إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Noyabrın 10-u Sülh və İnkişaf Naminə Dünya Elm Günüdür

Hər il noyabrın 10-da Sülh və İnkişaf Naminə Dünya Elm Günü qeyd olunur.

Bu əlamətdar gün 2001-ci ildə UNESCO-nun Baş Konfransında 1999-cu ildə Budapeştdə keçirilmiş UNESCO-nun və Dünya Elmi Şurasının ortaq birliyi zamanı verilən öhdəliklər çərçivəsində təsis edilib. Məqsəd elmin cəmiyyətdəki rolunu və geniş ictimaiyyətin elmi məsələlərin müzakirəsində iştirakının vacibliyini, eyni zamanda, elmin gündəlik həyatda əhəmiyyətini və aktuallığını vurğulamaq, vətəndaşların elm sahəsindəki inkişafdan məlumatlı olmasını təmin etməkdir. Bununla yanaşı, insanların planetimiz haqqında anlayışını genişləndirmək və dayanıqlı inkişafda alimlərin rolunu vurğulamaqdır. Bu əlamətdar gün hökumət rəsmilərindən tutmuş mediaya, məktəb şagirdlərinə qədər hər kəsə sülh və inkişaf naminə elm mövzusu ətrafında fikir mübadiləsi aparmağa imkan yaradır.

Ahlibeyt.az-ın məlumatına görə, AZƏRTAC UNESCO-nun saytına istinadla xəbər verir ki, Sülh və İnkişaf Naminə Dünya Elm Gününün builki mövzusunda dayanıqlı inkişaf üçün fundamental elmlərin rolu vurğulanır. Builki tədbirlər, həmçinin 2022-ci il iyulun 8-dən başlamış Dayanıqlı İnkişaf üçün Beynəlxalq Fundamental Elmlər İli çərçivəsində qeyd edilir.

Dünya elminə böyük töhfələr bəxş edən dövlətlər sırasında olan Azərbaycan elm və təhsil sahəsində mühüm nailiyyətlər qazanıb. Ölkəmizdə dövlət siyasətinin əsas istiqamətlərindən biri elm və təhsil sahəsinə ardıcıl dəstək göstərilməsi, elmi-texniki potensialın qorunub saxlanılmasıdır. Yüksəkixtisaslı kadrların hazırlanması, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması istiqamətində bir sıra mühüm qərarların qəbul edilməsi aktual məsələlərdəndir. Azərbaycanın milli məhsulda elm və təhsilin çəkisini artırması, kapital resurslarının zəngin elmi bazaya, kadr potensialına yönləndirilməsi kimi mühüm addımlar atması müvafiq istiqamətdə nailiyyətlərin genişləndirilməsinə münbit şərait yaradır.

Xatırladaq ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2022-ci il 28 iyul tarixli Fərmanı ölkəmizdə yeni islahatlara yol açıb. Bu Fərman elmimizin idarəedilməsinin təşkilinin səmərəli qurulmasına geniş imkanlar yaradır. Dövlətimizin başçısının 2022-ci il 15 oktyabr tarixli Fərmanı ilə “Azərbaycan Elm Fondu” publik hüquqi şəxs yaradılıb. Məqsəd elmi fəaliyyətin inkişafının, elmin müxtəlif sahələrində aparılan elmi araşdırmaların səmərəliliyinin artırılması, o cümlədən elmi tədqiqatların stimullaşdırılmasının təmin edilməsi, bu sahədə dövlət dəstəyinin və dövlət idarəetmə mexanizmlərinin təkmilləşdirilməsidir.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Noyabr, 2022  10:00 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!