إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dövlət qurumlarında təcrübə keçmək istəyən tələbə və məzunlar üçün hazırlanan “Intern Academy 2022” layihəsinin açılışı keçirilib

Bakı Konqres Mərkəzində Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, UNICEF-in Azərbaycandakı nümayəndəliyi və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Intern Academy 2022” layihəsinin açılış tədbiri keçirilib.

Ahlibeyt.az-ın məlumatına görə, Gənclər Fondundan mətbuata verilən açıqlamada bildirilib ki, tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Fondun icraçı direktoru Fərid Cəfərov və UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Aleks Haykens, tərəfdaş dövlət qurumlarının, eləcə də gənclər təşkilatlarının nümayəndələri layihənin müxtəlif ixtisaslar üzrə təhsil alan gənclərin şəxsi və peşəkar inkişafı üçün yaratdığı imkanlar və onun gələcək inkişaf perspektivləri barədə məlumat veriblər.

Çıxış edənlər layihə iştirakçılarına uğurlar arzulayaraq “Intern Academy 2022”nin gənclərin gələcək karyeralarına böyük töhfə verəcəyinə inandıqlarını vurğulayıblar.

Sonra layihədə iştirak etmək hüququ qazanan gənclər “Intern Academy 2022” haqqında təəssürat və gözləntilərini iştirakçılarla bölüşüblər.

Qeyd edək ki, “Intern Academy 2022” layihəsinin əsas məqsədi gənclər sahəsində fəaliyyət göstərən dövlət qurumları və gənclər təşkilatlarında ixtisasları üzrə təcrübə keçməyə maraqlı olan tələbə və gənc məzunların bilik və bacarıqlarının artırılmasından, onların gələcək fəaliyyətlərinə təkan verməkdən ibarətdir.

Müsabiqəyə 870 gənc layihədə iştirak etmək məqsədilə müraciət edib. Müsahibəyə dəvət edilmiş 210 namizəd sırasından 100 gənc seçilərək təcrübə keçmək hüququ əldə edib.

İştirakçılar müxtəlif istiqamətlər üzrə təşkil edilmiş şəxsi və peşəkar inkişaf təlimlərinə cəlb olunublar.

Layihənin əsas mərhələsi olaraq növbəti həftədən etibarən gənclər yeddi dövlət müəssisəsi və altı gənclər təşkilatında təcrübəyə başlayacaq.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Noyabr, 2022  08:30 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!