إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndidə səs veriblər

Azərbaycan prezidentinin seçkiləri ilə əlaqədar səsvermə başlayıb. Ölkə üzrə səhər saat 8:00-da bütün məntəqələr açılıb.

Fevralın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs veriblər.

Ahlibeyt.az  xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Azərbaycanda prezident seçkiləri ilə əlaqədar səsvermənin başlanmasını elan edərkən bildirib ki,  ümumilikdə, bu seçkilərin tarixi əhəmiyyəti çox böyükdür: Belə ki, 44 günlür müharibə və antiterror tədbirləri nəticəsində Azərbaycan ərazi bütövlüyünü təmin etdi. MSK həmin ərazilərdə 26 məntəqə yaratdı. Beləliklə, biz bu gün ilk dəfə bütöv Azərbaycanda seçkiləri keçiririk.

Qeyd edək ki, Azərbaycan Prezidenti postu uğrunda keçirilən IX rəsmi ümummilli seçkidir və prezident seçilən şəxsin səlahiyyət müddəti 7 il olacaq.

18 yaşı tamam olmuş şəxslər seçki məntəqələrinə yaxınlaşaraq səs verə bilərlər.

Ölkədə 6 milyon 478 min 623 seçici var və 6 milyon 524 min 203 seçki bülleteni çap olunub.

Azərbaycanda 125 seçki dairəsi üzrə 6 319 seçki məntəqəsi var, onların 26-sı azad olunmuş ərazilərdə yerləşdirilib.

Azərbaycan hüdudlarından kənarda 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb. Ümumilikdə ölkə hüdudlarından kənarda təxminən 22 mindən artıq seçicimiz öz səsvermə hüquqlarından istifadə edə biləcək.

2 mindən çox seçki məntəqəsində hərəkət qabiliyyəti məhdud olan seçicilərin maneəsiz hərəkəti üçün mobil panduslar quraşdırılıb. Gözdən əlil seçicilərin sərbəst şəkildə səsverməsi üçün hər bir seçki məntəqəsində Brayl əlifbası ilə tərtib olunan trafaretlərlə təmin olunub.

Bu gün hər hansı seçkiqabağı təşviqat aparmaq qadağandır.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Fevral, 2024  10:14 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!