إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov 1 illik fəaliyyətinin yekunları ilə əlaqədar jurnalistlərlə görüşüb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İskəndərov 1 illik fəaliyyətinin yekunları ilə əlaqədar aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüş keçirib.
E.İskəndərov bildirib ki, bir il əvvəl prezident İlham Əliyev tərəfindən DQİDK sədri təyin olunmasını Azərbaycanın müstəqillik dövründə formalaşmış gənc kadrlara böyük etimad kimi qiymətləndirir: “Ötən bir il ərzində bu yüksək etimadı doğrultmağa çalışdım və bundan sonra da çalışacağam”.
Komitə sədri dövlət-din münasibətlərini tənzimləyən bir qurumun onun üçün yeni sahə olmadığını vurğulayıb: “Doğrudur, bu sahə spesifik sahədir, dövlət-din münasibətlərinin özü yeni anlayışdır. Azərbaycan həssas regionda yerləşdiyindən, bəzi dini cərəyanların nümayəndələri insanların duyğularından istifadə edərək bölgədə situasiyanı gərginləşdirməyə cəhdlər edirlər. Lakin diplomatik təcrübəm və İslam Əməkdaşlıq Təşkilatındakı yeddi illik fəaliyyətim komitə sədri kimi ciddi çətinliklərlə üzləşməməyimə yardımçı oldu”.
E.İskəndərov bir il ərzində görülən işləri də sadalayıb: “İlk bir il müvafiq sahədə yerli və beynəlxalq təcrübənin ümumiləşdirilməsinə, dini icmalarla münasibətlərin möhkəmləndirilməsinə və maarifləndirmə tədbirlərinə sərf olundu. Dövlət-din münasibətlərinə elmi yanaşma gətirdik, nüfuzlu tədqiqat təşkilatları ilə birgə dini vəziyyəti tam araşdıran bir tədqiqat həyata keçirildi, dini təşkilatları milli-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi işinə cəlb etdik, Azərbaycanda dövlət-din münasibətlərinin tarixi və bu günü ilə bağlı kompleks təqdimat paketi hazırlandı, Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə “Xütbə mövzuları vəsaiti”nin geniş yayılması istiqamətində işlər aparıldı. Keçən il Bakıda “Din-dövlət münasibətləri” mövzusunda beynəlxalq Forum keçirildi. Bundan başqa, fransız fotoqrafı Rza Deqati ilə birgə “Azərbaycan tolerantlıq məkanı” adlı layihə hazırlandı. O, iki ay bütün Azərbaycanı gəzib və tolerantlıqla bağlı çox maraqlı fotoreportaj hazırlayıb. İnşallah, yaxın vaxtlarda həmin fotoreportajdan ibarət sərginin dünyanın aparıcı mərkəzlərində təqdimatını keçirəcəyik”.
DQİDK-in dini icmalarla münasibətlərdə cəmiyyətdə zaman-zaman yaranan gərginliklərdə müdaxilə etdiyini və belə halların “çözüm mexanizmi”ni hazırladığını diqqətə çatdıran Dövlət Komitəsinin sədri qarşıda duran vəzifələri də açıqlayıb: “Qlobal çağırışlara cavab verən, milli-mənəvi dəyərləri təbliğ edən dini tədris mərkəzlərinin açılması zəruridir. Azərbaycan qanunvericiliyi ilkin dini təhsilini ölkədə almayan şəxslərin peşəkar dini fəaliyyətlə məşğul olmasına icazə vermir. Bu sahədə boşluğu doldurmaq məqsədilə xaricdə təhsil almış gənclərimiz üçün qısa müddətli kurslar təşkil oluna bilər ki, hazırda komitədə bu istiqamətdə iş aparılmaqdadır. Lakin məsələnin prinsipial həlli müvafiq qurumlarla birlikdə ölkə daxilində dini təhsilin səviyyəsinin artırılmasına nail olmaqdır. Bu prosesə həmçinin Təhsil Nazirliyi ilə birgə seçilmiş nüfuzlu xarici təhsil mərkəzləri də cəlb oluna bilər. Əgər ölkədə bədən tərbiyəsi ixtisası üzrə keçid balı 150, dini təhsilin alınması üçün isə keçid balı 100-dürsə, bu, düşünmək üçün ciddi əsaslar verir”.
E.İskəndərov deyib ki, dövlət tərəfindən ölkədə dini abidələrin təmir prosesi bundan sonra da davam edəcək: “Şamaxı Cümə məscidinin açılışında möhtərəm prezidentimiz bildirdi ki, ölkədə təmir olunmayan məscid və digər ibadət ocağı qalmayacaq. Biz də buna uyğun müvafiq təklifləri hazırlayırıq”.
Komitə sədri qeyd edib ki, dünyanın bir çox ölkələrində məscidlər dini icmalar hesabına tikilir və ya təmir olunur: “Məsələn, qonşu Türkiyədə məscid tikintisindən öncə Cami İnşa və Yaşatma Dərnəyi yaradılır, müvafiq dövlət orqanlarının razılığını aldıqdan sonra məscid tikintisinə başlanılır. Azərbaycanda isə məscid tikintisi və ya təmiri ilə əsasən imkanlı şəxslər məşğul olur. Onlar Allah rizası üçün bu işi görsələr də, məscidin gələcəyinin necə olacağını düşünmürlər. Bu isə məscidləri kimsəsiz halına gətirib çıxarır, hətta bəzi hallarda axşam saatlarından sonra məscidlərdə arzuolunmaz və tüfeyli şəxslərin peyda olması qeydə alınıb”.
E.İskəndərov Azərbaycanda məscid tikintisi üçün qanunvericiliyin tələblərini də açıqlayıb: “Əgər həqiqətən həmin ərazidə məscid tikintisinə ehtiyac varsa, qanunvericiliyə uyğun formalaşmış dini icma fəaliyyət göstərirsə və Qafqaz Müsəlmanları İdarəsi məscidə din xadimi təyin etməyə hazırdırsa, o zaman Azərbaycanın istənilən bölgəsində məscid inşa etməkdə heç bir problem olmayacaq. Bununla əlaqədar təxminən 20-yə yaxın müraciətə hazırda komitədə baxılmaqdadır”.

Daha sonra hicab qadağasından danışan komitə sədri bildirib ki , “Bəzi Avropa ölkələrindən fərqli olaraq, Azərbaycanda hicaba heç bir qadağa yoxdur”
E.İskəndərov qeyd edib ki, orta məktəblərdə vahid məktəbli formasının tətbiq edilməsi dini etiqad azadlığı ilə bağlı məsələ deyil, dövlətin dünyəvi təhsilinin prinsipidir: “Məktəb uşaqlar üçün dövlətin təmsilçisidir. Cəmiyyətdə sosial ədalətsizliyə yol verməmək üçün Azərbaycan məktəblərində vahid məktəbli formasına keçilib. Bu proses əslində yetkinlik yaşına çatmayan uşaqların dini etiqad azadlığını qoruyur. Hər bir uşağın gələcəkdə istədiyi dini və ona uyğun yaşam tərzini şüurlu şəkildə seçmək hüququ var. Eyni zamanda anlaşılandır ki, bu proses çərçivəsində az da olsa, məktəb təhsilindən kənarda qalmış balalarımız var. Onların və valideynlərinin narahatlığı anlaşılandır”.
Onun sözlərinə görə, məsələni “hicab problemi” kimi qabardan şəxslər və qruplar sözügedən ailələrin, valideyn və uşaqların yaşadıqları problemin çözülməsi məqsədini güdmür və onun sivil yolla həllinə də yardım etmirlər: “Onların amacı dini siyasiləşdirmək, dövlətlə dindarlar arasında uçurum yaratmaqdır və özlərinin siyasi məqsədlərinə nail olmaqdır. Bizə daxil olan məlumatlar da bunu təsdiqləyir”.
Komitə sədri “məktəblərdə hicaba icazə verilməməsi dindən çıxmaqdır” kimi fikirləri bolşeviksayağı yanaşma adlandırıb: “Bir qrup adam “hicaba icazə verilməməsi” bəhanəsi ilə qız övladlarımızın məktəbə buraxılmamasına çağırır, bununla övladlarımızı təhsildən yayındırır. Bu cür çağırışlar böyük əksəriyyəti dini icmalarda təmsil olunan valideynlərə yönəldiyi üçün mən həmin valideynlərə müraciət edirəm ki, övladlarının kimlərsə tərəfindən istifadə olunmasına yol verməsinlər. İslam həm də elmə əsaslanan dindir və bu dinin əsas prinsiplərindən biri təhsil almaq, oxumaq hüququdur və hətta zərurətidir. Hicabı bəhanə edərək qız övladlarını təhsildən yayındıran valideynlər bununla dinimizin də prinsipini pozurlar”.

apa

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 İyun, 2013  19:46 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!