|
TDT-nın IX Zirvə Görüşünün yekunlarına dair Səmərqənd Bəyannaməsi və bir sıra sənədlər imzalanıbNoyabrın 11-də Özbəkistan keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşünün yekunlarına dair Səmərqənd Bəyannaməsi imzalanıb. Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, Bəyannamədə Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçıları Türk xalqlarının ortaq tarixi, dili, mədəniyyəti, ənənələri və dəyərlərinə əsaslanan Türk Dövlətləri Təşkilatının çoxtərəfli çərçivəsində əməkdaşlığı daha da dərinləşdirmək və genişləndirmək əzmində olduqlarını təkrarlayıb, Azərbaycanın münaqişədən sonrakı bərpa, yenidənqurma və reinteqrasiya səylərinə töhfə verməyə hazırlıqlarını bir daha təsdiqləyiblər. Tərəflər ümumi maraq kəsb edən təhlükəsizlik məsələləri üzrə sıx əlaqələndirmə və əməkdaşlığı təmin etmək üçün Türk Dövlətləri Təşkilatı çərçivəsində üzv dövlətlərin hökumətləri və dövlət qurumları arasında müntəzəm olaraq təhlükəsizlik məsləhətləşmələrinin davam etdirilməsi barədə tapşırıq verib, müdafiə sənayesi və hərbi sahədə daha sıx əməkdaşlığa çağırış ediblər. Sənəddə rəqəmsal iqtisadiyyat və Dördüncü Sənaye İnqilabı sahələrində üzv dövlətlər arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb. Üzv dövlətlərin aidiyyəti qurumları müvafiq orqanlar, o cümlədən dövlət qurumları, qeyri-hökumət təşkilatları, media qurumları, elm adamları, qərar qəbul edən və rəy verən şəxslər arasında əlaqələri və koordinasiyanı gücləndirmək üçün əsasən ictimai diplomatiya, kommunikasiya və media sahələrində bir-biri ilə əməkdaşlıq etmək, eləcə də beynəlxalq sferada dezinformasiya ilə uğurla mübarizə aparmaq və geniş ictimaiyyəti dəqiq məlumatlandırmaq məqsədilə əməkdaşlıq üçün yeni imkanlar yaratmaq barədə təlimatlandırılıb. Bəyannamədə yeni yaradılmış xüsusi işçi qrupu vasitəsilə TDT çərçivəsində “e-imza” pilot layihəsinin həyata keçirilməsi, eləcə də ictimai xidmətlərin transformasiyası üzrə əməkdaşlığın davam etdirilməsi, e-xidmətlər üçün rəqəmsal platformaların yaradılması ilə bağlı üzv dövlətlərin IT üzrə məsul nazirliklərini təlimatlandırır, üzv dövlətlər arasında əməkdaşlığı genişləndirəcək Rəqəmsal İpək Yolu çərçivəsində Trans-Xəzər fiberoptik infrastrukturun, sözügedən layihənin həyata keçirilməsində IT infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı fəaliyyətlərin davam etdirilməsinin vacibliyi vurğulanıb. Dövlət və hökumət başçıları, həmçinin Zəngəzur dəhlizinin tezliklə açılması, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürücülük qabiliyyətinin artırılması, Avropa və Asiya arasında daha yaxşı nəqliyyat bağlantılarının genişləndirilməsi və nəqliyyat əlaqələrinin şaxələndirilməsinə töhfə verən “Özbəkistan-Qırğızıstan-Çin” və “Termiz-Məzar-i-Şərif-Kabil-Pişəvər” dəmir yolu xətlərinin tikintisi üçün üzv dövlətlərin səylərini dəstəkləyiblər. Eyni zamanda, Şamaxı şəhərinin 2023-cü il üçün “Türk dünyası turizm paytaxtı” elan edilməsi yüksək qiymətləndirilib. Sənəddə, habelə Türkiyə Respublikasının Bursa şəhərinin 2022-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi alqışlanıb, şəhərdə təşkil olunan fəaliyyətlərdən məmnunluq bildirilib, eləcə də Şuşanın “2023-cü il Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi yüksək qiymətləndirilib, TMİF tərəfindən 2022-ci ildə Bursada və 2023-cü ildə TÜRKSOY tərəfindən Şuşada təşkil olunacaq mədəniyyət günləri daxil olmaqla, fəaliyyətlərə dəstək ifadə edilib. Təşkilatın IX Zirvə Görüşünün iştirakçıları Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı və Türkmənistan Parlamentinin Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovu Türk dünyasının Ali Ordeni ilə təltif olunmaları münasibətilə təbrik ediblər. Daha sonra “Türk Dünyasına Baxış-2040” sənədinin həyata keçirilməsi üçün “2022-2026-cı illər üzrə Türk Dövlətləri Təşkilatı Strategiyası”, həmçinin “Türk Dünyasına Baxış-2040” sənədinin həyata keçirilməsi üçün “2022-2026-cı illər üzrə Türk Dövlətləri Təşkilatı Strategiyası” təsdiqlənib, TDT Ticarətin asanlaşdırılması strategiyası haqqında və Səmərqənd şəhərinin Türk sivilizasiyası paytaxtı elan olunması haqqında qərarlar qəbul edilib. Eyni zamanda, gömrük dəhlizlərinin yaradılmasının asanlaşdırılması ilə bağlı saziş imzalanıb. Bundan əlavə, nəqliyyat sahəsində əməkdaşlığın inkişafını nəzərdə tutan qərar da qəbul olunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Noyabr, 2022 08:52 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |