|
Sonuncu peyğəmbər Həzrət Məhəmməd(s)Tarixin ən parlaq siması, tək şərqə deyil, bütün dünyaya məxsus olan İslam peyğəmbəri Muhəmməd(s) olmuşdur Şərqin dahiləri dünya mədəniyyətinin yaranıb formalaşmasında çox mühüm xidmətlər göstərmişlər. Elm və mədəniyyətin bütün önəmli sahələrində bu dahilər aydın izlər buraxmışlar. Riyaziyyat, fizika, astronomiya, ədəbiyyat, dilçilik, kimya, tarix, coğrafiya, memarlıq … Hansı elmdir ki, öz yaranmasına, yaxud inkişafına görə Şərq dühasına borclu olmasın. İbn Sina, N.Tusi, Farabi, Şeyx Tusi, Şeyx Əbduh, Xarəzmi, Molla Sədra, M.Təbatabai… Bu dahilərin adlarıını saymaqla qurtarmaq olmaz. Təəssüf doğuran haldır ki, bu gün ziyalılarımızın əksəriyyəti Qərb alimlərini Şərq mütəfəkkirlərindən daha yaxşı tanıyır. Əlbəttə ki, bu işin məsuliyyətindən mətbuatın üzərinə az düşmür. Mətbuatımızda olan bu boşluğu aradan qaldırmaq üçün ilk addımı biz atmağı qərara aldıq və qədim vahid isalm mədəniyyəti ilə geniş oxucu kütləsini tanış etmək üçün «Şəxsiyyət» səhifəsi ilə görüşünüzə gəldik. Cəsarətlə deyə bilərik ki, tarixin ən parlaq siması, əslində tək şərqə deyil, bütün dünyaya məxsus olan İslam peyğəmbəri Muhəmməd (s) olmuşdur. Ərəb qəbilələri aramsız bir-birilə müharibələrdə idi. İlin 4 ayını haram saydıqları üçün bu aylarda yarımadada qırğınlar olmurdu. İlin qalan günləri isə məskənlərdə qan dizə çıxırdı. Müharibə aparmaq, qırğınlar törətmək üçün bəhanə axtarırdılar. Karvanlara hücum edərək var-yoxlarını qarət etmək, bununlada öz rahatlıqlarını təmin etmək səhra sakinlərinin adi işi idi. Adam öldürmək, başqa qəbilənin varidatını qəsb etmək ərəb üçün böyük fəxarət sayılırdı. Əhəmiyyətsiz məsələlər üstündə qəbilələr arasında qanlı müharibələr baş verirdi. Təğləb və Bəni-Bəkr qəbilələri arasında 40 il davam edən müharibə qəbilələrdən birinin otlaq sahəsinə digər qəbilənin dəvələrinin girməsi səbəb olmuşdu. Namusuna ləkə gəlməsindən ehtiyat edən ata ərəb yeni doğulan qız balasını göz yaşları içində öz əlləri ilə torpağa basdırırdı. Ona görə ki, müharibələrdə əsir düşmüş qız uşaqlarını qalib tərəf qulluqçu kimi evlərində işlədirdilər. Səhra bədəviləri demək olar ki, hamısı bütpərəst idi. Hər qəbilənin də öz bütü var idi. 6-7-ci əsrlərdə tarixçilər Kəbə evində 300-ə yaxın bütün olmasını yazırlar. Ağaca, aya, günəşə, ulduzlara sitayiş səhra sakinləri arasında geniş yayılmışdı. 610-cu ildə ərəblər içindən bir səs ucaldı: Ey insanlar, bir olan Allaha iman gətirin! Allahdan başqa heç bir Allah yoxdur! Allahdan qorxub pis əməllərdən çəkinin! Sizə bəxş etdiyi saysız-hesabsız nemətlər üçün ona şükr edin! Qız övladlarınızı öldürməyin, sizi yaradan Allah onların da ruzisini verər. Qulları azad edin, yetimlərə zülm edib mallarını əllərindən almayın! Dilənçiləri qapınızdan qovmayın, mallarınızdan onlara ehsan edin ki, günahlardan təmizlənəsiniz! Haqdan üz döndərməyin, həqiqəti gizlətməyin, batilə dayaq durmayın! Bu səs yanlız ərəblərə deyil, bütün şərq və qərb dünyasına ünvanlanmışdır. Bu səs qaranlıqları yararaq insanların qəlbinə və ruhuna işlədi. Bu səs könüllərin illərlə gözlədiyi, həsrətin olduğu səs idi. Bu səs bəşər vicdanın səsi idi. Bu səs Muhəmmədin (s) səsi idi… Muhəmməd ibn Abdullah (s) 570-ci ildə Qureyşin rəhbəri Əbdulmuttəlibin oğlu Abdullahın ailəsində anadan olmuşdur. Abdullah Bəni-Zöhrə tayfasının başçısı Vəhəbin qızı Aminə ilə ailə həyatı qurduqdan bir neçə ay sonra ticarət səfərlərindən birində vəfat etmişdir. Həzrət peyğəmbər hələ körpə ikən Bəni-Səd qəbiləsindən olan Həlimə adlı qadının yanıda olan zaman anası dünyadan köçmüş, babası Əbdülmüttəlib onun himayəsini öz üzərinə götürmüşdür. Səkkiz yaşında ikən babası da vəfat edir və Muhəmmədi (s) əmisi Əbu Talib himayəyə götürüb. Həzrət Muhəmməd(s) heç zaman bütə sitayiş etməmişdir. Hələ uşaq ikən bir dəfə onu bütlərə and verdikdə belə demişdi: məni Lat və Üzzaya and verməyin. Çünki dünyada ən xoşuma gəlməyən şey bu iki bütdür. 25 yaşında ikən Qüreyşin varlı qadınlarından olan Xədicənin ticarət karvanına rəhbərlik etməyə başladı. Bir müddət sonra onunla evləndi. Peyğəmbərliyə yetişdiyi zaman 40 yaşında idi. Ona iman gətirən ilk şəxs əmisi oğlu Əli oldu. Qadınlar arasında isə həyat yoldaşı Xədicə ilk olaraq islamı qəbul etdi. Peyğəmbərlik dövrünün üç gizli ili başa çatdıqdan sonra «Yaxın adamlarını qorxut» ayəsi nazil oldu və Peyğəmbər(s) açıq dəvətə başladı. Açıq fəaliyyətə keçəndən sonra insanlar dəstə-dəstə onun dinin qəbul etməyə gəlirdilər. İslamın təlim etdiyi fikirlər dillərdə dolaşır, ilahi kəlamlar qəlbləri riqqətə gətirərək ağılları valeh edirdi. Quran ayələrinin təsiri o qədər güclü idi ki, müşriklər onun bir cin tərəfindən Muhəmmədə (s) təlim edilməsi fikrini yaymaqla camaatı ondan uzaqlaşdırmaq istəyirdilər. Amma «La ilahə illəllah» kəlməsinin yayılmasının qarşısını heç cür ala bilmirdilər. Bəşərin vicdanı sərin su görmüş bir susuz kimi ilahi kəlmələrə tərəf can atırdı. Hər evdən Quran sədaları ucalırdı. Muhəmmədin (s) dini insanları vahid Allaha ibadət etməyə, qardaşlığa, bir-birinə kömək etməyə, qadınlara hörmət etməyə, qullarla yaxşı davranmağa, valideynlərə ehtiram bəsləməyə, yetimlərə, kimsəsizlərə həyan durmağa, həqiqəti söyləməyə, batillə mübarizə aparmağa, ədaləti yaymağa, paklığa və xeyir-bərəkətli həyata səsləyirdi. Həzrətin səsinə səs verənlər ilk əvvəl zülm altında əzilən, cahiliyyət dövrünün əzab-əziyyətli günlərini yaşayan insanlar idi. İbn İshaqın «Sirə»sində qeyd olunduğu kimi və İbn Hişamın söylədiyinə görə, onlar əsasən 19-28 yaşları arasında olan kişi və qadınlardan ibarət idilər. İctimai nöqteyi-nəzərdən onlar aşağıdakı qruplara mənsub idilər: 1. Qəbilə quruluşu silsiləsində 2-ci və 3-cü sırada duranlar; 2. Kiçik ticarətlə məşğul olanlar; 3. Fəhlələr, muzdurlar, qullar və məzlum xalq kütlələri. Sonralar isə varlı Qureyş əyanlarından bir qismi iman gətirənlərin sıralarına qoşuldular. Qureyş müşrikləri yeni dinin yayılmasının qarşısını almaqda acizlik hiss edirdilər. Nə hədə-qorxu nə də var-dövlətlə Muhəmmədi (s) öz dəvətindən əl çəkməyə vadar edə bilmirdi.lər. Bir dəfə Qureyşin əyanları Peyğəmbəri (s) himayə edən əmisi Əbu Talibin yanına gələrək dedilər: «Qardaşın oğluna istədiyi qədər var-dövlət və qadın bağışlaya bilərik, təki, öz dəvətindən əl çəksin». Əbu Talib onların bu sifarişini Həzrətə(s) çatdırdıqda belə cavab eşitdi: «Əmi, Ayı sol əlimə Günəşi isə sağ əlimə versələr belə öz dəvətimdən əl çəkən deyiləm». Yeni iman gətirənlərə olmazın zülmlər edirdilər. Onların bədənlərini qızmar daşlarla dağlayıb, huşunu itirənə qədər döyür, qızmar səhrada ac və susuz qoymaqla əqidələrindən döndərmək istəyirdilər. Amma müşriklərin böyük təəccübünə rəğmən, yeni iman gətirənlərdən bir nəfəri belə öz əqisədindən dönmədi; əzab içində canını tapşırmaq bahasına başa gəlsə belə. Xədicə ilə Əbu Talibin vəfatı eyni ildə baş verdi. Bu il tarixdə «hüzn ili» kimi qeyd olunmuşdur. Əbu Talibin vəfatından sonra himayəsiz qalan Peyğəmbər(s) müşriklərin hədsiz təzyiqlərinə məruz qalırdı. Əgər kölgə kimi yanından ayrılmayan əmisi oğlu Əlinin qılıncına tuş gəlməkdən ehtiyat etməsəydilər, bəlkə də Peyğəmbərə (s) çoxdan sui-qəsd etmişdilər. Məkkədə yaşamağın həddən artıq dözülməz həddə çatdığını görən Peyğəmbər (s) Mədinəyə köçmək qərarına gəldi. Son dövrün Avropa və İslam alimlərinin dəqiqləşdirmələrinə görə 622-ci ilin 4 sentyabrında Peyğəmbər (s) Mədinəyə çatmışdır. (İbn Əsirin nəql etdiyinə görə Əlinin (ə) məsləhəti ilə Ömərin xilafəti dövründə məhz bu il müsəlman təqviminin ilk ili kimi təsbit olunmuşdur, ilin ilk ayı kimi isə Muhərrəm ayı qəbul olunmuşdur). Mədinə camaatı çox böyük əzəmət və sevgi ilə Peyğəmbəri (s) qarşıladıl Məhz burada Peyğəmbər (s) İslam dövlətinin əsasını qoydu. Bu dövrdən başlayaraq İslam Peyğəmbərinin (s) həyat dövrünün ikinci mərhələsi başlayır. Artıq bu mərhələdə Peyğəmbər (s) böyük qüdrət sahibi idi. Məkkəli və Mədinəli müsəlmanlar Peyğəmbərin (s) arxasında duraraq böyük bir qüvvəyə çevrilmişdilər. Böyük iqtisadi qüdrətə malik olan Mədinə, Məkkə əyanlarının nüfuz dairəsindən çıxaraq Peyğəmbərin (s) idarəsi altında idi. Hicrətin 8-ci ilində Peyğəmbər (s) 10 000 nəfərlik nəhəng bir qoşunla Məkkə üzərinə yürüş etdi, vəMəkkə müharibəsiz təslim oldu. Peyğəmbər (s) İslam bayrağını Məkkədə ucaldaraq Kəbəni bütlərdən təmizlədi. Hicrətin 10-cu ilində tarixdə mühüm bir hadisə baş verdi; bütün Ərəbistan, Şam ətrafında bəzi qəbilələr istisna olmaqla (onlar Rum imperiyasına tabe idilər) vahid İslam bayrağı altında birləşərək Muhəmmədin (s) hakimiyyətinə tabe oldular. Ərəb xalqı ilk dəfə olaraq vahid bir dövlətdə birləşdi. Məhz Peyğəmbərin (s) vasitəlsilə tarix boyu bir-birilə dava-qırğında olan ərəb qəbilələri qardaşlıq andını içərək bir-birinə möhkəm bağlandılar. Dövlətin əhatə etdiyi bütün ərazilərdə ədalətə əsaslanan qanun hökm sürürdü. Peyğəmbər (s) cahiliyyət dövrünün insanlığa yad olan bütün adət və qanunlarını məhv edərək İslamın ədalət və vicdan prinsiplərinə əsaslanan qanunlarını dövlət ərazisində təsbit etmişdi. Mənsub olduğu qəbilədən, ictimai mövqeyindən, sosial imkanlarından asılı olmayaraq bütün vətəndaşlar qanun qarşısında bərabər idilər. Problemi olan hər bir müsəlman maneəsiz olaraq dövlətin rəhbəri, yəni Peyğəmbərlə (s) görüşüb öz dərdini ona söyləyə bilir və ondan kömək alırdı. Xəzinənin bölünməsində keçmiş əyanlarla çöl ərəbi arasında heç bir fərq qoyulmurdu. Ölkə əhalisi içində ən kasıb və ehtiyaclı iki nəfər var idisə, bu da Peyğəmbər (s) özü, bir də qardaşı və xələfi olaraq elan etdiyi Əli (ə) idi. Onun təbliğ etdiyi ideologiyanın prinsiplərinə görə cəmiyyətə rəhbərlik edən şəxs o cəmiyyətdə yaşayan ən ehtiyaclı insanlar kimi yaşamalıdır ki, İlahi ədalət prinsipinə riayət olunsun. Hicrətin 10-cu ilinin Zil-Qədə ayında Muhəmməd (s) sonuncu həcc ziyarətini etdi. Bu səfər zamanı Quranın son ayələri nazil oldu. Peyğəmbər (s) ümmətinə son vəsiyyətini edərək tarixdə «Vida xutbəsi» adı ilə yadda qalmış məşhur xutbəsini oxudu və həmin il vəfat etdi. Peyğəmbərin (s) qurduğu qudrəti İslam dövləti onun vəfatından sonra daha da genişlənərək dünyanın böyük bir hissəsini əhatə etdi. O zamanlar dünyada mövcüd olan iki qüdrətli imperiya – Rum və Sasani imperiyaları kimi hegemon dövlətlər İslam dövləti qarşısında diz çökdülər. Qısa bir zamanda İslam şərqdə Çin sərhədlərindən qərbdə İspaniyaya qədər, cənubda isə Afrikanın şimalında yerləşən böyük dövlətlər də daxil olmaqla nəhənəg bir ərazini əhatə etdi. Bu gün Muhəmməd peyğəmbərin (s) ideologiyasının ardıcılları dünya əhalisinin 1 milyarddan artığını təşkil edir. İslam insanlar arasında qardaşlıq, sülh və əmin-amanlıq prinsiplərinin yayılmasını, bütün dünyada ədalətin bərqərar olunmasını təbliğ edir. Aralarında bəzi ideoloji ixtilaflar olmasına baxmayaraq, bütün müsəlmanlar özlərini vahid İslam ümməti hesab edirlər.
Hüseyn Abbasov Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Fevral, 2010 06:10 ⁄ Çap
Bu bölmədə7 Noyabr, 2024 Bu gün Xanım Zeynəbin (s.ə) mübarək mövlud günüdür14 Oktyabr, 2024 Bu gün xanım Fatimeyi-Məsumənin (s.ə) vəfat günüdür.12 Oktyabr, 2024 Bu gün İmam Həsən Əsgərinin (ə) mübarək mövlud günüdür21 Sentyabr, 2024 Bu gün əziz İslam peyğəmbəri Hz.Məhəmmədin (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövlud günüdür20 Sentyabr, 2024 Bu axşam Rəbiul-əvvəl ayının 17-si daxil olur - Günün əməlləri |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |