|
Xankəndidə Azərbaycan Ordusu gənclərinin forumu keçirilib - VİDEOXankəndi şəhərində Azərbaycan Ordusu gənclərinin forumu keçirilib. Ahlibeyt.az-ın Müdafiə Nazirliyinin məlumatına istinadən xəbərinə görə, 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunan bu forumda Müdafiə, Gənclər və İdman nazirliklərinin rəsmiləri, Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrindən seçilən gənc zabit, gizir, çavuş, əsgər və kursantlar iştirak ediblər. Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani forum iştirakçılarını və qonaqları salamlayaraq, iki gün davam edən birinci forumda unudulmaz Heydər Əliyevin gənclərin fəaliyyət proqramına çevrilən tarixi nitqi barədə danışıb, Ulu Öndərlə bağlı xatirələrini bölüşüb. Ordu gənclərinə dahi liderin söylədiyi fikirlərlə müraciət edib. Ordu gənclərinin Xankəndi forumunun proqramı və reqlamenti elan edildikdən sonra fəxri qarovul dəstəsi Şuşaya sancılan, Bakıda Azadlıq meydanında, ötən il noyabrın 8-də isə Xankəndi şəhərində keçirilən hərbi paradda nümayiş etdirilən Zəfər bayrağını salona gətirib. İştirakçılar Zəfər bayrağını ayaqda, alqışlarla qarşılayıblar. Gəncliyin böyük hamisi Ulu Öndər Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni ifa olunub. Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Elçin Xəlilov Müdafiə Nazirliyinin rəhbərliyi adından forum iştirakçılarına uğurlar arzulayıb. General-mayor E.Xəlilov müdafiə naziri general-polkovnik Zakir Həsənovun Azərbaycan Ordusu gənclərinin Xankəndi forumunun iştirakçılarına təbrikini çatdırıb. Gənclər və İdman nazirinin müavini İndira Hacıyeva forum iştirakçılarını təmsil etdiyi nazirliyin rəhbərliyi adından 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edib, respublika gənclərinin mübariz dəstəsi olan ordu gənclərinin dünyanı heyrətə gətirmiş şücaət və igidliklərindən böyük iftixar hissi ilə söz açıb və Müdafiə Nazirliyinin ordu gənclərinə xüsusi diqqət və qayğı göstərdiyini, Xankəndi forumunun yüksək səviyyədə təşkil edildiyini məmnunluqla bildirib. Azərbaycan Ordusu gənclərinin Xankəndi forumu iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə müraciəti səsləndirilib. Döyüş və ictimai-siyasi hazırlıqda əldə etdikləri uğurlara, hərbi hissələrin qarşısında qoyulmuş vəzifələrin həyata keçirilməsində fərqləndiklərinə və “2 Fevral – Azərbaycan Gəncləri Günü” münasibətilə ordu gənclərindən bir qrupuna Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olunub. Forum iştirakçıları nahardan sonra Xankəndi şəhərinin mərkəzi meydanında olub, Müzəffər Ali Baş Komandanın ucaltdığı Azərbaycan Bayrağının dalğalanmasını fəxarət hissi ilə seyr edib, Xocalı və Əsgəran qalasını ziyarətdən xoş təəssüratlarla ayrılıblar.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Fevral, 2024 01:46 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |