إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına yönələn atributların yayılmasına görə cəzalar sərtləşdirilib

Azərbaycan prezidentinin dekabrın 30-da imzaladığı və yanvarın 19-da qüvvəyə minmiş qanunla Azərbaycan Cinayət Məcəlləsinə 281-1 və 284-2-ci maddələr əlavə edilib.

Ahlibeyt.az xəbər verir ki, Qanuna görə, Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında” və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunlarında dəyişikliklər edilib.

Cinayət Məcəlləsinin 281-1-ci maddəsinə əsasən, Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına yönələn atributların və ya simvolların nümayiş etdirilməsi, yayılması, nümayiş etdirmək və ya yaymaq məqsədilə hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya gəzdirilməsinə görə cinayət məsuliyyəti müəyyən edilib.

Bu əməllərə görə beş ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Həmin əməllərin xarici təşkilatlar və onların nümayəndələrinin tapşırığı ilə törədilməsi isə yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Cinayət Məcəlləsinin yeni 284-2-ci maddəsi isə müharibə vaxtı və ya döyüş şəraitində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatların yayılmasına görə cinayət məsuliyyəti nəzərdə tutur. Bu əməlləri törədənlər üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, ağır nəticələrə səbəb olduqda isə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə üzləşəcək.

Bu maddələrdə nəzərdə tutulan cinayətlərin ibtidai istintaqının aparılması Dövlət Təhlükəsizliyi Xidmətinə həvalə olunub.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Yanvar, 2024  11:19 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!