إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Tarix institunun əməkdaşları “Albaniya tarix və mədəniyyət abidələri ilə tanışlıq” layihəsi çərçivəsində Şəki-Oğuz rayonlarında elmi ezamiyyətdə olublar

“Albaniya tarix və mədəniyyət abidələri ilə tanışlıq” layihəsi çərçivəsində AMEA-nın Tarix İnstitutunun Atropatena - Albaniya (Qafqaz) tarixi şöbəsinin əməkdaşları ölkənin şimal-qərb regionunda elmi ezamiyyətdə olublar.

Ahlibeyt.az-ın AMEA saytına istinadən məlumatına görə, elmi qrup Şəki və Oğuz rayonları ərazisində olan alban dövrü abidələri ilə tanış olublar.

Səfər müddətində iki rayonun ərazisində ümumilikdə 20-yə yaxın abidəyə baxış həyata keçirilib, onların mövcud vəziyyəti ilə bağlı fikir formalaşıb. Ezamiyyətin ilk günü şöbə əməkdaşları AMEA-nın Şəki Regional Elmi mərkəzinin əməkdaşı R.Həsənovun müşaiyəti ilə Şəkinin Baş Zəyzid kəndi ərazisində yerləşən Xaçvari kilsə, Zəyzid qalası, onlara yaxın ərazisidə mövcud olan qədim qəbristanlıq ərazisi (qədim alban qəbristanlığı olduğu deyilir) ilə tanış olublar.

Qeyd olunub ki, bu abidələrin hər üçünün vəziyyəti qənaətbəxş deyil, kilsə və qala dağılma təhlükəsi ilə üz-üzədir, qəbiristanlıq ərazisi isə qorunmaq üçün sədlərə malik deyil, ətrafı zibillik əraziyə çevrilib və ərazi olaraq da ciddi tədqiqata ehtiyacı var.

Daha sonra ezamiyyətdə olan qrup Baş Küngüt məbədi, Baş Küngüt qalası və qala divarları ilə tanış olublar. Qrupun rəhbəri E.Bəkirovanın verdiyi məlumata görə bu abidələrin də qorunma vəziyyəti heç də ürəkaçan deyil.

Ezamiyyətin növbəti günü qrup Şəki şəhərinin mərkəzində yerləşən abidələrlə tanış olublar. Bunlardan Xan sarayına yaxın mövqedə yerləşən dairəvi alban məbədi, həmçinin XVIII-XIX əsrlərə aid edilən Udin kilsəsinin adını çəkmək olar.

Sonrakı gün isə alban dövrü ilə məşğul olan əməkdaşlar Şəkinin Bideyiz kəndi ərazisində yerləşən qədim alban məbədi, həmçinin Kiş məbədi ilə tanış olublar. Bideyiz kəndi ərazisində yerləşən digər alban məbədi ilə tanışlıq isə yolun əlverişli olmaması səbəbilə növbəti ezamiyyətlərə saxlanılıb.

Oğuz rayonu ərazisində isə şöbə əməkdaşları Calut məbədi (həm köhnə məbədin qalıqları, həm də sonralar inşa edilən kilsə), Qarabulaq kəndi ərazisində olan iki alban məbədi, eyni kəndin ərazisində olan qədim xristian qəbiristanlığı ilə tanış olublar. Qrup rəhbəri bu abidələrin də təyinatı, tarixləndirilməsi ilə bağlı ciddi tədqiqatlara ehtiyac olduğunu vurğulayıb.

Ezamiyyətin sonuncu günü isə əməkdaşlar Şəkinin Baş Şabalıd kəndi ərazisində yerləşən qədim alban məbədi və qəbiristanlıq ərazisi ilə tanış olublar.

Səfər Atropatena - Albaniya (Qafqaz) tarixi şöbəsinin alban dövrü ilə məşğul olan əməkdaşlarının albanların dini dünyagörüşü, dini-siyasi strukturu, müdafiə vəziyyəti ilə bağlı fikirlərinin formalaşmasına ciddi şəkildə təsir edib və onların gələcək tədqiqatlarında yeni elmi istiqamətlərin yaranmasına təkan verəcəyi şübhəsizdir.

Qeyd edək ki, bu layihə ilin sonuna qədər davam etdiriləcək və alban dövrü ilə məşğul olan əməkdaşlar ölkənin digər bölgələrində olan abidələrlə də tanış olmaq üçün ezam ediləcək.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Noyabr, 2022  08:52 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!