إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Sabah Məbəs günüdür

 

Rəcəb ayının 27-sinə təsadüf edən Məbəs bayramı – Həzrət Muhəmmədin (s) peyğəmbərliyə seçildiyi gündür. Həmin günün səhər çağlarında əziz İslam Peyğəmbərinə (s) ilk vəhy nazil olub. Bu il miladi təqvimlə rəcəb ayının 27-ci gecəsi iyun ayının 6-sı şam azanından sonra başlayır və iyunun 7-si sübh azanına qədər davam edir. İyun ayının 7-si sübh azanından şam azanına qədər rəcəb ayının 27-ci günüdür. Məbəs gecəsi ilin ən fəzilətli gecələrindən, günü isə - ən fəzilətli günlərindəndir. İmam Cavaddan (ə) nəql olunur ki, bu gecənin ibadəti 60 il ibadətə bərabərdir. Məbəs bayramının əməlləri barədə müfəssəl şəkildə “Məfatihul-Cinan” kitabında məlumat əldə edə bilərsiz. Biz isə qısaca məlumat verəcəyik.

Məbəs gecəsinin əməlləri:

1. Məbəs gecəsi müstəhəbdir ki, qüsl alınsın. Bu qüsl elə “Məbəs gecəsinin qüslu” niyyəti ilə alınır.

2. Gecə yarısından sonra (təqribən gecə saat 1-də) 12 rükət namaz qılınır (6 dəfə sübh namazı kimi 2 rikətli namaz). Hər rükətdə “Fatihə” ilə yanaşı istənilən kiçik surələrdən biri oxunur. Hər iki rükətdən bir slamlardan sonra oturaq halda 7 dəfə “Fatihə”, 7 dəfə “Fələq”, 7 dəfə “Nas”, 7 dəfə “İxlas”, 7 dəfə “Kafirun”, 7 dəfə “Qədr” surələri və 7 dəfə Ayətəl-Kürsü oxunur. Namazdan sonra Allahdan hacət dilənilir.

3. Həzrət Əmirəl-möminin Əlinin (ə) ziyarəti (“Məfatihul-Cinan” kitabında bu gecə üçün xüsusi ziyarətnamə nəql olunur).

Məbəs günü:

1. “Məbəs gününün qüslu” niyyəti ilə qüsl almaq.

2. Qəzası olanlar “qəza”, qəzası olmayanlar “Məbəs gününün” orucu niyyəti ilə oruc tutur. İmam Sadiqdən (ə) nəql olunur ki, bu günün orucu 70 ilin orucuna bərabərdir.

3. Çoxlu salavat demək (“Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd”)

4. Həzrət Peyğəmbəri (s) və İmam Əlini (ə) ziyarət etmək. Uzaqdan da ziyarətnaməni oxumaq olar.

5. “Məbəs gününün namazı” niyyəti ilə 12 rükət namaz qılınır (6 dəfə sübh namazı kimi 2 rükətli namaz). Hər rükətdə Həmd və surə oxunur. 12 rükət bitdikdən sonra 4 dəfə “Fatihə”, 4 dəfə “İxlas”, 4 dəfə “Fələq” və 4 dəfə “Nas” surələri oxunur. Sonra isə 4 dəfə bu zikr oxunur:

لا اِلـهَ اِلاَّ اللهُ واللهُ اَکْبَرُ، وَسُبْحانَ اللهِ وَ الْحَمْدُ

لِلّهِ، وَ لا حَوْلَ وَلا قُوَّةَ اِلاَّ بِاللهِ الْعَلِىِّ الْعَظِیمِ

Transkripsiya: [La ilahə illəllahu vallahu əkbər. Və subhənallahi vəlhəmdu lillah. Və la həvla qüvvətə ila billahil əliyyil azım]

Tərcümə: “Allahdan başqa məbud yoxdur və Allah böyükdür. Və Allah pakdır və həmd olsun Allaha. Uca və Əzəmətli Allahdan başqa qüvvət və qüdrət yoxdur”

Daha sonra isə 4 dəfə aşağıdakı zikr deyilir:

اَللهُ اَللهُ رَبِّى لا اُشْرِکُ بِهِ شَیْئاً و چهـار مرتبـه

لا اُشْرِکُ بِرَبّى اَحَـداً

Transkripsiya: [Allahu Allahu rabbi lə uşriku bihi şəy-ən]

Tərcümə: “Allahdır Allahdır Rəbbim ki, ona heç nəyi şərik qoşmuram”

Və sonda 4 dəfə bu zikr deyilir:

لا اُشْرِکُ بِرَبّى اَحَـداً

Transkripsiya: [Lə uşriku bi rəbbi əhədən]

Tərcümə: “Tək olan Rəbbimə şərik qoşmuram”

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 İyun, 2013  12:30 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!