün ərzində istənilən vaxt) qüsl və sonra dəstəmaz alınır. Qüsl “zul-qədə ayının bazar qüslu” niyyəti ilə alınır. Dəstəmazı təharət niyyəti ilə də almaq olar. Daha sonra 2 dəfə 2 rikətli namaz qılınır. Namazlar da “zul-qədə ayının bazari namazı” niyyəti ilə qılınır. Hər iki namazın hər rikətində “Fatihə” surəsindən sonra 3 dəfə “İxlas”, 1 dəfə “Fələq” və 1 dəfə “Nas” surələri oxunur. İkinci namaz bitdikdən sonra 70 dəfə istiğfar (məsələn, “Əstəğfirullah” deyərək Allahdan bağışlanmaq istəmək olar). Daha sonra isə bu zikr oxunur:
لا حَوْلَ وَلا قُوَّةَ اِلاَّ بِاللّهِ الْعَلىِّ الْعَظیمِ
[La həvla və la qüvvətə illa billahil-əliyyil-əzim]
“Əzəmətli və Uca Allahdan başqa güc və qüdrət yoxdur”
Daha sonra isə bu dua oxunur:
یا عَزیزُ یا غَفّارُ، اِغْفِرْ لى ذُنُوبى، وَ ذُنُوبَ جَمیعِ الْمُؤْمِنینَ وَ الْمُؤْمِناتِ، فَاِنَّهُ لا یَغْفِرُ الذُّنُوبَ اِلاَّ اَنْتَ.
[Ya Azizu ya Ğəffar! İğfirli zunubi və zunubi cəmi-il mu-mininə vəl mu-minat. Fəinnəhu lə yəğfiruz-zunubə illə ənt]
“Ey Əziz, ey Bağışlayan! Mənim və bütün mömin kişi və qadınların günahlarını bağışla. Həqiqətən Səndən başqa günahları əfv edən yoxdur”.
2. Ayın hər cümə axşamı, cümə və şənbə günlərini oruc tutmaq. Qəzası olanlar qəza, qəzası olmayanlar isə “Zul-qədə ayının orucu” niyyəti ilə oruc tuta bilərlər. Bu əməlin müqabilində insana 100 ilin ibadət savabı yazılar.
Zulqədə ayının 15-ci gecəsində (bu il sentyabrın 20-si şam azanından sonra ta sentyabrın 21 sübh azanına qədər) mübarək gecələrdəndir. Bu gecədə ibadətlərin xüsusi əhəmiyyəti var və məsumların dediyinə görə, bu gecə dualar qəbul olunar. İmkan daxilində insan bu gecəni Allahla raz-niyaz, günahlarını etiraf, minacat və ibadət etməklə keçirməlidir. Mühümdür ki, insan geniş ürəkliyini göstərsin və bu gecə başqlarını dua etsin, haqlarını halal etsin, şəxsi kin-küdurətləri bir dəfəlik unutsun.
Zulqədə ayının 25-i (bu il oktyabrın 1-i) Dəhvəl-ərz günüdür. Bu gün Yer kürəsində sudan ilk quru sahə üzə çıxıb. Bəzi rəvayətlərdə qeyd olunur ki, bu gün Adəmin (ə) yer üzünə düşüb, Kəbə evi inşa edilib, Həzrət İbrahim (ə) və Həzrət İsa (ə) dünyaya gəliblər, Həzrət Muhəmməd peyğəmbər (s) bu gün ömrünün son həccini yerinə yetirmək üçün Mədinədən Məkkəyə yola düşüb, Həzrət Məhdi (ə) bu gün qiyama qalxacaq. Qeyd olunur ki, Allah insan üçün bütün nemətlərini bu gün xəlq edib və bu səbəbdən insan bu günü Yaradana şükr qəsdilə oruc tutub ibadət etməlidir. Habelə, bu gün üçün xüsusi namaz da nəql olunur: günorta vaxtı “Dəhvəl-ərz gününü namazı” niyyəti ilə 2 dəfə 2 rikətli namaz qılınır, hər 2 namazın hər rikətində “Fatihədən” sonra 5 dəfə “Şəms” surəsi oxunur. İkinci namaz bitdikdən sonra “La həvla və la qüvvətə illa billahil-əliyyil-əzim” deyilir aşağıdakı dua oxunur:
یَا مُقِیلَ الْعَثَرَاتِ أَقِلْنِی عَثْرَتِی یَا مُجِیبَ الدَّعَوَاتِ أَجِبْ دَعْوَتِی یَا سَامِعَ الْأَصْوَاتِ اسْمَعْ صَوْتِی وَ ارْحَمْنِی وَ تَجَاوَزْ عَنْ سَیِّئَاتِی وَ مَا عِنْدِی یَا ذَا الْجَلالِ وَ الْإِکْرَامِ .
[Ya Muqiləl-əsərat, əqilni əsərati! Ya Mucibəl-duavat, əcibi də-əvati! Ya Sami-əl-əsvat, ismə səuti! Vərhəmni! Və təcavəz ən səyyiəti və ma indi! Ya zəl-cəlali-vəl-ikram.]
“Ey çətinlikləri asanlaşdıran, çətinliklərimi asanlaşdır. Ey dualara cavab verən, dualarıma cavab ver! Ey səsləri eşidən, səsimi eşit! Və mənə rəhm et! Pislikləri məndən uzaqlaşdır! Ey şəni uca olan kəramət sahibi!”